İnformasiya təhlükəsizliyi aktuallaşır

Sosial şəbəkə istifadəçiləri ehtiyatlı olmalıdır





Avropa Komissiyası "Facebook” üzərindən ABŞ şirkətlərinin ölkələrinə ötürdükləri fərdi məlumatlarının məxfiliyinə zəmanət verə bilməməsini bəyan edib. Həmçinin AK Avropa İttifaqı
üzrə istifadəçilərin "Facebook” akkauntlarını bağlamasını tövsiyə etməsi sosial şəbəkələrdə təhlükəsizlik məsələlərini yenidən aktuallaşdırdı.

Yerli istifadəçilər üçün sosial şəbəkələrdə təhlükəsizlik məsələləri ilə bağlı hansı tədbirlərin görülməsinə yönəlik Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzinə sorğumuza cavab olaraq bildirilib ki, sosial şəbəkələr hazırda insanların həyatlarının ayrılmaz tərkib hissəsinə çevrildiyinə görə, bu şəbəkələrdə istifadəçilərin informasiya təhlükəsizliyi məsələləri hər ötən gün daha da aktuallaşır: "Bu baxımdan Elektron Təhlükəsizlik Mərkəzi internet istifadəçilərinə sosial şəbəkələr və hər hansı veb-saytlarda qeydiyyatdan keçərkən onların təhlükəsizlik siyasəti və fərdi məlumatlardan istifadə şərtləri ilə əvvəlcədən tanış olmağı tövsiyə edir”.

ETM həmçinin istifadəçilərin fərdi məlumatlarının konfidensiallığının təmin olunmaması və ya başqa tərəflərə ötürülməsi barədə şərt mövcud olduğu halda həmin veb-saytlarda qeydiyyatdan keçməyi məsləhət görmür.

Mərkəz bununla yanaşı, yerli "Facebook” istifadəçilərini sosial şəbəkələrdə yaranan təhlükələrə qarşı maarifləndirmək məqsədilə bir müddət öncə "Facebook” sosial şəbəkəsinin təhlükəsiz istifadəsi ilə bağlı təlimatlardan ibarət kitabça da yayımlayıb. "Facebook”da müşahidə olunan spam paylanmasının, saxta hesabların açılması faktlarının artımı istifadəçilərin virtual məkanda təhlükəsizliyini təmin etmək məqsədi ilə sosial şəbəkədən istifadə üzrə təlimatların hazırlanmasına zərurət yaradıb. Kitabçanın pdf variantı ilə istifadəçilər Mərkəzin rəsmi internet səhifəsində tanış ola bilərlər.

Vüqar Şahinoğlu