İnsanlar hazır deyildilər

Qiymət artımı kişisiz olan ailələrə daha pis təsir edəcək“İkili öhdəlikləri yerinə yetirə bilməyən ana, valideyn uşaqlarının yanında aciz durumda qalır. Hətta uşaqlarının qarşısında ağlayır, göz yaşı tökür”
Manatın 50 faiz ucuzlaşması bir çox sahələrdə panikanın yaranmasına səbəb olub. Milli valyutamızın devalvasiyası xüsusən də gündəlik tələbat mallarının qiymətlərinin nəzərə çarpacaq dərəcədə artması ilə nəticələnib. Xaricdən gətirilən gündəlik tələbat malları ilə paralel yerli istehsal məhsulların qiymətlərinin qalxması aztəminatlı ailələrin büdcəsinə çox ciddi təsir edib. Devalvasiyadan qabaq ailənin büdcəsinə uyğun olaraq, 20-30 manatla bazara gedib 2-3 günün bazarlığını edən ailələr artıq həmin pulla alver edə bilmirsə, bu da öz növbəsində onların psixikasına mənfi təsir edir.
Hətta psixoloqların rəyinə görə, devalvasiyadan kişisiz olan ailələr daha çox əziyyət çəkir. Çünki ailəyə həm ata, həm də ana olmaq istəyən qadın artıq ailənin yaşayış xərclərini, dolanışığını çatdıra bilmir...
Manatın dəyərdən düşməsi banklara kredit borcu olan insanların da sosial bəlasına çevrilib. Maraqlıdır, mövcud proseslər fonunda insanlardakı psixoloji gərginlik, aqressiya nə ilə nəticələnəcək?
Psixoloq Dəyanət Rzayev hazırkı iqtisadi böhranın cəmiyyət üçün yaxşı heç nə vəd etmədiyini deyib: "Ötən dəfə devalvasiya olanda da biz demişdik ki, bu, insanların psixologiyasına pis təsir edəcək, qətllərin, intiharların sayı artacaq. Belə də oldu. Bu il intihar xəbərlərinin ardı-arası kəsilmədi. Sizin cibinizdəki pul bir gündə dəyərini itirirsə, bu, sizə necə təsir etməlidir? Hər şey bahalaşır, maaşlar isə artmır, əksinə, işsizlik çoxalır. Təbii ki, psixoloji durum bərbad vəziyyətdə olacaq. İnsanlarda gərginlik artacaq. Devalvasiya qəfil oldu. İnsanlar manatın bu dərəcədə dəyərdən düşməsinə hazır deyildilər”.
Psixoloq hesab edir ki, bu ildən intiharların, oğurluq hallarının statistikası daha da artacaq: "İnsanların başqa çıxış yolu qalmır. Bir ildə əhalinin banklara dollarla olan borcu iki dəfə artdı. Ancaq gəlirləri azalıb. İradəsi zəif olan insanlar çıxış yolu tapa bilməyəndə intihara əl atırlar. Belə hallarda həmin şəxslərin yaxınları psixoloqa müraciət etməlidirlər. Ancaq insanlarda psixoloqa getməyə də pul yoxdur”.
İnsanlar aqressiyalarını yalnız biri-birinə qarşı istifadə edəcəklər. Ümumilikdə isə iqtisadi vəziyyətin bu həddə düşməsi insanların psixoloji durumu ilə bağlı yaxşı heç nə vəd etmir”.
Psixoloq Vəfa Əkbər isə modern.az-a verdiyi açıqlamasında belə situasiyalarda evin xanımlarının, anaların daha çox psixoloji stress, əziyyət çəkdiklərini söyləyib: "Hazırda sosial gərginlik artmaqdadır. Devalvasiyadan sonra bu, özünü kasıb və maddi imkanı aşağı olan insanlarda daha çox göstərir. Evdar qadınlar əziyyət çəkirlər, evdə bu cür maliyyə çətinlikləri varsa, onun yaşadığı stress birbaşa uşağa və həyat yoldaşına yönəlir. Nəticədə ailə münasibətləri və şəxslərarası münasibətlər pozulur. Təbii ki, bu, ailədə gərginlik, əsəbiliyə, ən pis halda isə
ünsiyyət hallarının pozulmasına gətirib çıxarır. Psixologiyada belə bir yanaşma var, "Moskva piramidası”na əsaslansaq, insanların həyatda özlərinə yer və mövqe tutmaları üçün ən vacib şərtlər qida və yuxudur. Qida və yuxu tələbatı gərginlik artdıqda, depressiya və sıxıntılar olduğu zaman pozulur. Nəticədə isə bu, psixoloji xəstəliklərə səbəb ola bilər. Sağlam düşüncəli bir şəxs haqqında söz açmaq çətin olar”.
Vəfa Əkbər bugünkü çətin maddi durumda ailə başçılarının yalnız qadınlardan ibarət olduğu ailələrin daha çox psixiloji travma aldıqlarını bildirib: "Ailələrin hamısı bütöv, tam deyil. Bəzi ailələr var ki, orada ailə başçısı qadındır. Yəni qadın ailənin həm anası, həm də atasıdır. Aydındır ki, kişi vəfat edə bilər, ailəsini ata bilər. Ona görə də ailənin bütün yükü, yəni həm maddi, həm də mənəvi çətinliyi qadının, ananın üzərinə düşə bilər. İkili öhdəlikləri yerinə yetirə bilməyən ana, valideyn uşaqlarının yanında aciz durumda qalır. Hətta uşaqlarının qarşısında ağlayır, göz yaşı tökür. Bu da birbaşa olaraq uşaqlara pis təsir edir. Digər tərəfdən isə bəzi ailələrdə müalicəyə ehtiyacı olan uşaqlar var ki, dərmanlara pul çatdıra bilmirlər. Qaldı ki, indiki vəziyyətdə yeməklərini necə alsınlar... Öhdəlikləri yerinə yetirə bilmədikcə, ailədə sosial gərginlik artır. Özgüvən aşağı düşür və uşaqların gözlərində inam, etibarlılıq düşür. Devalvasiyanın verdiyi zərərlərin nəticələri hələ hiss olunmur. Amma sui-qəsdlərin, oğurluqların, özünə intiharların sayı artacaq. Çünki insanlar qidalanmaq və özlərini qorumaq istəyirlər”.
Şəymən