İnformasiya saytlarında korrektura işi yaxşı təşkil olunmur

Mətnlərdə ciddi səhvlər var, ən pisi də odur ki, xətalar düzəldilmir




"Mətndə orfoqrafik səhv aşkar etdikdə...” "Report.az” informasiya agentliyinin saytında yerləşdirilmiş xəbərlərin sonunda oxucu məhz belə təkliflə qarşılaşır. Təklif sadəcə təklif olmaqla da qalmır. Ardınca "... səhv olan hissəni qeyd edib, Ctrl + Enter düyməsini sıxın” təklifi gəlir. Bəri başdan qeyd edək ki, hazırda ölkədə fəaliyyət göstərən çoxsaylı informasiya saytlarında belə bir elanla qarşılaşmaq mümkün deyil.

İnformasiya saytlarında korrektura problemi mövzusunu araşdırmağı qarşımıza məqsəd qoymuşduq deyə, bir neçə populyar informasiya saytına daxil olub, orfoqrafiya səhvlərinə nə dərəcədə məsuliyyətlə yanaşdıqlarını öyrənmək istədik. Təəssüf ki, bir neçə informasiya saytına daxil olub, yerləşdirilmiş mətnləri sonadək oxusaq da, analoji elanla rastlaşmadıq.

Bəs görəsən, "Report.az” saytında belə bir təkliflə çıxış etmək hansı ehtiyacdan doğub?

"Oxucunu aktivləşdirmişik”

"Report.az” saytının baş redaktoru Murad Əliyev "Şərq”ə açıqlamasında bildirdi ki, mətnlərdəki orfoqrafiya səhvlərinin müəyyənləşməsinə oxucuların cəlb edilməsi praktikası sayt fəaliyyətə başladığı ilk günlərdən mövcuddur:

- Biz ilk gündən belə bir praktikanı tətbiq etməyə başladıq. Əslində, bu, çox asandır. Məntlərdə orfoqrafik səhvlərin aşkarlanması üçün xüsusi proqram var. Oxucu mətni oxuyur, əgər orada hər hansı hərf səhvi, yaxud ifadə səhvi aşkar edirsə, göstərilən proqramı icra etməklə qeydə alır və proqram vasitəsilə göndərir. Oxuculardan daxil olan məlumatlara cavabdeh ayrıca əməkdaşlar var. Onlar daxil olmuş məlumata baxır, həqiqətən də oxucu səhv aşkarlayıbsa, dərhal düzəliş edilir. Təsəvvür edin ki, gün ərzində saytda 200 xəbər yayılır. Aydın məsələdir ki, səhvlər də ola bilər. Tələsik yazılan xəbərlərdə ifadə yanlışlıqlarına da yol verilər. Jurnalist də, korrektor da dəmirdən deyil. Azərbaycan əlifbasındakı bəzi hərfləri ayırd etmək də bəzən çətin olur. Bu, əsasən nöqtəli, "quyruqlu” hərflərə aiddir. Bəzən daxil olan məlumatlarda "ə”, "h”, "j” hərfləri qrafik formasını dəyişmiş vəziyyətdə olur. Belə şəraitdə orfoqrafik baxımdan qüsursuz mətnlər yerləşdirmək o qədər də asan deyil. Ona görə də orfoqrafik səhvlərin düzəldilməsi proqramını tətbiq etməyi qərara aldıq və görürük ki, düzgün qərar vermişik. Bu proqramı tətbiq etməklə orfoqrafik səhvlərdən canımızı qurtarmışıq. Bundan əlavə, oxuclarımızı da aktivləşdirmiş oluruq. Hesab edin ki, oxucu yalnız sayta daxil olub hər hansı məlumatı sadəcə oxumur. Həm də bu məlumatın düzgün yazılıb-yazılmadığına diqqət edir. Səhvlər varsa, aşkarlayır. Və bununla da kifayətlənmir. Səhvin düzəldilməsi üçün hərəkətə keçir. Xüsusi proqram vasitəsilə aşkarlanan səhvi saytın məsul işçilərinə yönləndirir. Bununla da oxucu saytın fəaliyyətinə, işinə cəlb edilmiş olur. Oxucu aktivləşir. Özünü saytın işində bir işçi, məsul şəxs kimi hiss edir. Məncə, bu, çox yaxşıdır. Bununla biz oxucumuzu, virtual da olsa, işə cəlb etmişik. Bir çox üstünlüklər də əldə etmişik. Səhvlər müəyyənləşir, düzəldilir, oxucu ilə təmasda, virtual ünsiyyətdə oluruq.

İnformasiya saytlarında korrektura bərbad vəziyyətdədir

M.Əliyev bir neçə informasiya saytını çıxmaq şərtilə əksəriyyətində korrekturanın bərbad vəziyyətdə olduğunu dedi:

- Təəssüf ki, informasiya saytlarında korrektura işi yaxşı təşkil olunmur. Mətnlərdə çox hərf səhvləriylə qarşılaşırıq. Ən pisi də odur ki, səhvlər düzəldilmir. Təkrar-təkrar baxırsan, görürsən ki, eyni səhv təkrarlanmaqdadı. Deməli, məlumatları ciddiyyətlə oxuyan yoxdur. Sadəcə, xəbərləri sayta yerləşdirməklə işlərini bitmiş hesab edirlər. Hər hansı bir səhv və təkcə hərf səhvi də yox, bəzən hətta ifadə səhvləri, adlarda, soyadlarda, konkret şəxslərin vəzifələrinin qeyd olunmasında kobud səhvlərə yol verilir. Amma mətndəki səhvlər olduğu kimi qalır, kimsə onları oxuyub səhvləri düzəltməklə məşğul olmur. Bəzən sözlərdə hərflər necə eşidilirsə, eləcə də yazılır. Bu, ilk növbədə Azərbaycan dilinin orfoqrafik qaydalarına hörmətsizlikdir. Dilin özünə hörmətsizlikdir.

"Operativlik peşəkarlığı arxa plana keçirib”

Jurnalist Araşdırmaları Mərkəzinin rəhbəri, təcrübəli jurnalist Seymur Verdizadəninsə, deyəsən, işi lap ağırdır. S.Verdizadə informasiya saytlarına göndərdiyi məqalələrini hələ də əl yazması şəklində göndərir. Məhz orfoqrafik səhvlərdən sığortalanmaq məqsədilə. Bunu "Şərq”ə açıqlamasında jurnalist özü dedi:

- Mən 1990-cı illərin sonundan jurnalistikaya gələn nəsli təmsil edirəm. Bu nəsli bəxti gətirmiş hesab etmək olar. Çünki bizim nəslin nümayəndələri sovet dövrünün məsuliyyətli, ciddi oxucusunu görmüşdü. Sovet oxucusu nəinki ifadə, hərf səhvini, heç bir nöqtə, bir vergül səhvini də jurnalistə bağışlamırdı. Biz həmin oxucuları gördüyümüzdən yazılarımıza, məqalələrimizə xüsusi ciddiyyətlə yanaşırdıq. Mən indi də məqalələrimi əlyazma şəklində saytlara göndərirəm. Ərinmirəm, əziyyətə qatlaşıram, əlyazma şəklində yazıram. Çünki başqa formada məqaləmin səhvsiz nəşr olunacağına əmin deyiləm. Səbəb həm oxucu auditoriyasında, həm də jurnalistika sahəsində çalışanlar arasında keyfiyyət dəyişikliyinin baş verməsidir. 

Bunun da əsasında operativliyə can atmaq dayanır. Doğrudur, müasir dünyada operativlik jurnalistikanın onurğa sütunu hesab edilir. 

Dünya ilə - xəbər dünyası ilə ayaqlaşmaq zorundasan. Amma bu o demək deyil ki, operativlik keyfiyyəti üstələməlidir. Peşəkarlıq məhz belə yerdə özünü göstərməlidir. Həm operativliyi təmin etmək, həm də səhvsiz, qüsursuz məlumat yaymaq yalnız peşəkarlara xas xüsusiyyətdir. Bizdə isə operativlik keyfiyyəti arxa plana keçirib. Keyfiyyət operativliyə uduzub. Problem təkcə hərf səhvlərində də deyil. Bəzən elə cümlələrlə rastlaşırsan ki, bunu bir jurnalistin yazdığına inanmaq belə istəmirsən. Mübtəda ilə xəbərin yerini dəyişirlər, fikirlərini ifadə edə bilmirlər. Təkrarçılıq, fikir yayqınlığı müasir jurnalistikanı bürüyüb. 

Mən "Report.az”ın bu təcrübəsini alqışlayıram və dəstəkləyirəm. Kaş ki, digər xəbər saytları da bu təcrübəyə müraciət etsin.

"Jurnalist yazdığını pozmağı da bacarmalıdır”

S.Verdizadə bildirir ki, son illərin jurnalistikasının əsas xüsusiyyətlərindən biri də jurnalistlərin özlərini hamıdan üstün görmələridir:

- Bayaq dedim, operativlik vacibdir, amma keyfiyyət ondan da vacibdir. Biz keyfiyyəti operativliyə qurban verməməliyik. Əsl jurnalist peşəkarlığa gərək kölgə salmasın. Jurnalist yazdığı kimi, pozmağı da bacarmalıdır. Birdəfəlik bu meyarı qəbul etməliyik ki, bizim yazdıqlarımız "Quran” ayəsi deyil. Səhv də yaza bilərik. Kiminsə barəsində yanlış, əsassız informasiya yaya da bilərik. Belə olduğu təqdirdə, jurnalist üzr istəyib, yazdığını pozmağı da bacarmalıdır. Jurnalist etikası, jurnalistikanın pozulmayan qanunu budur. Bilirsiz, səhvlərə yol verilməsi həm də nədən qaynaqlanır? Çünki əksər halda jurnalistlər yazdıqlarını özləri oxumur. Məqalə, informasiya artıq qəzetdə, yaxud da saytda yerləşdirildikdən sonra oxucu bu səhvi fərq edir. 

 Mətbu orqanlarla məsələ asandır. Uzaqbaşı ertəsi gün səhvi etiraf edib, yanlışı düzəldəcəklər. Amma informasiya saytları bunu da etmir. Xəbər yayıldı, bitdi. Qurtardı. Bununla da işlərini bitmiş hesab edirlər. Başqa səbəb hazırda jurnalistikada bu sahəyə aidiyyəti olmayanların varlığıdır. Hətta mən diqqət etmişəm, başqa sahədə uğur qazana bilməyənlər jurnalistikaya gəlir. Amma həqiqi jurnalistlər, bu sahənin qanunlarını bilənlər və öz peşəsinə sədaqətlə yanaşanlar məsuliyyəti üzərlərinə götürsələr, hər yoldan ötən gəlib jurnalistikada at oynada bilməz. Azərbaycan ərazi baxımından kiçik dövlətdir. Bu ölkədə 100-lərlə sayta nə ehtiyac var?! Ciddi, işinin öhdəsindən gələn, yüngül, şou xəbərlərin ardınca qaçmayan, xəbər yayımında məsuliyyəti anlayanlar qalmalıdır meydanda. O zaman biz də arxayın olarıq, jurnalistikamızın etibarlı əllərə həvalə edildiyinə əmin olarıq.

Məlahət Rzayeva

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb