İqtisadi sanksiyalar Kremli bərbad günə qoyub

Böyük məsrəf tələb edən hərbi təlimlərin keçirilməsi ölkəni daha pis vəziyyətə salacaq
“Şəxsən mən Rusiya vətəndaşı olsaydım, Putinə narazılıq məktubu göndərərdim”


Rusiya Silahlı Qüvvələri sentyabrın 5-dən Cənub Hərbi Dairəsinin ərazisində irimiqyaslı təlimlərə başlayıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, "Qafqaz-2016” adlı strateji komanda-qərargah təlimi sentyabrın 10-na kimi davam edəcək.

Təlimlər Cənub Hərbi Dairəsinin ərazisində yerləşən poliqonlarda, Qara dəniz və Xəzər dənizinin akvatoriyasında keçiriləcək. Quru Qoşunları, Hava-Kosmik Qüvvələri, Hərbi-Dəniz Donanması, Hava Desant Qüvvələrinin cəlb olunduğu təlimlərdə Silahlı Qüvvələrin döyüş hazırlığı yoxlanılacaq. Təlimlərdə ümumilikdə 12,5 minə yaxın hərbçi, aviasiya, döyüş texnikası və hərbi gəmi iştirak edir. Ekspertlər hərbi təlimləri Rusiyanın "əzələ nümayişi” saysalar da, bu göstərişin mənasız və maddi cəhətdən zərərli olduğunu deyirlər. Təlimlərlə bağlı "Şərq”ə açıqlama verən politoloq Qabil Hüseynli deyib ki, onsuz da iqtisadi sanksiyalar Rusiyanı bərbad günə qoyub. Böyük məsrəf tələb edən hərbi təlimlərin keçirilməsi ölkəni daha pis vəziyyətə salacaq: "Şəxsən mən Rusiya vətəndaşı olsaydım, Putinə narazılıq məktubu göndərərdim. Bir həftə bundan qabaq Həştərxan yaxınlığında 50 qırıcı təyyarə müəyyən olunmuş hədəfləri raket silahları ilə atəşə tutdu və buna "döyüş tapşırığı” adı verdilər. Ondan öncə Xəzər dənizində irimiqyaslı hərbi təlimlər keçirildi. Hər təlimdə on minlərlə desant qüvvəsi, böyük hərbi gəmilər və iri texnikalar iştirak edirdi. Havadan da təlimlərə dəstək verilirdi. Görünən odur ki, Rusiya Cənub istiqamətində hərbi təlimlərə böyük diqqət yetirir. ABŞ isə hər zaman bu təlimlərə qarşı çıxır və yersiz məşqlərin ekologiyaya ciddi ziyan vurduğunu, siyasi çaxnaşma yaratdığını iddia edirlər. Ancaq təlimlər sadəcə ekologiyaya deyil, eyni zamanda Rusiyanın büdcəsinə də böyük zərbə vurur”. Ekspertin fikrincə, irimiqyaslı hərbi təlimlər rus vətəndaşının cibindəki sonuncu qəpiyini əlindən alır: "Rusiyanın cənub bölgəsi son zamanlar təlim zonasına çevrilib. Hər təlim milyardlarla rubl deməkdir. Həmçinin, hərbi xidmət keçmiş bir zabit kimi deyirəm ki, təlimlərdə xeyli mərmi, raket israf olunur, hətta ölüm hadisəsi baş verir. Rusiyanın əzələ nümayişinin heç bir mənası yoxdur. Dəfələrlə demişəm, yenə deyirəm, dünyanın ən güclü dövləti ABŞ-dır. Amerikanın hərbi potensialı, malik olduğu silahların texnoloji parametrləri heç bir ölkədə yoxdur. Rusiyanı ABŞ-la müqayisə etmək gülüncdür. Amerika ilə kəllə-kəlləyə gəlmək böyük riskdir”.

İsmayıl