İlahiyyatçılar son qərarı dəstəkləyir

Bölgələrdə də vəhdət namazına ciddi ehtiyac var



"Müvəqqəti olaraq Heydər məscidinə sünni təriqəti üzrə Hafiz Abbasov imam, şiə təriqəti üzrə isə Rüfət Qarayev axund təyin olunub”.

Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini, Heydər məscidinin imamı Hacı Sabir Həsənli deyib. İmam bildirib ki, QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə tərəfindən təyin olunan hər şəxs Bakı İslam Universitetinin məzunudur: "Hər iki din xadiminə məsciddə gündəlik ibadətlərin edilməsi, moizələrin oxunması və digər işlərin müvəqqəti icrası tapşırılıb. Cümə günləri qılınacaq vəhdət namazlarına isə bölgələrdən qazıların cəlb olunması barədə qərar vermişik. Şeyxülislamla bu barədə söhbət apardıq və qərar verdik ki, hər cümə bir bölgədən vəhdət namazlara rəhbərlik etmək üçün bir qazı cəlb olunsun”. Məlumat üçün deyək ki, "Heydər məscid”i Qafqazın ən böyük məscidi hesab olunur.

Vəhdət namazının qılınmasına münasibət bildirən ilahiyyatçı Hacı Atif İsmayılov "Şərq”ə deyib ki, bir çox müsəlman ölkələrində xarici qüvvələr sünni və şiə təriqəti adından istifadə edərək müsəlmanları üz-üzə qoyurlar.

Amma Azərbaycanda iki fərqli məzhəbin mənsubları eyni məsciddə namaz qılır: "Bu, çox gözəl, nümunəvi addımdır. İki ənənəvi təriqətin biri-biri ilə mehriban yaxınlaşması milli-mənəvi dəyərlərimizin sabitliyini və sağlamlığını göstərir. Halbuki qısa zaman öncə biz Azərbaycanda məzhəb qarşıdurması ilə rastlaşırdıq. Təəssüflər olsun ki, cəmiyyəti parçalamağa çalışan xarici qüvvələr bundan istifadə edirlər. Həftənin hər cümə günü iki məzhəbi özündə birləşdirən vəhdət namazlarının təşkil olunması çox müsbət hadisədir. Biz ilahiyyatçılar bunu dəstəkləyirik. Ümid edirik ki, bu xoş addım daimi olacaq”. İlahiyyatçıya görə, bunun gündəlik namazlara da tətbiq edilməsi çox yaxşı olar: "Bu ənənəni bir yox, bir neçə məsciddə reallaşdırmaq lazımdır. Xüsusən, təkcə paytaxt Bakıda yox, bölgələrdə, rayonlarda da sünni və şiə məzhəblərinin mənsublarının iştirakı ilə vəhdət namazına ciddi ehtiyac var. Nəzərə almaq lazımdır ki, bir sıra rayonlarda radikal ünsürlər meydana çıxıb. Həmin qruplar hansısa bir məscidi ələ keçirir və digər möminləri ora buraxmırlar. Ona görə bölgələrdə də bu addımı atmaq vacibdir və fikrimcə, müsbət effekti olar”.

İsmayıl