İki bank əmanətçinin pulunu qaytara bilmir

İradə Cavadova: “Hansısa bank depozit olaraq qoyulmuş pulu bütöv şəkildə qaytara bilmirsə, AMB buna reaksiya verməlidir”



"Bir müddətdir ki, təşkilatımıza "Bank Technique” və "Bank of Azerbaijan”la bağlı şikayətlər daxil olub”. Bu barədə "Şərq”ə vəkil İradə Cavadova bildirib. Onun sözlərinə görə, vətəndaşlar adıçəkilən banklara qoyduqları depozitləri geri ala bilmirlər:

"Bizə "Bank Technique”lə bağlı iki nəfər müraciət edib. Həmin banka onlardan biri 15 min, digəri isə 10 min manat depozit qoyub. İndi də pullarını götürmək istəyirlər. Lakin bank qaytarmır. Vətəndaşların buna dair müraciətinə bankdan bildirilib ki, həftədə bir dəfə gəlin 2 yüz manat pul verək. Mən də bizə daxil olan müraciət əsasında vəkil olaraq məsələyə dair aydınlaşdırma aparmaq məqsədilə bankın İdarə heyətinin məsul əməkdaşı Ayaz müəllimlə görüşdüm. O, pulların qaytarılması ilə bağlı bir az vaxt istədi. Sonra da bildirdi ki, bankın 15 min manatı bir dəfəyə qaytarması mümkünsüzdür və bank həmin pulları 2-3 min olmaqla, hissə-hissə qaytara bilər. Mən də izah etdim ki, vətəndaş artıq sizin banka etibar etmir. Pulunu götürmək istəyir. O da cavab verdi ki, bankın buna imkanı yoxdur və bank 5 min manatın belə qaytarılmasında çətinlik çəkir. Onda belə bir sual verdim ki, sizə külli miqdarda depozitə pul qoyulub. O zaman bu pullar hara gedib? Camaatın pulunu necə yeyə bilərsiniz? Ayaz müəllim sualımı cavablandıra bilmədi. Təəssüf ki, həmin görüşdən sonra növbəti dəfə əlaqə saxlamaq istəsəm də, o, telefonu açmadı. Babək prospektində otururlar. Gərək ora bir dəfə də gedim”.

"Bank of Azerbaijan”-ın indiki durumuna diqqət çəkən vəkil qeyd edib ki, sözügedən bankla bağlı onlara 5 nəfər müraciət edib: "Bu bankda da müəyyən hadisələr baş verdi. Təsisçisinin Londonda və eyni zamanda ölkəmizdə nəqliyyat naziri Ziya Məmmədovla məhkəmə çəkişmələri oldu. "Bank Technique”dən fərqli olaraq "Bank of Azerbaijan”-da pulun ödənməsi prosesi gedir. Amma yenə də zəifdir. Yəni bank depoziti bütöv deyil, hissə-hissə qaytarır ki, bu da depozit qoyanlara sərf etmir. Narazılıqlar da bu səbəbdən baş verir”.

İ.Cavadova onu da əlavə edib ki, sözügedən məsələyə dair Azərbaycan Mərkəzi Bankına (AMB) müraciət ünvanlasalar da, heç bir reaksiya yoxdur: "Baxın, hansısa bank depozit olaraq qoyulmuş pulu bütöv şəkildə qaytara bilmirsə, AMB buna reaksiya verməlidir. Amma təəssüf edirəm ki, AMB-dən nə reaksiya gəlir, nə məktubumuza cavab verilir, nə də ki, o bankları müflis elan edir. Bir sözlə, AMB də susur. Lakin bu, yolverilməzdir və qanuna ziddir”.

Ayyət Əhməd