“Dediklərim kimlərinsə xoşuna gəlməyəcək, amma hesab edirəm ki, daxili imkanlar hesabına ölkədə bir çox məhsulların, xüsusən benzinin qiymətini aşağı salmaq mümkündür”
“İlk növbədə monopoliya yaradan insanlar sıradan çıxarılmalıdır”
Tahir Kərimli: “Ən böyük qənaəti məmur və oliqarxlar etməlidir”
“Dediklərim kimlərinsə xoşuna gəlməyəcək, amma hesab edirəm ki, daxili imkanlar hesabına ölkədə bir çox məhsulların, xüsusən benzinin qiymətini aşağı salmaq mümkündür”
“Dediklərim kimlərinsə xoşuna gəlməyəcək, amma hesab edirəm ki, daxili imkanlar hesabına ölkədə bir çox məhsulların, xüsusən benzinin qiymətini aşağı salmaq mümkündür”
"Bir müddətdir ki, ixtisarlar aparılır, yüzlərlə işçi, fəhlə çörəksiz qalır. Qoy, indi də məmurlar işsiz qalsın, dünya dağılmaz ki?”
"Amanın günüdür, nə olur-olsun, təki sabitlik pozulmasın. Çünki sabitlik pozularsa, heç bir iqtisadi islahat nəticə verməz və ölkə daha pis duruma düşər”.
Bu sözləri ölkədəki mövcud durumla və həyata keçirilən islahatlarla bağlı "Şərq”ə müsahibə verən millət vəkili, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib. Partiya rəhbərinin sözlərinə görə, təklif verən hər bir şəxs düşünməlidir ki, onun təklifi ölkənin yaxşılığına, yoxsa pisliyinə xidmət edir. Əgər onların təklifi ölkəni uçuruma aparacaqsa, radikal şəkildə hər şeyi dağıdıb tökəcəksə, buna qətiyyən yol vermək olmaz.
- Tahir bəy, sizinlə əlaqə saxladığımız zaman köməkçiniz Milli Məclisdə vətəndaşları qəbul etdiyinizi söylədi. Bilmək olarmı müraciət edənlərin əsas problemləri, istəkləri nə idi?
- Bu saat camaatın əsas problemi işsizlik və süni bahalaşmadır. Həmçinin, vətəndaşlar maaşların və müavinətlərin azlığından şikayət edirlər. Düzdür, cənab Prezidentin Sərəncamı ilə əmək haqları artırıldı. Ancaq islahatları davam etdirmək zəruridir. Çünki məhsullar yüz faiz bahalaşıb. İnsanlar bizdən xahiş edirlər ki, bu məsələləri parlamentdə qaldıraq. Həqiqətən xalqın güzəranı çox çətindir. Bunun gizlədiləsi yanı yoxdur. Bəlkə dediklərim kimlərinsə xoşuna gəlməyəcək, amma hesab edirəm ki, daxili imkanlar hesabına ölkədə bir çox məhsulların, xüsusən benzinin qiymətini aşağı salmaq mümkündür.
- Millət vəkili və siyasi partiya rəhbəri kimi indiki vəziyyətdən çıxış planlarınız, təklifləriniz nədir?
- Yaxın və uzaq perspektivdə bir sıra mühüm layihələri həyata keçirmək lazımdır. İlk növbədə məmur oliqarxiyasının qarşısı alınmalıdır. Nə yolla olursa-olsun, bunu etmək lazımdır. Qanunda nəzərdə tutulmayan biznes fəaliyyəti ilə məşğul olaraq monopoliya yaradan insanlar sıradan çıxarılmalıdır. Qanunsuz mənimsənilən bütün vəsaitlər dövlət büdcəsinə geri qaytarılmalıdır. Nəinki vəsait, eyni zamanda bütün daşınan və daşınmaz əmlaklar, mülklər də müsadirə olunmalıdır. Məsələn, deyək ki, kimsə həddindən artıq zəngindir. Mütləq onun fəaliyyəti yoxlanmalı və dövlətə vergi ödəyib-ödəmədiyi aşkarlanmalıdır. Hər oliqarx-məmur gəlirinin ortalama 20 faizini dövlətə keçirməlidir. İnhisarçılığın, məmur özbaşınalığının qarşısının alınmasının başqa yolu yoxdur. Eyni zamanda gömrükdə rüsum ləğv edilməlidir. İnsanlar sərbəst şəkildə idxal və ixrac əməliyyatlarını aparmalıdır. Mən inanıram ki, əgər sərbəstlik verilsə, yaxın aylarda ölkəyə çoxlu ucuz məhsullar daxil olacaq. Azərbaycan xalqının ticarət qabiliyyəti bunu deməyə imkan verir. Həmçinin, 10 min dollardan aşağı bütün kreditlər əvvəlki məzənnə ilə ödənilməlidir. Hökumətin də buna meyli var. Fikrimcə, Prezident yanında İctimai Şura yaradılmalıdır. Buna uyğun olaraq da yerli idarəetmə orqanlarında həmin şuralar təşkil olunmalıdır. Şuralara icazə verilməlidir ki, onlar yerli orqanların işlərinə nəzarət etsinlər və üzləşdikləri bürokratik əngəllərlə, rüşvət halları ilə bağlı Prezidentə məlumat versinlər. Hökumət yanında İslahat Komissiyası yaradılmalı və birinci islahat hökumətin özündə başlamalıdır, ixtisarlar getməlidir. Çünki qənaət rejimi sadəcə xalq üçün deyil. Ən böyük qənaəti məmur və oliqarxlar etməlidir. Korrupsiyaya qarşı mübarizə də çox ciddi şəkildə aparılmalıdır. Siyasi partiyaları da islahatlara cəlb etmək lazımdır. Onların da təklifləri dinlənilməli, ən azı İctimai Şuralarda təmsil olunmalarına icazə verilməlidir.
- Ən çox tənqid olunan sahə kənd təsərrüfatıdır. Aqrar sahənin inkişafı ilə bağlı hansı islahatları həyata keçirmək olar?
- Təcili olaraq aqrar sektora maliyyə yardımı ayrılmalıdır. Milli Bank kənd təsərrüfatı ilə məşğul olanlara, sahibkarlara maddi vəsait verməlidir. Xaricdə olan ehtiyat valyutamızın 3-5 milyardını ölkəyə gətirib sahibkarlara paylamaq lazımdır. Bununla yanaşı, 5 il müddətinə onları vergidən azad etməliyik. Xüsusən orta təbəqəni möhkəmlətmək üçün əlimizdən gələni etməliyik ki, aşağı təbəqə iş yerləri ilə təmin olunsun. Sovet dövründə Azərbaycanın dövlət büdcəsinin 40 faizdən çoxunu təşkil edən üzümçülük, şərabçılıq, pambıqçılıq və tərəvəzçilik bərpa olunmalı, inkişaf etdirilməlidir. İri kənd təsərrüfatı koperativlərinin yaradılması öz-özünə başa gəlməyəcək. Dövlətin müdaxiləsi vacibdir. İqtisadiyyatın idarə olunmasında dövlətin rolunu artırmaq lazımdır.
- Oxşar qurumların birləşdirilməsi və lazımsız strukturların ləğv olunması haqda fikirləriniz nədir? Bu islahat müsbət tərəfi ilə yanaşı, mənfi amillərə də səbəb ola bilərmi?
- Bir sıra qurumların ləğvi işsizlər ordusunun yaranmasına səbəb olacaq. Onsuz da bir müddətdir ki, ixtisarlar aparılır, yüzlərlə işçi, fəhlə çörəksiz qalır. Qoy, indi də məmurlar işsiz qalsın, dünya dağılmaz ki? Etiraf etmək lazımdır ki, Azərbaycanda çox paralel fəaliyyət göstərən strukturlar var. Onların büdcədən maliyyələşməsi vəziyyəti daha da ağırlaşdırır. Bunu cənab Prezident də bəyan edib və paralel strukturların aradan qaldırılmasının zəruri olduğunu söyləyib. Şəxsən mənim fikrimcə, ən azı 50 faiz miqyasında hökumət aparatı, dövlət qurumları ləğv edilməlidir.
Çalışmaq lazımdır ki, cəmiyyətimizi idarəetmə sahəsindən daha çox istehsal sahəsinə yönəldək. Açıq danışaq, elə qurumlar var ki, orada çalışan 80 faiz insan boş-boş oturub kompüterdə oyun oynayırlar. Heç bir işlə məşğul olmurlar. İnsanları havayı maaş almaq və ancaq pensiya gözləmək xasiyyətindən uzaqlaşdırmaq lazımdır. Bir sözlə, camaata balıq vermək yox, balıq tutmağı öyrətməliyik.
- Yəqin ki, son günlər məmur yaxınlarının ölkədə və xaricdə sahib olduqları sərvət, mal-mülk haqqında gedən müzakirələrdən xəbərdarsız. Məmur özbaşınalığı və külli mənimsəmələrlə bağlı hansı addımları atmalıyıq?
- Çox təəssüflər olsun ki, bizdə monopoliyanın, məmur özbaşınalığının, oliqarxiyanın tarixi keçmişə gedib çıxır. Ancaq bunun cəmiyyətdə kök salmasına imkan vermək olmaz. Dövlətlərin çoxu vəhşi kapitalizm dövründən keçiblər və artıq fərqli mərhələyə qədəm qoyublar. Bizdə də monopoliyanın qarşısını almaq üçün Sinqapur və Şimali Avropa dövlətlərinə xas olan modelləri reallaşdırmaq istəyirlər. Hansı üsul olursa-olsun, fərqi yoxdur, əsas odur ki, məmur hökmranlığına birdəfəlik son qoyulsun və dövlətimiz sarsılmasın. İndi elə vəziyyət yaranıb ki, yüksək məmurların özləri bir sıra sahələrə nəzarət edirlər. Onlar sahib olduqları mətbuat vasitəsi ilə ictimai rəyə təsir edirlər. Yaxud kimlərsə haqqında əks tədbirlər görür və xoşlamadıqları şəxslərin qara piyarını aparırlar. Buna son qoymaq lazımdır.
- Neftin qiymətinin düşməsi ölkə iqtisadiyyatına çox mənfi təsir göstərdi...
- Etiraf etmək lazımdır ki, biz neftin ucuzlaşması prosesinə hazır olmamışıq. Neft böhranı bizi qəflətən yaxaladı və çox çətin vəziyyətə saldı. Yenə deyirəm, xaricdəki valyuta ehtiyatlarımızı ölkəyə gətirməliyik. Onsuz da devalvasiya o pulları yeyəcək. Təsəvvür edirsizmi, indiyə kimi Azərbaycanın 18 milyard dollar vəsaiti mənimsənilib. Onsuz da bu pullar gedib. Ən azından sonrakı proseslərə nəzarət etmək lazımdır. Yaranmış valyuta problemini kompensasiya etmək üçün təklif edirəm ki, Dünya Bankının təklifi qəbul olunsun. Dünya Bankı bizə kredit ayırmağa hazırdır. Əgər xarici valyuta ölkəyə daxil olarsa, şübhəsiz, manatın da məzənnəsi qalxar və pulumuz möhkəmlənər. Hətta lazım gəlsə, Ümumdünya Ticarət Təşkilatına da daxil olmalıyıq. Buna kimi getmək lazımdır.
- Xaricdən borc almağı siyasi və iqtisadi asılılıq kimi görənlər nə qədər haqlıdır?
- Dünya Bankı, Avropa Bankı, Asiya Bankı Azərbaycana kreditlər verməyə hazırdır. Əlbəttə, bu vəsait bizim xarici borcumuzu artıracaq. Amma mən düşünürəm ki, xarici borcun artmasından qorxmaq lazım deyil. Bəzi ölkələrdə Ümumi Daxili Məhsulun böyük hissəsini xarici borclarla ödəyirlər. Ona görə də Dünya Bankının təklifini qəbul etmək lazımdır. Təbii ki, borc məsələsi dövlət üçün bir az çətindir. Ancaq buna məcburuq.
- Milli Məclisin fövqəladə iclasına insanların ümidi böyük idi. Millət vəkili kimi orada alınan qərarlardan razı qaldınızmı?
- Biz gözləyirdik ki, Milli Bank, heç olmasa, 10 min dollar olmasa da, 5 min dollardan aşağı kreditlərin əvvəlki məzənnə ilə ödənilməsi qərarını versin. Çünki bir çox dövlətlərdə bu cür addımlar atılıb. Düzdür, bizdə Konstitusiya Məhkəməsinin qərarı əvvəlki məzənnə ilə borcların qaytarılmasını çətinləşdirir. Ancaq inanıram ki, dövlət rəhbərliyinin iradəsi ilə bu məsələ öz müsbət həllini tapa bilər. Hətta yeri gəlsə, bankları məcbur etmək lazımdır ki, onlar əvvəlki kursla ödəmələri tələb etsinlər. Hər bir bankın öz Müşahidə Şurası var. Onlar müstəqil daxili qərarlar ala bilərlər. Təəssüflər olsun ki, sonuncu iclasda buna nail ola bilmədik. Amma ümidimizi üzmürük. Hesab edirik ki, yaxın günlərdə ciddi qərarlar alınacaq. Fikrimcə, biz məmurların deyil, birbaşa xalqın tələblərini nəzərə almalıyıq.
İsmayıl