İqbal Ağazadə Sərdar Cəlaloğlunu təsdiqlədi

“Faktiki olaraq fəaliyyət göstərməyən bir blokun ləğv olunmasına qərar verdik”



Azərbaycan Demokrat Partiyası (ADP) və Ümid Partiyasının təmsil olunduğu "Qarabağ” siyasi blokunun fəaliyyətinə xitam verilib. Bu barədə ADP sədri Sərdar Cəlaloğlu məlumat verib. Sədr bildirib ki, faktiki olaraq "Qarabağ” bloku yoxdur və Ümid Partiyası ilə yenidən hər hansı blokun yaradılması da müzakirə olunmur:

"O vaxt Ümid Partiyasını bəzi müxalifət partiyaları bir növ təkləmək istəyirdilər və müxtəlif təzyiqlər göstərirdilər. ADP olaraq biz bunun müxalifətin maraqlarına zidd olduğunu düşündük və Ümid Partiyası ilə əməkdaşlıq edərək, blok təsis etdik. Amma müəyyən müddət keçdikdən sonra parlament seçkilərində Ümid Partiyası bizdən kənar "125-lər” blokunu yaratdı və seçkiyə bu blokla qatıldı. Bizə aydın oldu ki, Ümid Partiyası artıq siyasi arenada öz yerini tutub və hətta özü blok da yaradıb. Bu baxımdan əvvəlki şərtlər aradan qalxdığına görə, "Ümid”lə birlikdə bir blokda olmağımıza heç bir ehtiyac qalmayıb”.

S.Cəlaloğlunun açıqlaması ilə bağlı "Şərq”ə danışan Ümid Partiyasının sədri İqbal Ağazadə də Qarabağ blokunun buraxıldığını təsdiqləyib: "ADP sədri ilə razılaşdıq və faktiki olaraq fəaliyyət göstərməyən bir blokun ləğv olunmasına qərar verdik. Təbii ki, ADP ilə ikili əməkdaşlığımız bundan sonra da davam edəcək, amma hər hansı blok çərçivəsində fəaliyyət göstərməyəcəyik”.

İsmayıl