“İl ərzində neftin ortalama qiyməti 30 dollardan yüksək olacaq”

“Bütün hallarda banklardakı əmanətlərin sığortalanması mümkün addımlardan biridir”



"Dövlət büdcəsinə dəyişiklik ediləcək. 2016-cı ilin dövlət büdcəsində neftin bir berelinin qiyməti 25 dollardan götürüləcək”. Bunu ANS-ə müsahibəsində Azərbaycanın maliyyə naziri Samir Şərifov bildirib. Nazirin sözlərinə görə, səbəb dünya bazarlarında neftin qiymətlərinin dəyişməsidir.

Məlumat üçün bildirək ki, 2016-cı ilin dövlət büdcəsi təsdiq edilən zaman neftin bir barelinin qiyməti 50 dollar səviyyəsində nəzərdə tutulub.

Nazirin açıqlamasına münasibət bildirən tanınmış iqtisadçı Azər Mehdiyev "Şərq”ə söyləyib ki, burada neftin orta illik qiyməti əsas götürülür: "Hətta neftin qiyməti 25 dollardan aşağı düşərsə, onun uzun müddət həmin səviyyədə qalacağını gözləmək olmaz. Bütün proseslər göstərir ki, neftin qiyməti il ərzində təqribən 30-50 dollar arasında dəyişə bilər. Bütün araşdırmalar göstərir ki, neftin qiymətinin 25 dollardan aşağı olması uzun müddət dayanıqlı ola bilməz. Tez bir zamanda qiymətlər yüksəlməyə doğru gedəcək. Və il ərzində neftin ortalama qiymətinin 30 dollardan yüksək olması gözləniləndir”.

Banka qoyulan əmanətlərin sığortalanmasına dair addımı şərh edən ekspert diqqətə çatdırıb ki, ötən il ölkədə baş verən proseslər əhalinin bank sektoruna olan etimadını sındırdı: "Əhali banklardakı əmanətlərini geri çəkməyə cəhd göstərir. Banklara vəsait qoymaq istəmirlər. Hamı vəsaiti öz evində saxlamaq istəyir. Təbii ki, bu da ölkə iqtisadiyyatı və bank sektoruna ciddi ziyan vuran prosesdir. Əhalinin əlində olan vəsaitin dövriyyədən kənarda qalması ölkədə iqtisadi fəallığı azaldan amildir. Bu baxımdan Mərkəzi Bank çalışır ki, bank sektoruna olan inamsızlığı aradan qaldırsın. Əlbəttə, banklara yatırılan əmanətlərin tam həcmdə sığortalanması buna yönəlik bir addımdır”.

"Əmanətlərin sığortalanması əmanətçilərin banklara etimadını artıracaqmı” sualına gəlincə, müsahibimiz bəyan edib ki, bu, gözlənilən deyil: "Ona görə ki, əlavə stimullaşdırıcı addımlar atılmalıdır. Lakin bütün hallarda banklardakı əmanətlərin sığortalanması mümkün addımlardan biridir və hökumət buna gedir”.

Ayyət Əhməd