"Ali məktəbə qəbul sistemi abituriyentləri və valideynləri istismar edir!”
Elçin Əfəndi: "Bu qədər fənn üzrə imtahan götürmək abituriyentlər üçün tam istismardır”
Dövlət İmtahan Mərkəzinin XI illik təhsil pilləsi üzrə martın 9-da keçirdiyi buraxılış imtahanından narazılıqlar getdikcə artır. İmtahan nəticələri rəsmi açıqlanmasa da, zatən şagird – ali məktəblərə qəbul imtahanına hazırlaşan abituriyent neçı suala düzgün cavab yazdığını, nə qədər bal toplayacağını təxmini bilir.
Təxminlər də azacıq fərqlə doğru çıxır. Orta məktəb müəllimləri də imtahan suallarının çətin olduğunu, mürəkkəb tərtib edildiyini bildirir. Qeyd edirlər ki buraxılış imtahanına salınan test tapşırıqları arasında YÖS imtahanlarının sualları, hətta Rusiyanın tədris proqramından da suallar salınıbmış, halbuki həmin dərsliklərdən istifadıə etməyə orta məktəblərdə icazə verilmir. Builki buraxılış imtahanları çətinliyinə görə qəbul imtahanlarını da geridə qoyub.
Təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi “Sherg.az”a açıqlamasında qeyd etdi ki, ali təhsil müəssisələrinə qəbul qaydaları və imtahan formatı dəyişməlidir. Dünyanın heç bir ölkəsində ixtisas qrupları yoxdur və bu qədər fəndən imtahan götürülmür. Bu istismardı. Həm şagirdi, həm də valideyni:
- 6-7 fənn üzrə hazırlaşan bir abituriyent məktəb təhsili ilə kifayətlənmir və təhsili kənarda axtarır. Bu zaman isə ailə büdcəsi 1 fənn üzrə ən azı 70-80, bəzən isə ən çoxu 100-200, hətta 250-300 AZN xərc çəkməli olur. 6 fənn üzrə bir ailə aylıq 400 manatdan 1500 manatadək hazırlıqlara pul tökür. Bu istismar deyilsə nədir? Dövlət pulsuz təhsil verir, əziyyət çəkib təhsili məktəbə qaytarsınlar.
Mütəxəssis bildirdi ki vahid qəbul qaydası işlənib hazırlanmalı, dünyanın qabaqcıl ölkələrinin təhsil sistemi və imtahan qaydalarından nümunə götürülməlidir:
- Bu gün yalnız məktəb təhsili ilə kifayətlənən məktəb şagirdləri Dövlət İmtahan Mərkəzinin keçirdiyi buraxılış imtahanlarında 0-50 arası da bal toplaya bilmirlər. 50-300 bal aralığında nəticə göstərən şagirdlər təhsil mərkəzlərinin, kursların, repetitorların nəticəsidir. Fənlərin sayı minimallaşdırılmalıdır. 2-3 fənn üzrə qəbul aparılmalıdır. Qəbul bir dəfə keçirilməlidir. Nəticələr də ən geci 10-15 gün ərzində elan olunmalıdır. Martdan başlayan proses sentyabr ayında güclə başa çatır.