Novella Cəfəroğlu: “3200 manat o qədər də böyük vəsait deyil axı ona görə 10 aylıq körpənin cəsədi yad yerdə girov qalsın”
İran 10 aylıq azərbaycanlı körpənin nəşini girov saxlayır
Qənirə Paşayeva: “Baş Konsulumuz qısa zaman içində məsələnin həllini tapacağını bildirdi”
Novella Cəfəroğlu: “3200 manat o qədər də böyük vəsait deyil axı ona görə 10 aylıq körpənin cəsədi yad yerdə girov qalsın”
Novella Cəfəroğlu: “3200 manat o qədər də böyük vəsait deyil axı ona görə 10 aylıq körpənin cəsədi yad yerdə girov qalsın”
Azərbaycan vətəndaşlarının yerli həkimlərə etibar etməyərək, müalicəyə xaricə getmələri artıq adi hala çevrilib. Təbii ki, bu tendensiyanın da günü-gündən artmasının başlıca səbəbi Azərbaycanda tibb sahəsinin lazımi səviyyədə olmamasıdır. Qeyri-peşəkar həkimlər insanların gözünə qorxu salıb. Xəstələr bəzən peşəkar olmayan həkimlərin əllərinə düşürlər, heç bir nəticə əldə edə bilmirlər və nəticədə bezib xaricə üz tutmalı olurlar. Azərbaycan vətəndaşlarının müalicə üçün ən çox üz tutduqları ölkə isə İrandır. Hətta bu istiqamətdə vəziyyət o qədər gərginləşib ki, az qala ayağına tikan batan da həmin tikanın çıxarılması üçün İrana pənah aparır.
Əksəriyyət isə qayıtdıqdan sonra İran həkimlərinin peşəkarlığını, müayinəsini ağızdolusu tərifləyirlər. Amma bu dəfə deyəsən, bıçaq sümüyə dirənib.
Daha doğrusu, İranın da "tərif”i çıxıb. Belə ki, İrana şəfa dalınca gedən Azərbaycan vətəndaşları çıxılmaz vəziyyətə düşüblər. Belə ki, 10 aylıq Dadaşzadə Qorqud Rövşən oğlu İran İslam Respublikasının Təbriz şəhərində "Kudəkan” xəstəxanasında yanvarın 20-də ağciyərinə düşən infeksiya nəticəsində ölüb. Tamahına hakim ola bilməyən İran həkimləri də meyiti girov saxlayıblar.
Həkimlər 3200 manat borcu əsas gətirib, uşağın meyitini ailəsinə verməkdən imtina edirlər.
Artıq bu məsələ Azərbaycanda ciddi müzakirələrə səbəb olub.
Hətta Azərbaycanın Təbrizdəki baş konsulu Əli Əlizadə Təbrizin "Kudəkan” xəstəxanasında vəfat edən uşağın meyitinin ailəsinə qaytarılması ilə bağlı məsələnin Azərbaycanın Təbrizdəki Baş konsulluğunun nəzarətində olduğunu deyib.
Onun sözlərinə görə, baş konsulluğun konsulu xəstəxanada olub: "O, uşağın valideynləri ilə görüşüb. Cümə günü İranda istirahət günü olduğundan məsul şəxslər işdə yoxdur. Sabah həm xəstəxana, həm də Təbriz Tibb Universitetinin məsul şəxslərindən xahiş edəcəyik ki, imkanları çatdığı qədər müəyyən güzəştlər etsinlər ki, tezliklə uşağın meyitini Vətənə yola salaq. Xahiş etmişik, borcun müəyyən hissəsini keçiblər. İran pulu ilə təxminən 5 milyon tümən borc qalıb. Ümid edirik ki, müəyyən güzəştlər olar, Təbriz tibb universitetlərinin köməkliyi ilə meyiti ailəyə verərlər. Biz də əlimizdən gələn köməyi etməyə çalışırıq”.
İranın Azərbaycandakı səfirliyinin mətbuat katibi Məhəmmədrza Nəcəfi isə Qorqud Dadaşzadənin Təbrizin "Kudəkan” xəstəxanasında vəfatına görə təəssüfləndiyini bildirib.
Onun sözlərinə görə, hər il müxtəlif ölkələr, o cümlədən Azərbaycandan minlərlə insan müalicə üçün İrana üz tutur: "Onların əksəriyyəti İranda aldıqları müalicədən razılıq edirlər. Dünyada mövcud olan bütün xəstəxanalar öz xəstələrinin sağalması və şəfa tapmasını istəyir. Hər halda Allahın təqdiri ilə də barışmaq lazımdır”.
Məmmədrza Nəcəfi bildirib ki, görülən tədbirlər nəticəsində 15 min 500 manat borcdan 12 min 300 manatı İranın xeyriyyə cəmiyyəti tərəfindən ödənilib, yalnız 3200 manat borc qalıb: "Biz yenə də məsələni diqqətdə saxlayırıq. Azərbaycan Respublikasının Tehran və Təbriz şəhərlərində yerləşən siyasi nümayəndəlikləri, eləcə də Azərbaycanın humanitar qurumlarının öz vətəndaşına yardım üçün lazım olan addımı atacağına ümid edirik”.
Millət vəkili Qənirə Paşayeva isə artıq İrana müalicəyə aparılan Qorqud Dadaşzadənin meyitinin Azərbaycan tərəfinə verilməməsi ilə bağlı səlahiyyətli şəxslərlə danışıqlar apardığını deyib. Xanım millət vəkili müzakirələr nəticəsində həmin körpənin vətənə gətirilməsi ilə bağlı razılıq əldə edə bilib: "Əziz dostlar, mesaj qutuma Təbrizdə xəstəxanada ölən 10 aylıq Dadaşzadə Qorqud Rövşən oğlunun meyitinin 3200 manat borcu əsas gətirərək valideynlərinə verilməməsi barədə göndərdiyiniz məlumatı ürək ağrısı ilə oxudum. "Bu məsələdə ailəyə dəstək göstərə bilərsinizmi” sualınıza cavab olaraq demək istəyirəm ki, bir az öncə ölkəmizin İrandakı səfiri Cavanşir müəllim və Təbrizdəki Baş Konsulu Əli müəllim ilə bu mövzunu geniş müzakirə etdik. Məsələ artıq Cavanşir müəllimin və Əli müəllimin diqqətində və nəzarətindədir. Əli müəllim dedi ki, Baş Konsulluğumuz ailəyə kömək üçün bu məsələ ilə məşğul olacaq və Qorqudun meyitinin alınıb ailəsinə verilməsinə kömək göstərəcək. Baş Konsulumuz qısa zaman içində məsələnin həllini tapacağını bildirdi. Artıq bu barədə ailəyə də məlumatları verdim. Körpə Qorqud nur içində yatsın. Allahdan ona rəhmət, ailəsinə səbr diləyirəm”.
Hüquq müdafiəçisi Novella Cəfəroğlu da deyib ki, hökumət və ya ictimaiyyətin dəstəyi ilə körpənin meyiti ölkəmizə gətirilməlidir: "Hər halda ailənin maddi durumu çox aşağı olmasa, bu vaxta qədər məsələ uzanmazdı. Kasıbdır deyə, uşağın meyiti İranda qalmamalıdır ki? Hesab edirəm ki, aidiyyəti qurumlar bu məsələyə diqqət ayırmalı və həmin ailəyə yardım etməlidir. Azərbaycandakı Xeyriyyə Cəmiyyətləri, bu problemi həll edə bilər. 3200 manat o qədər də böyük vəsait deyil axı ona görə 10 aylıq körpənin cəsədi yad yerdə girov qalsın”.
Hüquq müdafiəçisinin sözlərinə görə, aidiyyəti qurumlar heç bir addım atmadığı halda Azərbaycan ictimaiyyəti kampaniya təşkil edib bircə günün içində həmin pulu yığa bilər: "Sadəcə olaraq, bu hadisəni ictimailəşdirmək və millətə çağırış etmək lazımdır. Biznesmenlər kömək əli uzada bilərlər. Ən azından imkanı olanlar 10 manatdan yığar, lap bir manatdan da olsa, həmin pulu toplamaq olar”.
Şəymən