“Düşmən yaranmış vəziyyətdən istifadə edərək, Azərbaycan tərəfini təşvişə salmağa çalışır”
Ötən gün erməni silahlı qüvvələri Füzuli rayonunun Qorqan kəndi istiqamətində mülki vətəndaşlarımızı atəşə tulublar. Kənd sakinləri taxıl sahəsində təsərrüfat işləri ilə məşğul olarkən atıcı silahların atəşinə məruz qalıblar. Düşmən tərəfin qeyri-insani hərəkətinə münasibət bildirən Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev mülki sakinlərin hədəf seçilməsini kəskin şəkildə pisləyib və hadisəni Ermənistanın növbəti təxribatı kimi qiymətləndirib:
"Təyinatına, ölçülərinə və xarici görünüşünə görə, əkin sahəsində fəaliyyət göstərən kombaynı ayırd etmək çox asandır. Lakin, aydın şəkildə görünür ki, Ermənistan silahlı qüvvələrinin məqsədi sözügedən mülki obyektə qarşı hədəflənmiş hücum aktı olub.
Ermənistan tərəfindən təxribat məqsədilə qəsdən mülki insanların, o cümlədən azyaşlı uşaqların və mülki obyektlərin hədəfə alınması sistematik xarakter daşıyır. Son hadisə də bir daha göstərir ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni mövcudluğunu davam etdirməsinə əsaslanan status-kvo qəbuledilməzdir”.
Ekspertlərin fikrincə, himayədarlarının yardımı ilə Azərbaycanın torpaqlarını işğal edən Ermənistan zəbt etdiyi ərazilərdə istədiyi kimi davranır. İşğal altında olan ərazilərdən təmas xəttindəki rayon sakinlərinin hədəf alınması da bu özbaşınalığın tərkib hissəsidir.
Politoloq Sədrəddin Soltan "Şərq”ə açıqlamasında bu cür hadisələrin dəfələrlə baş verdiyini deyib. Onun sözlərinə görə, ermənilər işğal altında saxladıqları ərazilərimizdə və Ermənistan-Azərbaycan sərhədində əvvəllər də belə əməllər törədiblər:
"İndi əkin-biçinin qızğın vaxtıdır. Düşmən yaranmış vəziyyətdən istifadə edərək, Azərbaycan tərəfini təşvişə salmağa çalışır. Qeyd edim ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin dəyişməsi də buna az təsir etmir. Ermənistanda hakimiyyətə gələn yeni qüvvələr özlərini həm himayədarlarına, həm də ölkə əhalisinə göstərməyə çalışır. 2016-cı ilin aprel döyüşündən sonra məyus, ümidsiz vəziyyətə düşən Ermənistan əhalisinə bu yolla süni nəfəs verirlər. Əslində, Nikol Paşinyan hökumətinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı proqramı yoxdur. O da özündən əvvəlkilərin çaldığı bayatını oxumaqla məşğuldur”.
İsmayıl