İmamoğlu qazandı və söz verdi

"İstanbul sakinlərini daha heç kəs aldada bilməyəcək"
Ekspertlər hesab edir ki, CHP namizədinin qalibiyyəti Türkiyə siyasətinə də təsir edəcək


Türkiyədə ötən bazar günü İstanbul bələdiyyə sədrliyinə təkrar seçkilər keçirilib. Ali Seçki Komissiyasının sədri Sadi Güvənin seçkinin yekun nəticələri ilə bağlı açıqlamasına görə, CHP-nin namizədi Əkrəm İmamoğlu 54 faiz səslə, 44 faiz səs toplayan Binali Yıldırıma qalib gəlib. Onun sözlərinə görə, seçkidə seçici fəallığı 84.5 faizə bərabər olub: "Cümə günü saat 17:00-dan etibarən mahal seçki qurumlarına etirazlar qəbul ediləcək. Bundan sonra ASK-ya 3 gün ərzində etirazlar çatdırıla bilər. Seçki nəticələrinin ölkəmizə xeyirli olmasını arzu edirəm”.

İmamoğlu Dalan rekordunu qırdı - Ərdoğanı iki dəfə üstələdi

İyunun 23-də keçirilən İstanbul şəhər bələdiyyəsi seçkisi yalnız demokratiyanın gücləndirilməsi baxımından əhəmiyyətli olmayıb. Seçki eyni zamanda 1984-cü ildə qeydə alınan rekordu da yeniləyib. "Millət” koalisiyasının İstanbul şəhər bələdiyyəsinə namizədi Əkrəm İmamoğlu əldə etdiyi nəticə ilə son 35 ildə qırılmayan Bədrəddin Dalan rekordunu qırıb. Prezident Rəcəb Tayyib Ərdoğanın 1994-cü ildə aldığı 25,2 faiz seçici səsini isə ikiyə qatlayıb. Məlumat üçün bildirək ki, 1984-cü ildə Bədrəddin Dalan 49,7 faiz səslə bələdiyyə sədri seçilib.

Ərdoğan seçkinin nəticəsindən danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tvitter hesabında seçkiyə münasibət bildirib. Dövlət başçısı növbədənkənar keçirilən seçkilərin nəticələrinin İstanbul üçün xeyirli olmasını arzulayıb: "Milli iradə bu gün bir daha özünü göstərdi. Qeyri-rəsmi nəticələrə görə, seçkidə qalib gələn Əkrəm İmamoğlunu təbrik edirəm”.

"Əkrəm İmamoğlunu təbrik edirəm" - Binali Yıldırım

Seçkilərin nəticələri ilə bağlı qadağanın ləğv edilməsindən sonra açıqlama verən İstanbul bələdiyyə başqanı vəzifəsinə namizədi Binali Yıldırım rəqibini təbrik edib. Yıldırım İmamoğluna işlərində köməklik göstərəcəyini də bildirib: "Qadağa ləğv edildi. Seçkilərdə rəqibin Əkrəm İmamoğlu irəlidədir. Onu təbrik edir, uğurlar arzulayıram. Əkrəm İmamoğlu dostumuza İstanbula gözəl xidmət etməsini arzu edirəm. Demokratiyanın qüsursuz işlədiyi ortaya qoyuldu. Dəqiq nəticələr sonradan açıqlanacaq. Nəticələrin İstanbula xeyirli olmasını arzu edirəm”.

İmamoğlu: "İstanbulda qanun və ədalət hökmranlıq edəcək”

İstanbul bələdiyyəsinin yeni seçilmiş sədri Əkrəm İmamoğlu seçiciləri ilə görüşdə bir sıra mesajlar verib. İmamoğlu İstanbulda qanun və ədalətin hökmranlıq edəcəyini söyləyib: "İstanbulda insanlar arasındakı qütbləşməni Cümhuriyyət Xalq Partiyası aradan qaldıracaq və onları birləşdirəcək. Mən İstanbul sakinlərinə söz verirəm ki, onları heç kəs aldada bilməyəcək və hər şey onların rifahı naminə ediləcək”. İmamoğlu Ərdoğana da müraciət edib: "16 milyon əhalisi olan İstanbulun hazırkı vəziyyəti ilə əlaqədar Ərdoğanla birgə çalışmağa hazıram. Mövzumuz 16 milyon insanın ehtiyacı və İstanbuldur. Mən İstanbul üçün Sizinlə birgə işləməyə hazıram. Mandatımı alıb, işə başlamaq arzusundayam. Və yol xəritəmizi hazırlamaq üçün Sizə müraciət edirəm. Vətəndaşlarımız siyasi mübahisələrdən, münaqişələrdən bezib. Xidmət, istehsal və çarə yolunu gözləyir”.

Baxçalı onun qələbəsindən danışdı: Yeni bir seçki...

MHP başqanı Dövlət Baxçalı isə bildirib ki, Türkiyə artıq əsas gündəmə qayıtmalı, seçki prosesi bağlanmalıdır: "Yeni bir seçkinin Türkiyə üçün heç də yaxşı olmayacağı düşüncəsindəyəm”.

İstanbul seçkisində nəticələrə kürdlər təsir edib - Təməlli

Xalqların Demokratik Partiyasının (HDP) nümayəndəsi Sezai Təməlli bildirib ki, İstanbul seçkisində nəticələrin müəyyən edilməsində HDP-nin rolu olub: "Partiyamız tərəfsiz siyasətini qoruyaraq seçkini bir demokratiya mübarizəsinə çevirməklə, bütün xalqların ümidi olub. Qütbləşmə siyasətindən yana deyilik, seçki strategiyamız və taktikamız dəyişməzdir”.

Seçkidən dərhal sonra: Gül və Babacan partiya qurur

İstanbul bələdiyyə seçkisindən sonra türkiyəli məşhur jurnalist Fəhmi Koru eks-prezident Abdullah Gülün yeni partiya quracağını və bu partiyanın başında Türkiyənin keçmiş xarici işlər və iqtisadiyyat naziri olan Əli Babacanın dayanacağını bildirib. Qeyd edək ki, artıq bir neçə aydır Gül və Babacanın birgə yeni partiya quracağı ilə bağlı iddialar ortaya çıxıb. Abdullah Gül və Babacan AKP-nin əsas qurucularından sayılırlar.

Davudoğlunun adamı: Kartlar yenidən paylanacaq

AKP-dən olan keçmiş deputat Səlcuq Özdağ da bildirib ki, İstanbuldan sonra AKP digər bölgələrdə də mövqelərini itirəcək: "Son seçki sayəsində Türkiyə düşərgələrə, qütblərə ayrılmağı təklif edən siyasəti rədd etdi. Bu seçimin nəticələri İstanbulla kifayətlənməyəcək. Başqa siyasi yansımaları da olacaq”. O, son seçkinin artıq Ərdoğanın siyasətinin vətəndaşlar tərəfindən dəstəklənmədiyini deyib. Özdağ bundan sonra Türkiyə siyasətində kartların yenidən paylanılacağını və yeni siyasətçilərin ortaya çıxacağını söyləyib.

Dilək İmamoğlu: "Ön planda olmaq istəməyən qadınam”

Əkrəm İmamoğlunun həyat yoldaşı Dilək İmamoğlu həyat yoldaşının uğurunun sirrini belə izah edib: "Onun uğuru səbirli, təmkinli və həmişə planlı olmasındadır. Mən həyat yoldaşıma dəstək və ya ilham verən qadın ola bilərəm, amma ön planda olmaq istəməyən qadınam. 

Təhsilimi ailə qurandan sonra da davam etdirdim. İlk övladımız Səlim doğulanda universitetə qəbul olundum. Magistr təhsili alanda ikinci övladıma hamilə idim və sonra təhsilə fasilə verdim. Üçüncü övladımız Bərən doğulanda isə gördüm ki, artıq doktoranturada oxuyuram. 23 illik evlilik həyatıma 3 övlad, universitet, MBA və doktoranturanı sığdırmışam”.

"Artıq mühüm şəhərlər AKP-nin əlində deyil”

Seçkinin nəticələrini "Şərq”ə dəyərləndirən Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı deyib ki, İstanbul bələdiyyə başqanlığına təkrar keçirilən seçkidə CHP namizədi Əkrəm İmamoğlunun qalib gəlməsi hakim AKP üçün arzuolunmazdır. Ekspert bildirib ki, müəyyən göstəricilər AKP-nin lehinə olsa da, ümumilikdə hakim partiya simvolik məna daşıyan üç böyük şəhəri - Ankara, İzmir və İstanbulu itirmiş oldu: 

"İzmirdə onsuz da müxaliflər hər zaman qalib olublar. Uzun müddət AKP-nin əlində olan paytaxt Ankara da 31 mart bələdiyyə seçkisində əldən çıxdı. Düzdür, bələdiyyə sədri Mansur Yavaş klassik CHP-li deyil və milliyətçilərdən qoparaq ana müxalifət partiyasına keçib. Amma hər halda artıq mühüm şəhərlər AKP-nin əlində deyil. Məlumdur ki, Əkrəm İmamoğlu 31 mart seçkisində qalib gələrək mandatını almışdı. Hətta 18 gün vəzifəsini də icra etmişdi. Lakin seçkinin ləğv olunaraq mandatının geri alınması İmamoğlunun reytinqinə müsbət mənada təsir etmiş, proseslər lehinə işləmişdi. Çünki seçkinin ləğvi CHP namizədinin haqqının yeyilməsi kimi dəyərləndirilirdi. Əgər ona ümumiyyətlə mandat verilməsəydi, bəlkə AKP-nin növbəti seçkidə şansı olardı. Ancaq mandatın verilməsi, daha sonra isə geri alınması İmamoğlunun seçilmə şansını artırdı”.

"İstanbul seçkisində CHP-nin namizədi daha dinamik və enerjili idi”

Analitikə görə, İstanbul və Ankara kimi şəhərlərdə enerjili namizədlərin qələbə qazanmaq imkanı daha çox olur: "Bu şəhərlərin seçiciləri dinamikdir. Başda prezident olmaqla, bütün nazirlərin dəstəklədiyi namizəd enerjili deyilsə, onun şansı avtomatik olaraq zəifləyir. İstanbul seçkisində CHP-nin namizədi daha dinamik və enerjili idi. Bunun müqabilində AKP-nin irəli sürdüyü şəxs yorğun və istəksiz adam təsiri bağışlayırdı. O baxımdan 23 iyun seçkisinin nəticələri çoxları üçün sürpriz olmadı. Amma aradakı fərq bəziləri üçün gözlənilməz ola bilər. Çünki İmamoğlu böyük səs fərqi ilə qələbə qazandı”.

"CHP bələdiyyələri ilə bağlı mənzərə o qədər də müsbət deyildi”

Politoloqun fikrincə, bu nəticə Türkiyə siyasətinə də təsir edəcək: "İndiyə qədər müşahidə olunan hal odur ki, yerli seçkilərdə üstünlük əldə edən partiyalar sonrakı ümumi seçkilərdə də müəyyən uğur qazana bilir. Şübhəsiz, burada ən ciddi məqam CHP-li namizədin sosial problemləri necə həll edəcəyi ilə bağlıdır. Türkiyədə bələdiyyələrin səlahiyyətləri çox genişdir. Şəhər əhalisinin demək olar ki, bütün ehtiyaclarını bələdiyyələr qarşılayır. 

Bu baxımdan CHP-nin bələdiyyə sahəsində necə fəaliyyət göstərəcəyi diqqətlə izləniləcək. CHP bələdiyyələri ilə bağlı mənzərə o qədər də müsbət deyildi. Belə bir fikir var idi ki, "CHP-li bələdiyyələr tənbəldir və çox işləmirlər”. Əgər ana müxalifət mənfi imici dəyişdirə bilsə, gələcək siyasi karyerasına çox müsbət təsir göstərəcək. Lakin uğursuzluğa düçar olsa, hakim AKP bu fürsəti əldən buraxmayacaq. Yəni həlledici məsələ bələdiyyəni udmaq yox, bacarıqla idarə etməkdir”.

İsmayıl