İlk başdan şəffaflığa şübhələr vardı

“Əvvəl adını “sosial evlər” qoymuşdular, sonradan məlum oldu ki, güzəştli mənzillərdir”
“Birinci mərhələdə müəyyən qism insanlar mənzil əldə ediblər. Şübhəsiz ki, təkrar prosesdə bu insanların bəziləri yenidən ev əldə edə bilməyəcəklər və onların hüquqları pozulacaq”



Mayın 7-də Mənzil İnşaatı Dövlət Agentliyinin (MIDA) birinci layihəsi olan Yasamal Yaşayış Kompleksində ilk satış prosesinin mənzil seçimi mərhələsində "Elektron hökumət” portalına istifadəçi daxilolmalarının və aparılan əməliyyatların sayı kütləvi xarakter daşıdığına görə portal artıq yüklənməyə məruz qalıb. Bəzi vətəndaşların elektron imzadan istifadədə texniki çətinliklərlə üzləşməsi nəticəsində güzəştlə mənzil əldə etmək hüququ olan əksər şəxslərin sistemə daxil olmasında problemlər yaşanıb. Yaranan texniki nasazlıqlar səbəbindən elektron imzalanma proseduru və mənzil seçimi prosesinin ardıcıllığı pozulub.

Mənzillərin seçimi mərhələsində baş vermiş texniki problemlərin yaranma səbəblərinin araşdırılması və aradan qaldırılması məqsədilə Mənzil İnşaatı Dövlət Agentliyində müvafiq Komissiya yaradılıb.
Komissiya tərəfindən aparılan araşdırma nəticəsində, texniki səhvlərin mövcudluğunun ilk satış zamanı sistemin istifadəçilərinin mənzil seçimi imkanlarının qeyri-bərabər olmasına gətirib çıxarıb.
Qeyd edilən texniki nasazlıqlar nəticəsində "Güzəştli mənzil” sisteminin istifadəçilərinin seçim imkanlarının qeyri-bərabərliyi bu elektron sistemin əsas iş prinsiplərinə zidd olduğunu nəzərə alaraq, 07.05.2018-ci il tarixində keçirilmiş mənzil seçimi mərhələsinin nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edilib.

Agentliyin sərəncamında olan mənzillərin güzəştli satışının ədalətli, şəffaf və bərabər şəraitdə keçirilməsini təmin etmək məqsədilə Yasamal Yaşayış Kompleksinin 1, 2, 3 və 4 nömrəli binalarında yerləşən 260 mənzilin seçimi yenidən təşkil olunacaq. Mənzil seçiminin yenidən təşkil olunacağı tarix barədə sonradan məlumat veriləcək.

Sosial evlərin seçiminin yenidən təşkil olunmasını müsbət dəyərləndirən ekspertlər hesab edir ki, mənzillərin satışı səriştəsizlərə tapşırıldığı üçün bu cür xoşagəlməz mənzərə yarandı. Onların fikrincə, mənzillərin seçilməsi zamanı əsas şəffaflıq və hesabatlıq təmin olunmalı, ictimai nəzarət mexanizmləri işlənilməlidir. Əks halda ən mükəmməl seçim meyarları da sonda əhəmiyyətini itirə bilər.
İqtisadçı-ekspert Samir Əliyevin sözlərinə görə, Mənzil İnşaatı üzrə Dövlət Agentliyinin (MİDA) bu layihəsi əvvəldən nəzərdən tutulduğu kimi alınmadı: "Mənzillərin satışı ilə bağlı çox ciddi etirazlar oldu və bunun səbəbi prosesdəki şəffaflığa şübhələrlə bağlı idi. Əvvəl adını "sosial evlər” qoymuşdular, sonradan məlum oldu ki, güzəştli mənzillərdir. Bu, hər bir halda "sosial evlər” fəlsəfəsindən uzaq idi. Layihənin daha çox insanın iştirakı ilə həyata keçirilməsi çox vacib idi”.

S.Əliyev satışla bağlı nəticələrin ləğv olunmasını hər bir halda təqdirəlayiq hal hesab edir: "Umid edirəm ki, növbəti dəfə belə neqativ şeylər olmayacaq”.

Ekspert maraqlı bir məqama da diqqət çəkib: "Birinci mərhələdə müəyyən qism insanlar mənzil əldə ediblər. Şübhəsiz ki, təkrar prosesdə bu insanların bəziləri yenidən ev əldə edə bilməyəcəklər və onların hüquqları pozulacaq. Ona görə də bu həssas məsələdə bütün tərəflərin maraqları nəzərə alınmalıdır”.
Hüquq müdafiəçisi Əliməmməd Nuriyevin sözlərinə görə, Mənzil İnşaatı üzrə Dövlət Agentliyi yeni yaradılan qurum olduğundan həyata keçirdiyi işlər çox ciddi, əhəmiyyətli sosial proqramdır və onun fəaliyyəti cəmiyyətin diqqət mərkəzindədir. Ona görə bu məsələdə ictimai nəzarətin təmin olunması, vətəndaş cəmiyyəti institutları ilə bərabər medianın, ziyalıların da prosesə cəlb olunması çox yaxşı olardı.

Prezident İlham Əliyevin inauqurasiya mərasimində, eləcə də başqa çıxışlarında ictimai nəzarət məsələsini prioritet elan etdiyini qeyd edən Ə.Nuriyev hesab edir ki, bu, dövlət qurumlarının fəaliyyətində şəffaflığın təmin olunması istiqamətində mühüm bir addımdır: "Təşkilat olaraq biz də bu prosesdə aktiv iştirak edirik. Sosial mənzillərin satılması zamanı da ictimai nəzarətin təmin olunmasına töhfəmizi verə bilərik”.

Şəymən