İqtisadi izahı yoxdur...

“Nə baş verdi ki, birdən-birə siqaretin qiyməti 50 qəpik qalxdı?”



Dünən ölkə ərazisində siqaretlərin pərakəndə satış qiyməti artıb. Səhər saatlarından etibarən siqaret satışlarında yeni qiymətlər açıqlanıb. Qiymətlərdə bahalanma 0,5 manatdan başlayır. Vətəndaşların sosial şəbəkələrdəki paylaşımlarına istinadən deyək ki, siqaretlər artıq dünəndən yeni qiymətləriylə satılır.

Qeyd edək ki, sözügedən artım ötən ilin dekabr ayının 21-də Mərkəzi Bankın İdarə Heyətinin üzən məzənnə rejiminə keçidlə bağlı qəbul etdiyi qərardan sonra ikinci qiymət artımıdır. Həmin vaxt manatın 48 faiz dəyərdən düşməsindən sonra tütün məmulatlarının qiymətində təxminən yarıbayarı bahalaşma müşahidə olunub.

Bazarda böyük pay sahibi olan şirkətlərdən biri "Japan Tobacco İnternational Baku”dan verilən məlumata görə, tütün məmulatlarının bahalaşmasına səbəb dolların real məzənnəsinin artımı ilə bağlıdır:

"Tütün məmulatlarının istehsalı idxala bağlı olan prosesdir. Artıq uzun müddətdir davam edən dolların bahalaşması bu sahəyə təsir etməkdədir”.

İqtisadiyyat və Sənaye Nazirliyindən isə bildiriblər ki, hazırda tütün məmulatlarının bahalaşması ilə bağlı araşdırma aparılır və gün ərzində ictimaiyyətə bahalaşmanın səbəbləri və araşdırmanın nəticələri açıqlanacaq. Nazirliyin Mətbuat Xidmətinin rəhbəri Abbas Əliyevin sözlərinə görə, tütün məmulatlarının qiymətləri tənzimlənən mal və xidmətlərin siyahısına daxil olmadığı üçün konkret səbəbləri bilinmir. Nazirlik funksioneri deyib ki, siqaretin qiyməti bazarda tələb və təklif əsasında formalaşır.

İqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, mövcud qiymət artımının səbəbini həm istehsalçılar, həm də nazarətedici qurumlar izah etməlidirlər. Nə baş verdi ki, birdən-birə siqaretin qiyməti 50 qəpik qalxdı?

Ekspertin sözlərinə görə, siqaretin bahalaşmasının obyektiv səbəbi ölkədə istehsalın olmamasıdır: "Faktiki olaraq, Azərbaycanda tütün istehsalı yox səviyyəsindədir. Halbuki Azərbaycanda vaxtı ilə tütün istehalında müəyyən irəliləyişlər olmuşdu. Ancaq son zamanlar bu sahədə xeyli geriləmə müşahidə olundu. Ölkədaxili istehsal aşağı olduğu üçün tütün məhsulları xaricdən gətirilir. Hətta yerli istehsal üçün istifadə olunan tütün də xaricdən alınır deyə, təbii olaraq maya dəyəri artıb. Sadəcə maraqlı məqam ondan ibarətdir ki, ikinci devalvasiyadan sonra tütünün qiyməti onsuz da qalxmışdı. Qəfil artımın səbəbləri istehsalçılar və dövlət nəzarət orqanları tərəfindən cəmiyyətə izah edilməlidir. Əgər ikinci devalvasiyadan sonra tutun məhsullarının qiymətində artım olmasaydı, bu bahalaşmanı təbii qarşılamaq olardı. Amma qiymət onsuz da qalxmışdı. Odur ki, indiki halda 50-60 qəpiklik artımın heç bir iqtisadi izahı yoxdur”.

İqtisadiyyat və Sənaye Nazirliyinin sadəcə tütün məmulatlarının qiymətlərinin tənzimlənən mal və xidmətlərin siyahısına daxil olmadığını bəyan etməklə kifayətlənməsinə gəldikdə isə N.Cəfərli deyib ki, burada söhbət siyahıya daxil olan tənzimlənən qiymətlərdən getmir: "Təbii olaraq, bazar iqtisadiyyatı şəraitində qiymətləri də bazar müəyyənləşdirir. Amma burada bizdə bazar iqtisadiyyatının elementləri yoxdur. Azərbaycanda tütün istehsalı ilə məşğul olan şirkət birmənalı inhisarçıdır. Ölkədə siqaret və tütün məmulatları istehsalı ilə məşğul olan onlarla fabrik, zavod olsaydı, bazarda rəqabətli mühit yaranardı və qiymətləri də bazar özü tənzimləyərdi. Ancaq Azərbaycan inhisarçı şirkət bazarın böyük bir hissəsinə nəzarət edir. Odur ki, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bu məsələyə nəzarət etməli, ən azından qiymətlərin tənzimlənməsində iştirak etməlidir. Ölkə qanunvericiliyinə əsasən hər hansı bir şirkət bazarın 33 faizindən yuxarısına nəzarət edirsə, artıq həmin sahə üzrə qiymətləri antiinhisar qurumları tənzimləməlidir. Hansı ki, bizdə inhisarçı şirkət az qala tütün bazarının 100 faizinə nəzarət edir”.

Şəymən