İnformasiya qanununa dəyişiklik faydalı olacaq

“Ciddi və etibarlı mənbələrlə işləyən media quruluşlarının yeri xeyli möhkəmlənəcək”



Bu günlərdə Prezident İlham Əliyevin sərəncamı ilə "Kütləvi informasiya vasitələri haqqında” qanuna dəyişiklik edilib. Yeni sərəncam kütləvi informasiya vasitələrinin məsuliyyətini daha da artıracaq.

Bir sözlə, artıq bundan sonra xəbər siyasətini yalan, şayiələr üzərində quran KİV-ləri ciddi cəza gözləyir. Addımı dəyərləndirən "Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev "Şərq”ə açıqlamasında qeyd edib ki, bu, çoxdan gözlənilən qərardır: "Biz Mətbuat Şurasının idarə heyətində də bu məsələni müzakirə etmişik. Zaman-zaman ayrı-ayrı baş redaktorlar da çıxışlarında bunun zəruriliyini vurğulayıblar. Nə yaxşı ki, Prezident bu təşəbbüsə dəstək verib, qanuni şəklə saldı. Sözsüz ki, qərarın praktikada çox böyük əhəmiyyəti olacaq. Şübhəsiz ki, bu, jurnalistlərin peşəkarlığı, şəxsi məsuliyyət və özünə nəzarət hisslərinin daha da güclənməsinə böyük təsir göstərəcək. Digər yandan "reket” fəaliyyətə meyillənən bəzi qəzet və saytların iş dairəsini daraldacaq. Ciddi və etibarlı mənbələrlə işləyən media quruluşlarının yeri xeyli möhkəmlənəcək. Bir sözlə, biz bunun ancaq faydalı tərəflərini görəcəyik”.

Ayyət Əhməd