İnam Kərimov fəaliyyətə çevik başladı

Nazirin hollandiyalı köməkçi götürməsi alqışlandı
“Kənd təsərrüfatının inkişaf etdiyi ölkələrin təcrübəsindən istifadə olunmalıdır”


Kənd təsərrüfatı naziri İnam Kərimov holland mütəxəssis Martis van Splanteri özünə eksperimental pilot layihələr üzrə məsləhətçi təyin edib. APA-nın məlumatında bildirilir ki, Martis van Splanter 1964-cü ildə Niderlandda, Drontendə fermer ailəsində anadan olub. 1984-1988-ci illər arası "Kənd təsərrüfatı və aqrobiznes” ixtisası üzrə bakalavr, daha sonra isə magistr dərəcəsinə yiyələnib.

Aqrar siyasət planlaşdırılması, əkinçilik, heyvandarlıq və istixana şəraitində tərəvəz yetişdiriciliyi sahəsində hökumət təşkilatları, inkişaf bankları (FMO daxil olmaqla) və özəl sahədə layihələr üzərində ixtisaslaşıb.

Rusiya, Almaniya, Avstriyanın müxtəlif bölgələrində bir sıra iri layihələrin tərəfdaş və meneceri olub.
İnam Kərimov kənd təsərrüfatı naziri təyin olunduqdan sonra bir sıra özəllikləri ilə gündəmə gəlməyi bacarıb. Bir müddət əvvəl qucağında buzov tutan yeni nazirin fotoları sosial şəbəkədə də yayıldı. İndi isə İ.Kərimov hollandiyalı mütəxəssisi özünə məsləhətçi təyin etməklə diqqət çəkib. Yeni təyinata qıyqacı baxanlar, bunu "köhnə kəndə təzə nırx qoymağ”a bənzədənlər, "məgər özümüzdə mütəxəssis qıtdı ki, Hollandiyadan bura mütəxəssis gəlir?!” deyib yeni təyinata ağız büzənlər də var.
Eyni zamanda yeni nazirin fəaliyyətə çevik başladığını, gənc kadr kimi ümidverici olduğunu deyənlər də var.

"Şərq”ə açıqlamasında Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov yeni kənd təsərrüfatı nazirindən gözləntilərin böyük olduğunu dedi:

- İnam Kərimov cavan kadrdır. Cənab Prezident tərəfindən bu vəzifəyə təyin edilib. Xarici ölkə mütəxəssisini özünə məsləhətçi təyin edirsə, deməli, belə məsləhət olub. Xaricdən mütəxəssis təyin edilirsə, deməli, nəsə bir yenilik gözlənilir. Gözləyək, görək necə olacaq. Hər halda yeniliklərin müsbət olacağına ümid edirik.

V.Əhmədov xarici ölkə mütəxəssisinin Azərbaycana dəvət edilməsində qeyri-adi bir hal olmadığını deməklə yanaşı, ölkəmizdə kənd təsərrüfatı sahəsi üzrə ixtisaslı kadrların olduğunu da bildirdi:

- Bizim özümüzdə kifayət qədər mütəxəssis var. Bundan başqa, kənd təsərrüfatı sahəsində məlum İsrail təcrübəsi mövcuddur. İstər suvarma texnikasında, istərsə də meyvə-tərəvəz yetişdirilməsi sahəsində. İsrail təcrübəsi dünyada qəbul olunmuş təcrübədir. Görək hollandiyalı mütəxəssis hansı yenilikləri tətbiq edəcək.

"Kənd təsərrüfatının inkişaf etdiyi ölkələrin təcrübəsindən istifadə olunmaqla Azərbaycanda bu sahədə yeniliklər tətbiq etmək mümkündür”. Bunu isə "Sherg.az”a Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti, kənd təsərrüfatı sahəsi üzrə mütəxəssis Qadir Bayramlı deyib. Onun fikrincə, kənd təsərrüfatı nazirinin kənardan mütəxəssislər, məsləhətçilər cəlb etməsi sayəsində effektiv nəticə əldə etmək olar: "Eyni zamanda kənd təsərrüfatı idarəçiliyinin Azərbaycanda təkmilləşməsinə ehtiyac var. Ölkəmizdə bu sahədə yetişən kadrların dünya təcrübəsini daha yaxşı mənimsəməsi üçün xarici universitetlərdə təhsil almalıdırlar. Paralel olaraq, mütəxəssislərimiz təcrübə keçərlərsə, nəticələr daha yaxşı olar. Ona görə, kənd təsərrüfatı çoxistiqamətli yanaşma tələb edir. Bu sahədə dönüş yaratmaq üçün son vaxtlar ciddi tədbirlər görülür. Həm idarəçiliyin təkmilləşdirilməsi, həm də təcrübə və biliklərin yüksəldilməsi istiqamətində addımlar atılır. Hesab edirəm ki, nazirin xarici mütəxəssisləri cəlb etməsi ilə bərabər, kənd təsərrüfatı üzrə təhsil alan şəxslərin xarici ölkələrə göndərilməsi xeyli irəliləyişə səbəb ola bilər”.

Məlahət Rzayeva