Onların arasında bir nəfər orta təhsilli də var
İqbal Ağazadəni ARAZ apardı
Bu dəfə parlament 27 yeni deputatla işə başlayacaq
Onların arasında bir nəfər orta təhsilli də var
Onların arasında bir nəfər orta təhsilli də var
Azərbaycanda artıq tarixə çevrilən V çağırış parlament seçkiləri bir neçə maraqlı nəticələri ilə yadda qalıb. Milli Məclisin yeni tərkibində hazırkı deputatlarla yanaşı, ilk dəfə mandat alanlar da var. Parlamentin payız sessiyasında 27 yeni deputat işə başlayacaq ki, bu da qanunverici orqanın 22 faiz yenilənməsi deməkdir. Deputatların siyahısına hakim Yeni Azərbaycan Partiyası 71 millət vəkili ilə liderlik edir. İkinci yerdə isə 2 deputatla Vətəndaş Həmrəyliyi Partiyası qərarlaşıb.
Bitərəf deputatların sayı isə 42 nəfərdir. Ümumilikdə, parlamentdə YAP da daxil olmaqla, 12 partiyanın nümayəndəsi təmsil olunacaq. Parlamentin gender balansına görə isə deputat yerləri 21 qadın, 104 nəfər kişi olmaqla tutulub. 125 deputatdan 124 nəfər ali təhsilli, bir nəfər isə orta təhsillidir. Dairələr üzrə ən çox səs toplayan namizəd isə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dairəsidir.
Parlamentin ilk iclası nə zaman keçiriləcək?
MSK seçki protokollarını yoxladıqdan sonra 24 saat müddətində seçkilərin yekunlarının və nəticələrinin yoxlanılaraq təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim edir. Konstitusiya Məhkəməsi müvafiq sənədləri aldıqdan sonra 10 gün müddətində seçkinin nəticələrini təsdiqləyir. Belə ki, Milli Məclisin 83 deputatının səlahiyyətləri təsdiq edildikdən sonra parlamentin ilk iclası bir həftədən gec olmayaraq çağırılır. Martın 10-dək 83 deputatın səlahiyyətləri təsdiq edilməzsə, Konstitusiya Məhkəməsi Milli Məclisin ilk iclasının keçirilmə vaxtını müəyyən edir. Milli Məclisin deputatı seçilmiş şəxslərə deputat vəsiqəsinin veriləcəyi tarix də bəlli olub. Seçkilərin ümumi yekunları rəsmi dərc edildikdən sonra deputatlara vəsiqələri təqdim olunacaq.
Birinci iclası kim idarə edəcək?
Milli Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq, parlamentin ilk iclasını ən qocaman deputat açır. Yeni seçilən deputatların siyahısını oxuyur və sədr seçilənədək birinci iclası aparır. Beləliklə, Zeynəb Xanlarova V çağırış Milli Məclisin ilk iclasına sədrlik edəcək. Onun təklifi ilə Hesablayıcı Komissiya və bu barədə qərar qəbul edildikdən sonra sədr seçiləcək. Xatırladaq ki, 2005-ci ildə III çağırış Milli Məclisin ilk iclasını Murtuz Ələsgərov aparıb. 2010-cu ildə IV çağırış Milli Məclisin ilk iclasını ən yaşlı deputat Cəlal Əliyev açmalı idi. Lakin o, xəstə olduğundan parlamentə gəlməyib. Bu səbəbdən də ilk iclası parlamentin digər yaşlı deputatı Fəttah Heydərov açıb. Çox güman ki, Zeynəb Xanlarova bu dəfə də iclası açmaq səlahiyyətini Fəttah Heydərova güzəştə gedəcək. Sədrin təklifi ilə Hesablayıcı komissiya seçiləcək və bu barədə qərar qəbul edildikdən sonra gizli səsvermə ilə Milli Məclisin sədri daha sonra sədr müavinləri, ardınca komitə sədrləri seçiləcək.
İlk iclasda Prezident iştirak edəcəkmi?
Qanunda deyilir ki, Azərbaycan Respublikası Prezidentinin Milli Məclisin bütün iclaslarında iştirak etmək hüququ var. Prezident üçün Milli Məclisin iclas salonunda xüsusi yer ayrılır və orada Azərbaycanın Dövlət bayrağı yerləşdirilir. Xatırladaq ki, ötən seçkilərdə Milli Məclisin keçirilən birinci iclasında Prezident İlham Əliyev şəxsən özü iştirak edib.
125 qalib arasında ən cavan və ən yaşlı deputat...
Millət vəkilləri arasında ən cavan və ən yaşlı deputatın kim olduğu müəyyən edilib. Parlamentə seçilən ən cavan deputat hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvü Şahin İsmayılovdur. 29 yaşlı Şahin İsmayılov 81 saylı Beyləqan seçki dairəsinin seçicilərini növbəti 5 il müddətində parlamentdə təmsil edəcək. Milli Məclisin ən qocaman deputatı isə Xalq artisti, bitərəf Zeynəb Xanlarovadır. 79 yaşlı Zeynəb Xanlarova növbəti 5 il müddətinə 50 saylı Abşeron-Qobustan seçki dairəsindən deputat seçilib.
Qadın vəkillərin sayı artıb...
IV çağırış parlamentdə 20 qadın deputat var idi. Milli Məclisin yeni tərkibində isə qadınların sayı 21-ə yüksəlib. Eks-deputatlardan Leyla Abdullayeva, Rəbiyyət Aslanova və Gülçöhrə Məmmədova bu dəfə mandat qazanmayıblar. Gülər Əhmədova isə namizədliyini irəli sürməyib. Yeni xanım deputatların ən gənci 33 yaşlı Ülviyyə Həmzəyevadır. Ü.Həmzəyeva 6 saylı Culfa-Babək Seçki Dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi kimi qalib gəlib. Gənc deputat 1982-ci ildə Babək rayonunda anadan olub. 2003-cü ildə Naxçıvan Dövlət Universitetinin incəsənət fakültəsinin təsviri incəsənət ixtisasını fərqlənmə diplomu bitirib. Hazırda Naxçıvan Dövlət Universitetinin təsviri incəsənət və rəsmxət kafedrasının baş müəllimi, universitetin dissertantıdır. Azərbaycanda ilk dəfə olaraq 2001-ci ildə Naxçıvan Dövlət Universitetinin gənclik parkında soyqırım qurbanlarının xatirəsinə ucaldılan abidənin müəllifidir. 2008-ci ildə Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı, 2009-cu ildə isə Azərbaycan Respublikasının Əməkdar rəssamı fəxri adına layiq görülüb.
Ən çox müzakirə olunan yeni deputatlar kimdir?
Seçkinin nəticələrinə əsasən yeni parlamentin deputatı adını qazanan iki şəxs sosial şəbəkələrdə daha çox müzakirə olunur. Onlardan biri sabiq deputat İqbal Ağazadəni əvəzləyən ASDP sədri Araz Əlizadə, digəri isə Vəhdət Partiyasının sədri Tahir Kərimlidir. Həmişə qalmaqallarla yadda qalan Araz Əlizadənin deputat mandatı qazanması sosial şəbəkələrdə daha çox müzakirə edilir. Araz Əlizadə isə onun qələbəsinə şübhə edənlərə sərt cavablar verir. Müstəqillik dövründən bu yana siyasətçi kimi fəaliyyət göstərən hər iki yeni deputat həm də özünəməxsus siyasi dialektikaları ilə fərqləniblər. Onların heç bir ölçü gözləmədən emosional çıxış tərzləri cəmiyyətdə o qədər də birmənalı qarşılanmayıb. İndi onların hər ikisi yeni siyasi düzənin iştirakçılarıdır. Maraqlıdır ki, onlar yenə də öz amplualarına sadiq qalacaqlarmı? Məsələyə münasibət bildirən Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib ki, əgər beynəlxalq təşkilatlar Ağsu-İsmayıllı seçki dairəsində əhali arasında sorğu aparsa və orda yaşayanların 20 faizi onun seçilməyi ilə bağlı nəticəni inkar etsə, deputatlıqdan istefa verər. T.Kərimli 1993-cü ildə Milli Məclisdə emosional və gərgin çıxışının yenidən gündəmə gəlməsinə də münasibət bildirib: "Əvvəla, indi mənim ahıl vaxtımdır. İkincisi, bizim o vaxt qurduğumuz hakimiyyət əldən gedirdi və mənim yerimə kim olsaydı, o cür hərəkət edərdi. Digər tərəfdən, mən çıxışımda heç kimi təhqir etməmişəm. Çox təəssüf edirəm ki, çıxışımın əsas hissəsi bir kənarda qalıb, ancaq emosional hissəsinə diqqət ediblər. Mən həmişə qanunlara riayət edən olmuşam və bu dəfə də çalışacağam ki, belə olsun. Həmin an elə həlledici bir məqam olduğuna görə çıxışım bədahətən oldu. Mən orda öz hakimiyyətimizi xəyanətdə ittiham etmişəm. Güman edirəm ki, ahıl yaşımda belə hal bir daha təkrarlanmaz”.
Yeni deputatların peşələri...
Parlamentin yeni tərkibini formalaşdıran deputatlar arasında siyasətçilərlə yanaşı, fərqli peşə sahibləri də var. Məsələn, 17 saylı Yasamal üçüncü seçki dairəsindən deputat seçilən Elşad Həsənov "Kaspian Konsaltinq” şirkətinin hüquqşünası işləyir. 19 saylı Nərimanov birinci seçki dairəsini təmsil edən Hikmət Babaoğlu "Yeni Azərbaycan” qəzetinin baş redaktorudur. 27 saylı Sabunçu ikinci seçki dairəsindən qalib çıxan Dilarə Cəbrayılova 295 saylı orta məktəbin direktoru vəzifəsində olub. 37 saylı Nizami (Gəncə) birinci seçki dairəsindən deputat seçilən Pərvin Kərimzadə Gəncə Dövlət Universitetində Elm və İnnovasiyalar üzrə prorektor vəzifəsində çalışır. 38 saylı Nizami ikinci seçki dairəsində mübarizəyə qatılan Natiq Həmzəyev Gəncə şəhər İcra Hakimiyyəti başçısının I müavini vəzifəsində çalışır. Çox güman ki, o, deputatlıq fəaliyyətinə görə bu vəzifəsini itirməli olacaq. 62 saylı Saatlı seçki dairəsində deputat seçilən Əflatun Amaşov Mətbuat Şurasının sədridir. 77 saylı Astara seçki dairəsindən Milli Məclisə seçilən Rəşad Mahmudov isə Mərkəzi Neftçilər Xəstəxanası, Ürək-damar mərkəzinin rəhbəridir.
Parlamentdə kim kimlə əvəz olundu?
Mətbuatın ən çox diqqət yetirdiyi və haqqında xəbərlər hazırladığı şəxslər Milli Məclisə ilk dəfə deputat seçilən şəxslərdir. Namizədliyi hakim partiya tərəfindən irəli sürülməyən Hacı Qalib Salahzadə deputat mandatını Dilarə Cəbrayılovaya təhvil verməli olub. D.Cəbrayılova Milli Məclisdə 27 saylı Sabunçu ikinci seçki dairəsini təmsil edəcək. 35 saylı Xətai üçüncü seçki dairəsindən deputat seçilən Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə Milli Məclisdə Ümid Partiyasının sədri İqbal Ağazadənin yerini tutacaq. 37 saylı Nizami (Gəncə) birinci seçki dairəsinin yeni deputatı Pərvin Kərimzadənin xələfi isə Aydın Abbasovdur.
62 saylı Saatlı seçki dairəsinin yeni deputatı Əflatun Amaşov isə Cəlal Əliyevi əvəz edəcək. Elçin Quliyev 63 saylı Sabirabad birinci seçki dairəsində Ceyhun Osmanlını əvəzləyib. 87 saylı Ağsu-İsmayıllı seçki dairəsinin deputatı Ərəstun Cavadov öz mandatını Vəhdət Partiyasının sədri Tahir Kərimliyə təhvil verib.
91 saylı Ucar seçki dairəsindən Vüsal Hüseynov millət vəkili seçilib. Bu dairəni IV çağırış Milli Məclisdə Elton Məmmədov təmsil edib. 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsinin yeni deputatı Ülviyyə Ağayeva isə Ədalət Partiyasının sədri İlyas İsmayılovu əvəzləyib. 107 saylı Qazax seçki dairəsindən seçilən Kamran Nəbizadənin sələfi Əhməd Vəliyevdir.
İsmayıl