İnam Kərimovun özünə hollandiyalı məsləhətçi təyin etməsi ALQIŞLANDI





"Kənd təsərrüfatının inkişaf etdiyi ölkələrin təcrübəsindən istifadə olunmaqla Azərbaycanda bu sahədə yeniliklər tətbiq etmək mümkündür”.

Bunu "Sherg.az”a Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti, kənd təsərrüfatı sahəsi üzrə mütəxəssis Qadir Bayramlı kənd təsərrüfatı naziri İnam Kərimovun holland mütəxəssis Martis van Splanteri özünə məsləhətçi təyin etməsinə münasibət bildirirəkən deyib.

Onun fikrincə, kənd təsərrüfatı nazirinin kənardan mütəxəssislər, məsləhətçilər cəlb etməsi sayəsində effektiv nəticə əldə etmək olar:

"Eyni zamanda kənd təsərrüfatı idarəçiliyinin Azərbaycanda təkmilləşməsinə ehtiyac var. Ölkəmizdə bu sahədə yetişən kadrların dünya təcrübəsini daha yaxşı mənimsəməsi üçün xarici universitetlərdə təhsil almalıdırlar. Paralel olaraq, mütəxəssislərimiz təcrübə keçərlərsə, nəticələr daha yaxşı olar. Ona görə, kənd təsərrüfatı çoxistiqamətli yanaşma tələb edir. Bu sahədə dönüş yaratmaq üçün son vaxtlar ciddi tədbirlər görülür. Həm idarəçiliyin təkmilləşdirilməsi, həm də təcrübə və biliklərin yüksəldilməsi istiqamətində addımlar atılır. Hesab edirəm ki, nazirin xarici mütəxəssisləri cəlb etməsi ilə bərabər, kənd təsərrüfatı üzrə təhsil alan şəxslərin xarici ölkələrə göndərilməsi xeyli irəliləyişə səbəb ola bilər”.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub. Nazir İnam Kərimov holland mütəxəssis Martis van Splanteri özünə eksperimental pilot layihələr üzrə məsləhətçi təyin edib.
Bildirilir ki, Martis van Splanter 1964-cü ildə Niderlandda, Drontendə fermer ailəsində anadan olub. 1984-1988 illər arası "Kənd təsərrüfatı və aqrobiznes” ixtisası üzrə bakalavr daha sonra isə magistr dərəcəsinə yiyələnib. Aqrar siyasət planlaşdırılması, əkinçilik, heyvandarlıq və istixana şəraitində tərəvəz yetişdiriciliyi sahəsində hökumət təşkilatları, inkişaf bankları (FMO daxil olmaqla) və özəl sahədə layihələr üzərində ixtisaslaşıb. O, Rusiya, Almaniya, Avstriyanın müxtəlif bölgələrində bir sıra iri layihələrin tərəfdaş və meneceri olub.

Aysel Aslan