“İnhisarçılıq böyük maneə yaradır”
Natiq Cəfərli: “Kəndli ilə super-marketlər arasında birbaşa müqavilə olsa, bazarda ucuzluq olar”
Manatın növbəti dəfə ucuzlaşması ölkənin kənd təsərrüfatı sahəsində də vəziyyətin ürəkaçan olmadığını aydınca ortaya qoydu. Dolların bahalaşmasından sonra ərzaq məhsullarının qiymətinin qalxması buna əyani sübutdur. Görünən odur ki, kənd təsərrüfatı sahəsində bir sıra kadr dəyişikliyi baş versə də, vəziyyət zərrə qədər də dəyişməyib.
Ekspertlər isə kənd təsərrüfatının belə acınacaqlı və böhranlı hala düşməsini əsasən inhisarçılıqla izah edirlər. Məsələn, bildirirlər ki, çox hallarda yüksək gəlir gətirən istehsal sahələri, topdansatış bazarı və idxal məmurlar tərəfindən inhisara alındığı üçün kəndlilər, fermerlər istehsal etdikləri məhsulları daxili bazara çıxarıb satmaqda çətinlik çəkirlər. Şübhəsiz ki, belə halların baş verməsi öz növbəsində fermerlərin, kəndlilərin bir hissəsini müflisləşdirib, həvəsdən salır və nəticədə onlar bazardan çıxır. Buna yaranmış fürsət kimi baxan iri monopolistlər isə ərzaq məhsullarını xaricdən alıb, ölkə bazarında istədikləri qiymətə diktə edirlər. Bu baxımdan Kənd Təsərrüfatı sahəsindəki böhranlı vəziyyət və həmin böhranlı durumdan çıxmağın yolları barədə tanınmış iqtisadçı Natiq Cəfərlinin fikirlərini öyrəndik. Ekspert "Şərq”ə müsahibəsində söylədi ki, sözügedən sahədəki gərginliyə iki məsələ səbəb olub: "Birincisi, 2000-ci illərdə, ölkəyə külli miqdarda neft pulları daxil olmağa başlayarkən doğru bir addım atıldı. Yəni kənd təsərrüfatını dotasiya və stimullaşdırma sisteminə keçirmək qərarı verildi. Torpaq vergisi ləğv edildi və əkin-biçinlə məşğul olanlara dotasiya veriləcəyi haqda qərar qəbul olundu. Amma bu qərarın özündə müəyyən problemlər vardı.
- Nə idi bu problemlər?
- Problemlər o idi ki, dotasiyalar əkin sahələrinin həcminə görə ayrıldı. Əlbəttə, bu, tamamilə yanlış qərar idi. Bu addım Kənd Təsərrüfatı Nazirliyinin təqdimatı ilə gerçəkləşdi. Söhbət ondan gedirdi ki, dotasiyaların miqdarı əkilən məhsulun növündən asılı olaraq dəyişirdi. Yəni 5 hektarda taxil əksirsinizsə, hər hektara görə, 80 manat alırsınız. Həmin ərazidə kələm əkmisinizsə, 40 manat alırsınız. Bir daha söyləyirəm ki, bu çox yanlış qərar idi.
- Bəs digər ölkələrin təcrübəsində bu dotasiylar hansı formada ayrılır?
- Dünyanın inkişaf etmiş ölkələrində bunun praktikası var. Həmin təcrübəyə görə, dotasiyalar məhsulun həcminə və keyfiyyətinə görə verilirdi. Bu da stimullaşdırırdı ki, fermerlər daha keyfiyyətli və daha çox məhsul verib, dövlətdən daha çox dotasiya alsınlar. Ən azından qonşu Türkiyə və Avropa ölkələrində belədir. Amma Azərbaycanda yanlış yol seçildi. Əraziyə və məhsula görə, dotasiya verilməsi kənd təsərrüfatında çalışanların stimulunu öldürdü. Bu da bizi elə bir vəziyyətə gətirib çıxardı ki, taxıl kimi strateji məhsulu belə xaricdən almalı olduq. Taxılın 70 faizi xaricdən gəlir. Çünki daxildə istehsal olunan taxılın keyfiyyəti o qədər aşağıdır ki, onu üyüdüb, birbaşa çörək bişirmək mümkün deyil. Mütləq ya Rusiyadan, ya Qazaxıstan və Ukraynadan alınan unla qatılmalıdır ki, standartlara uyğun çörək hazırlansın. Bu, əsas problemdir. Kənd təsərrüfatı siyasətinin düzgün seçilməməsi buna gətirib çıxardı.
- Bu sahədəki böhranlı vəziyyətin yaranmasını iki səbəblə əlaqələndirdiniz. Birinci səbəbi Kənd Təsərrüfatı Nazirliyinin yanlış qərarı ilə izah etdiniz. Bəs ikinci səbəb nə idi?
- İkinci səbəb manatın uzun illər baha olması idi. Ona görə ki, bu hal daxili istehsalı getdikcə əzdi. Daxili istehsal əzildi deyə məhsul xaricdən gətirilir. İdxal yönümlü bir model işə düşdü. Daxili istehsalçıların istehsalla məşğul olmağa həvəsi qalmadı. Bütün infrastruktur dağıdıldı. Yadınıza gəlirsə, pambıqçılıqda çox gözəl nailiyyətlərimiz vardı. Son dövrlərdə bu sahə 10 dəfəyə qədər azaldıldı. Tütünçülükdə yaxşı uğurlarımız oldu. İndi tütünün 95 faizini xaricdən alırıq.
- Hazırda kənd təsərrüfatının inkişafına dair doğru qərarlar verilərsə, tez bir zamanda bu sahənin tərəqqisinə nail olmaq olarmı?
- Belə addımların effekt verməsi üçün zamana ehtiyac var. Ölkənin indiki şəraitində ən problemli məsələ zaman məsələsidir. Vəziyyət getdikcə ağırlaşır. Zamanımız da çox qalmayıb ki, bütün məsələlər həllini tapa bilsin.
- Bundan başqa, istehsalın da olmamasını iki amillə bağladınız. Bu amillər hansılardı?
- Birincisi, idxal inhisarçılığıdır. Yəni inhisarçılar məhsulu xaricdən ucuz qiymətə gətirirlər. Bu da sərf edir. Çünki o ölkələrdə istehsal həddən artıq çoxdur və yerində topdansatış qiymətlərlə alanda çox ucuz başa gəlir. Bizim yerli istehsal isə azdır. Amma çox keyfiyyətlidir. Amma o məhsulların bazara çıxarılmasında problemlər var. İkinci amil də budur. Kəndli məhsulunu bazara çıxara bilmir. Kəndli ilə bazar arasında əlaqələndiricilər olur. Həmin "vasitəçilər” kəndlinin qapısında malı ucuz alıb, bazarda baha satır. Bu da inhisarçılığın bir növüdür. Kəndlinin bazara çıxışı yoxdur.
- Kəndlinin bazara çıxışını necə təmin etmək olar?
- Dünya təcrübəsində var ki, super-marketlər kəndlilərlə müqavilə bağlayıb mal ala bilər. Bu həm kəndli üçün, həm də super-market üçün yaxşıdır. Çünki belə olan halda super-market də bazara ucuz mal çıxara bilir. Əfsuslar olsun ki, bizdə hər şey tərsinədir. Kəndli ilə super-market arasında "vasitəçi, inhisarçı olur. Və buna görə də, həmin malın qiyməti qalxır və çatdırılması gecikir. Ona görə də düşünürəm ki, birbaşa müqavilələrin bağlanmasının stimullaşdırılması lazımdır ki, kəndli birbaşa məhsulu marketlər şəbəkəsinə çıxara bilsin.
- Kəndlilər məhsullarını niyə kolxoz bazarlarına çıxarmırlar?
- Birincisi, Azərbaycanda kolxoz bazarları ləğv olunub. Kolxoz bazarlarının əvəzinə, super-marketlər var. Kəndli öz məhsulunu super-marketlər vasitəsilə sata bilər. Bu çox asanlıqla həll olunacaq məsələdir. Bir daha deyirəm ki, kəndli xaricdən gətirilən məhsulla rəqabət apara bilmir. Xaricdən gələn mal çox ucuz başa gəlir. Yerli istehsalçı minbir əziyyətlə yetişdirdiyi məhsulu ucuz satmalı olur ki, bu da sərf etmir.
Ayyət Əhməd