İqtidar-müxalifət dialoqunun növbəti raundu olacaq

Arif Hacılı: “Partiyanın görüşlə bağlı irəli sürdüyü iki təklifdən biri artıq qəbul olunub”
Fərəc Quliyev: “Qütbləşmədən imtina edib vahid mövqeyə gəlmək lazımdır”



İqbal Ağazadə: "Parlament seçkiləri ilə əlaqədar tərəflərin bir-birindən uzaqlaşdığı bir vaxtda dialoq təşkil etmək kifayət qədər pozitiv hadisə olar”

Sərdar Cəlaloğlu: "Siyasi dialoq Azərbaycanda ümumi
dəyişilmələr üçün zəmin hazırlayacaq əvəzsiz demokratik prosedurdur”

Əli Əliyev:
"Yaxın gələcəkdə Azərbaycanda keyfiyyət və mahiyyətcə yeni mərhələnin
başlanmasının şahidi olacağıq”

Siyasi partiyaların fevralın 12-də keçirilən görüşündə bundan sonra görüşlərin iki aydan bir keçirilməsi barədə razılıq əldə olunmuşdu. Bu baxımdan hələlik rəsmi açıqlama verilməsə də, aprel ayında Azərbaycanda növbəti iqtidar-müxalifət görüşünün baş tutacağı ehtimal edilir.

Müxalifət düşərgəsində indiyə qədər keçirilən görüşlər öncəsi koordinator rolunu oynayan KXCP sədri Mirmahmud Mirəlioğlu tez zamanda növbəti görüşün olacağını istisna etməsə də, konkret gün haqqında məlumatsız olduğunu bildirib. Əvvəlki iki görüşə qatılmayan Müsavat Partiyasının Divanı dialoq təşəbbüsünü müsbət qiymətləndirib. Qurum rəhbərliyi müzakirə olunacaq mövzuların qabaqcadan müəyyən edilməsi və görüşün formatının Müsavatla əvvəlcədən razılaşdırıldığı halda partiyanın bu prosesdə iştirakını mümkün hesab edib. Müsavat başqanı Arif Hacılı da iqtidar-müxalifət görüşü ilə bağlı fikir bildirib: "Partiyanın görüşlə bağlı irəli sürdüyü iki təklifdən biri artıq qəbul olunub. Əgər görüşün formatı ilə bağlı təklif həllini taparsa, Müsavat dialoqda iştirak edə bilər”.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev deyib ki, bundan sonra hansı nəticənin əldə edilməsindən asılı olmayaraq bir masa ətrafında oturmağın özü ciddi bir nəticədir: "Qütbləşmədən imtina edib vahid mövqeyə gəlmək lazımdır. Ən prinsipial məsələlərdə, xüsusən Qarabağ probleminin həlli ilə bağlı müxalifətdə və iqtidarda olan təşkilatların baxışları fərqli deyil. Ümumiyyətlə, Azərbaycanın inkişafı ilə bağlı düşüncələrdə ciddi fərq yoxdur. Əlbəttə ki, ideologiyalar, yanaşmalar fərqli ola bilər. Amma ideya olaraq Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün qorunması, ölkəmizin qüdrətlənməsi yolunda kimsə fərqli mövqe tutmaz. Ən azından bu prinsipləri daşıyanlar bir masa ətrafına gələ bilərlər. Görüşlərin iki aydan bir keçirilməsi barədə razılıq əldə olunub. Ümid edirəm, bu axarlı olacaq və intensivliyi kəsilməyəcək”.
Ümid Partiyasının sədri İqbal Ağazadə də bildirib ki, parlament seçkiləri ilə əlaqədar tərəflərin bir-birindən uzaqlaşdığı bir vaxtda dialoq təşkil etmək kifayət qədər pozitiv hadisə olar: "Demirəm ki, görüşlərdə hər şey həll olunacaq. Amma məsələ budur ki, danışmamağın, müzakirə etməməyin yolu radikallıqdır. Ən azı cəmiyyət bundan çəkinərək, masa arxasında problemləri həll etmək düşüncəsində olur. Ona görə də hesab edirəm ki, dialoqlar yaxşı hadisədir”.
ADP sədri Sərdar Cəlaloğlu bəyan edib ki, optimal bir formatda görüşlərin davam etdirilməsi qərarına gəlinib: "Siyasi dialoq Azərbaycanda ümumi dəyişilmələr üçün zəmin hazırlayacaq əvəzsiz demokratik prosedurdur. Bu gün iqtidar-müxalifət dialoqları baş tutduğu üçün biz öz fikirlərimizi qarşı tərəfə küçələrdə yox, elə üzbəüz görüşdə söyləyirik. Hətta bu vasitə ilə onlarla diskussiya edib, fikir və ideyamızı söyləyə bilirik. Hökumətin nümayəndəsi ilə görüşüb, birbaşa problemləri çatdırırıq”.
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev qeyd edib ki, dialoq Azərbaycanda iqtidar-müxalifət münasibətlərinin yeni mərhələsinin başlanğıcıdır. Onun sözlərinə görə, son illər ərzində ilk dəfədir ki, Azərbaycanda vasitəçilərsiz, yalnız ölkədaxili qüvvələrin siyasi iradəsi ilə "dəyirmi masa” keçirilir: "Bu baxımdan həm iqtidar, həm də müxalifət bu prosesi faydalı hesab edir: "Əgər tərəflər bundan sonra da iradə nümayiş etdirəcəksə, yaxın gələcəkdə Azərbaycanda keyfiyyət və mahiyyətcə yeni mərhələnin başlanmasının şahidi olacağıq. Bu, bütövlükdə ölkəyə, dövlətçiliyə, dialoqun tərəflərinə lazımdır. Ona görə də iqtidar-müxalifət dialoqunun davamlı olmasının, ölkədə yeni münasibətlər sisteminin formalaşmasının və Azərbaycanda bütün siyasi sistemin inkişafının tərəfdarıyam. O ki qaldı ayrı-ayrı qüvvələrin görüşlər barədə subyektiv fikirlərinə, fikrimcə, özünütəcrid siyasəti düzgün yol deyil. Ümumiyyətlə, Azərbaycan siyasi qüvvələrinin problemləri "dəyirmi masa” ətrafında, vasitəçisiz, mətbuata açıq şəkildə müzakirə etməsi çox müsbət haldır”.
İsmayıl