“İndi böyük dəyişikliklər dövrüdür”

Zahid Oruc: “Məmurlar bilməlidir ki, cəmiyyətin onlara elə də böyük sevgisi yoxdur”
“Aksiya keçirənlər sərxoş olmuş dələduzlardır” deməklə problem ortadan qalxmayacaq”


"Hökumətin içində axsayan və struktur kimi millətin həyatından kənarda qalan qurumları ləğv etməliyik. Eyni zamanda məmurların sayını azaltmalı, bunun əsasında yeni iş yerləri açmalıyıq”


"Mən fərd olaraq xüsusi fərqlənmək xəstəliyinə tutulmamışam. İstər parlamentdə, istərsə də media orqanlarında hər zaman mühüm məsələlərə fərdi münasibətimi bildirmişəm”. Bunu ölkədə baş verən proseslərlə və yaranmış iqtisadi çətinliklərlə bağlı "Şərq”ə danışan millət vəkili Zahid Oruc deyib. Deputat bildirib ki, spesifik məqamlarda, həyati məsələlərdə prosesin normal məcrada inkişafına təsir etmək lazımdır: "Amma yenə təkrar edirəm ki, bu ölkədə yeganə birləşdirici şəxsiyyət İlham Əliyevdir. İcra hakimləri də, parlament üzvləri də bilməlidir ki, bəzi məsələlər dövlət rəhbərliyi səviyyəsinə çıxmadan yerindəcə həll olunmalıdır. Elə Prezident müşavirədəki çıxışında yerli orqanlara, dövlət məmurlarına ciddi mesajı məhz bu məqsədlə verdi. Belə olan təqdirdə hər birimiz sevərək, inanaraq cənab Prezidentimizin yanında olmalı, onu dəstəkləməliyik. Bütün məmurlar bilməlidir ki, cəmiyyətin onlara elə də böyük sevgisi yoxdur. Parlament üzvləri hansısa böyük bir ictimai etibarla seçilmir, fərqlənmir. Bu, heç kimə sirr deyil. YAP-ın yerli strukturları olmasa, ən mənəm-mənəm şəxsi belə deputat seçdirmək mümkün deyil. Ancaq istənilən halda deputat mandatı daşıyan şəxslər seçildikləri yerdə insanlarla yaxın ünsiyyətdə ola, onların problemləri ilə maraqlana bilər. Təbii ki, deputat yola qrabil tökən, məktəbə odun verən şəxs deyil. Amma bu işlərin görülməsinə vasitəçi ola bilər, yaxşı bir elçi rolunda çıxış edər. 2050-ci ilin deputatı təbii ki, ayrı tələblərlə işləyəcək, ayrı qayğılarla yaşayacaq. Onun missiyaları xeyli fərqlənəcək. Amma bu gün "mən ayrı hakimiyyət qolunun adamıyam deyib” problemləri kənardan izləmək qəbuledilməzdir. Əgər mənim mətbuatda dediklərim hansısa işlərin faydasınadırsa, buna yalnız sevinə bilərik”.

Millət vəkilinin sözlərinə görə, Prezident son müşavirədə əslində etiraz edən sıravi vətəndaşlardan və bizim kimi deputatlardan daha sərt danışıb: "Kiminsə özünü ütülü paltarlarda, bəzəkli qalstuklarda cəmiyyətə təqdim etməsi onları digər insanlardan fərqləndirmir. Əslində onların buna ixtiyarı da yoxdur. Mənim mətbuatda söylədiyim fikirlər çoxları tərəfindən qeyri-adi qarşılana bilər. Bu, başadüşüləndir. Zatən ötən illər ərzində biz hər zaman dövlətimiz üçün zəruri olan məsələləri önə çəkmişik. Amma əqidəmiz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır və bu yol bizim tərəfimizdən 24 ildir ki, seçilib. Neçə gündür, Prezidentimizin çıxışının müxtəlif tezisləri mediada müzakirə olunur və haqlı olaraq hökumətin üzərinə qoyulmuş tapşırıqların çox sürətli və effektli bir qaydada yerinə yetirilməsi tələb olunur. Hamı bundan nəticə çıxarmalıdır. Ulu öndər həyatının son günlərində hökumət təmsilçilərini yanına çağıraraq, onlarla öz şəxsi problemləri barəsində deyil, məhz xalqın dərdlərindən danışırdı. Nazirlərə fərqli tapşırıqlar verir, ictimailəşməmiş məsələlərə görə mətbuatı qınayırdı. Deməli, istənilən dövlət qərarları alınanda nazirlər, məmurlar, deputatlar bölgələrə insanların ayağına getməlidir, əhaliyə hökumətin planlarından danışmalıdırlar”. Z.Oruc deyib ki, adamların qeyri-müəyyənliyin, panikanın, şayiələrin təsirinə düşməsinə yol verilməməlidir: "Uzun illər ərzində vətəndaşlarda yaranmış nikbinliyin, quruculuq əhval-ruhiyyəsinin saxlanmasına çalışmaq lazımdır. Etiraz edən şəxslərin hansısa müxalifət partiyalarının təsiri, ya da öz şəxsi təşəbbüsləri ilə küçələrə çıxması heç nəyi dəyişmir. Görünənə deyil, səbəb və nəticəyə baxmaq lazımdır. Önəmli olan insanların qaldırdığı tələblər və təkliflərdir. Dövlət məmurları vətəndaşlarla ünsiyyət qurmağı bacarmalıdır. "Aksiya keçirənlər sərxoş olmuş dələduzlardır” deməklə problem ortadan qalxmayacaq. Əksinə, bu cür münasibət vəziyyəti daha da gərginləşdirəcək. Hökuməti efirə çıxarmaqla, daha fəal müzakirələr aparmaqla, məmurları yerlərdə mütəmadi görüşlər keçirməyə məcbur etməklə mövcud problemləri nisbətən aradan qaldırmaq olar. Bu həm də insanlarda daxili rahatlıq yaradar. Bu ölkədə neftdən qiymətli əmin-amanlığımız, sabitliyimiz var. Biz hər zaman cənab Prezidentin siyasi komandasının üzvləri kimi onun siyasi iradəsinə güvənmişik, etimad etmişik. İndi dövr böyük dəyişikliklər dövrüdür. Hökumətin içində axsayan və struktur kimi millətin həyatından kənarda qalan qurumları ləğv etməliyik. Eyni zamanda məmurların sayını azaltmalı, bunun əsasında yeni iş yerləri açmalıyıq. Artıq yeni dəyişiklik mərhələsini hər birimiz görməkdəyik”. Parlamentari vurğulayıb ki, dövlət qurumlarının rəhbərləri mütəmadi olaraq Avropanın qabaqcıl təcrübəsini əxz etmək üçün dövlət xətti ilə xarici ölkələrə göndərilir: "Amma onlar xaricdən "barokko” üslublu binaları, yol qırağı velosiped yollarını, pasportlanmış ağacları deyil, tamamilə başqa şeyləri əxz edib geri dönürlər. Dəyişməliyik, hamımız həmrəy olmalıyıq. Anlamalıyıq ki, dövlətimizin, müstəqilliyimizin qiyməti heç vaxt devalvasiyaya uğramayacaq. Çünki onun qiyməti çox bahadır”.

İsmayıl