“20-30 il keçdikdən sonra əsəb xəstəliklərindən əziyyət çəkənlərlə bağlı biz çox ciddi rəqəmlər alacağıq”
İmtahandan kəsilənlər...
Onlar həm də intiharın bir addımlığındadır
“20-30 il keçdikdən sonra əsəb xəstəliklərindən əziyyət çəkənlərlə bağlı biz çox ciddi rəqəmlər alacağıq”
“20-30 il keçdikdən sonra əsəb xəstəliklərindən əziyyət çəkənlərlə bağlı biz çox ciddi rəqəmlər alacağıq”
Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin I kurs tələbəsi Qasımova Rumiyyə Elşən qızının intiharı ilə bağlı yeni təfərrüatlar məlum olub. Qızın universitetdə yaxşı oxumadığı, iki imtahandan kəsilməsi və ailəsi tərəfindən basqı olması haqqında informasiyalar yayılıb.
Sumqayıt Dövlət Universitetindən də intihar edən tələbə ilə bağlı məlumat yayılıb və bildirilib ki, həmin tələbə həqiqətən də hadisədən bir gün öncə cari sessiyada ikinci imtahanını verib, lakin lazımi qədər hazırlaşmadığı üçün nəticəsi qənaətbəxş olmayıb. Rumiyyənin ailəsi isə onun haqqında yayılan informasiyaları inkar edib. Qızın pis oxumadığını iddia edən yaxınlarının dediyinə görə, Sumqayıt Dövlət Universitetində rektorluqdan məlumat gəlib ki, tələbələrdən imtahanlara görə pul yığılsın. Rumiyyənin ailəsinin isə vəziyyəti o qədər də yaxşı deyil. Saray qəsəbəsində 1 sotluq ərazidə anası göyərti əkməklə məşğuldur. Atası isə tikintidə usta işləyir. İki il əvvəl ayağından kəsici alətlə ciddi xəsarət aldığından işləyə bilmir. Anası yığdığı göyərtiləri satmaqla qızının təhsil haqqını ödəməyə çalışıb. 1600 manatlıq təhsil haqqının 1000 manatını ailəsi, 600 manatını isə qohumları ödəyib: "Atasının onu danlaması barədə xəbərlər də yalandır. Onların heç xəbərləri olmayıb. Atası deyib ki, iş tapar, təhsil haqqını ödəyər. Amma həmin gün imtahandan yenidən kəsilməsi ilə bağlı xəbəri eşidəndən sonra evə gəlməyib, heç kimə demədən dənizə gedib, intihar edib”. Rumiyyənin atası Elşən Qasımovun sözlərinə görə, qızı birinci imtahandan kəsiləndə bunun pul ilə bağlı olduğunu deyib: "Birinci imtahandan kəsildi. Evə gəldi, dedi ki, pul söhbətidir, pul verilməsə, kredit təhsil haqqının üstünə gələcək. İkinci imtahanı yanvarın 9-da idi, dedi ki, çalışıb onu verəcək. Mən də dedim ki, o biriləri ver, kəsiri düzəldərik. Birinci imtahan ingilis dilindən, ikinci isə Azərbaycan dilindən idi. Səhər mən işə, o, imtahana getdi, 6-ya qədər evə gələrdi, həmin gün telefonu özü ilə aparmamışdı, evdə qalmışdı. Mənə saat 5-də evdən zəng etdilər ki, qız gəlməyib. İşdən çıxıb Universitetin əsas korpusuna getdim. Dedilər ki, onlar 5-də gediblər. Tələbə yoldaşları ilə əlaqə saxladıq. Məlum oldu ki, 24 tələbə imtahandan kəsilib. Rumiyyə isə çox pis olub, ağlayıb ki, "mən evə nə üzlə gedəcəm”. Sonra qrup yoldaşları ilə dayanacağa qədər bir gəliblər və orada ayrılıblar”.
Bütün şəhəri gəzsə də, qızını tapa bilmədiyini deyən E.Qasımov 21:00-da 102-ə zəng edib və Polis İdarəsindən onu ərizə yazmaq üçün çağırıblar: "1-ci polis bölməsindən mənə zəng etdilər, gedib ərizəmi yazdım, qızın şəklini verəndə zəng etdilər ki, Trovmatologiyaya gəl. Gedib gördüm ki, meyit morqdadır, oradan götürüb gəldim. Qızımı dəniz qırağında tapıblar. Axtarış şöbəsinin rəisi deyib ki, özü çıxardıb. Sumkasında bütün hər şey yerində idi, tələbə biletini də ayrı yerdən balıqçı tapıb verib”. E.Qasımov bildirib ki, imtahanlara görə pul istənildiyi tələbələrə çoxdan deyilib: "Evdə ağzından qaçırtmışdı ki, 200 manat istənilir. Tam şəkildə deyə bilməmişdi. Dedim ki, o biri imtahanları ver, kəsir olanı düzəldərik. Qızımın ölümü ilə bağlı yazılan bütün informasiyalardan xəbərim var. Bununla bağlı lazımi yerlərə, Təhsil Nazirliyinə də şikayət edəcəm”.
Qeyd edək ki, imtahandan zəif nəticə göstərən abituriyentlərin, kəsilən tələbələrin intihara əl atmasının ilk dəfə şahidi olmuruq və qabaqlayıcı tədbirlər görülmədiyi təqdirdə son da olmayacaq.
Psixoloq Dəyanət Rzayevin sözlərinə görə, gənclərin bir çoxu imtahan öncəsi həyəcan, zəif nəticə göstərdikdən sonra isə sarsıntı yaşamadıqları halda, əsasən valideynləri, qohumları onu təlaşa salırlar: "İmtahan stressi ən çox qəbul imtahanlarına hazırlaşan uşaqlarda olur. Təsəvvür edin ki, uşaq səhər saat 8-dən müəllim yanına gedib, gecə saat 10-12-yə qədər dərslə məşğul olur. Uşaqdan soruşanda ki, niyə bu dərəcədə instituta daxil olmaq istəyirsən, deyir ki, valideynlərim istəyir. O, müəllimlərin, valideynlərin, qohumların qarşısında məsuliyyət hiss edir. Ali məktəbə daxil olduqdan sonra da yenə valideynlərinin təzyiqi ilə oxuyur. Sonda da imtahandan kəsilən uşaq intihar edəndə və ya hər hansı bir psixoloji problemlər ortaya çıxdığında, ailələr peşman olurlar”.
Psixoloq hesab edir ki, məhz bu cür yanlış davranışlara görə ölkədə nevroz xəstəliyindən əziyyət çəkənlərin sayı ildən-ilə çoxalır: "Hamı elə düşünür ki, gənclər institutu bitirəndən sonra bununla da stress də yoxa çıxır. Əslində bu tam əksinədir. 20-30 il keçdikdən sonra əsəb xəstəliklərindən əziyyət çəkənlərlə bağlı biz çox ciddi rəqəmlər alacağıq. Sonra da sual verirlər ki, nevrozlar niyə artır? Təbii ki, artacaq”.
Bir çox valideynlərin imtahanqabağı uşaqlara münasibətinin dəyişmədiyini vurğulayan psixoloq valideynlərə uşaqlarına təzyiq etməməyi tövsiyə edib: "Bəzən elə hallar da olur ki, uşağı universitetə qəbul olmayan, semestr imtahanlarını verə bilməyən valideynlər qohumlar arasında biabır olduqlarını deyirlər. Niyə biabır olmusan? Rüşvətmi almısan, adammı öldürmüsən? Bu heç düzgün yanaşma deyil”.
Sosioloq Əhməd Qəşəmoğlu isə deyib ki, indiyə qədər iqtisadi və siyasi sahələrə o qədər diqqət ayırmışıq ki, milli-mənəvi məsələlər nəzərdən qaçıb: "Bu səbəbdən ortaya çoxlu problemlər çıxıb. Ailədaxili zorakılıq və qətllər yüksələn statistika ilə gedir. Bu gərgin mühitdə böyüyən uşaq təbii ki, normal psixologiyaya malik olmayacaq. Azərbaycan cəmiyyətində ali məktəbin "prestiji” böyükdür. Gənclər gələcəklərinin xilasını yalnız ali məktəb bitirməkdə görürlər. Amma başqa cəmiyyətlərdə gənclər düşünmür ki, institut yoxdursa, intihar etməliyəm. O gənclər ali məktəbə qəbul ola bilməyəndə peşə öyrənirlər, gələcəyini bu cür qururlar. Burda həm psixoloji, həm də sosioloji faktorlar böyük rol oynayır. Sosial faktorlar odur ki, hazırda cəmiyyətimizdə hökm sürən xaotik durum gənclərə mənfi təsir edir. Gənclər öz gələcəklərini aydın təsəvvür edə bilmirlər. Valideynin "ali məktəbə daxil olmalısan”, "bütün imtahanlardan "əla” almalısan” tələbi isə hər uşağa bir cür təsir edir. Psixoloji durumunda problem olan gənc bunu intiharla nəticələndirir. Yenə hamısı gəlib mənim dəfələrlə qeyd etdiyim problemə dirənir. Bu problem cəmiyyətin mənəvi dəyərlərə diqqətinin az olmasıdır. Təkcə gənclərin imtahan stressi ilə etdikləri intiharlar yox, ailədaxili qətllər də bu problemin getdikcə qabardığını sübut edir”.
Şəymən