"İran Avropaya etibarı olmadığından yaxın həftələrdə nüvə razılaşmasından çıxmağı düşünür”.
Bunu "Sherg.az” rəsmi Tehranın bu barədə bəyanatlarının mahiyyətini izah edərkən Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Sədrəddin Soltan deyib.
O bildirib ki, vəziyyətin bu həddə çatacağı istisna edilmirdi:
"Altılıq ölkələrindən üçü - Almaniya, Fransa və Böyük Britaniya- Amerikanın Avropadakı ən yaxın müttəfiqidir. ABŞ prezidenti Donald Tramp may ayında nüvə razılaşmasından çıxdıqlarını bəyan etdikdə Fransa, Almaniya və Britaniya sərt reaksiya verdilər. Daha sonra isə hər üçü Amerika hökumətinə məktub ünvanladı. Məktubda bildirildi ki, İranda fəaliyyət göstərən Avropa İttifaqı şirkətlərinə ABŞ təzminat verməlidir.
Bu da proqnozlaşdırılırdı ki, Aİ ölkələri nüvə razılaşmasından çıxmadıqlarını bəyan etsələr Amerika ilə razılaşmalar əsasında bu istiqamətdə danışıqlar aparacaqlar. İran rəsmilərinin son günlərdə verdiyi bəyanatlar təsdiqləyir ki, ABŞ və onun Avropadakı müttəfiqləri arasında razılaşmalar var. Növbəti aylarda bu barədə açıqlamaların şahidi olacağıq”.
İran rəsmilərinin uranın zənginləşdirilməsi istiqamətində verdikləri bəyanatlara gəlincə, bunlar daha çox avantüra xarakteri daşıyır:
"Çünki İran atom-nüvə proqramı ilə müqavilənin belə səviyyəyə gəlməsi üçün uzun müddət çalışıb, bəzi proqramlardan imtina edib. Nüvə proqramı məsələsində şəffaf olduğunu bəyan edir. İran ittihamlara cavab vermək istəmirsə, deməli, atom-nüvə proqramı istiqamətində fəaliyyətini davam etdirəcək, nüvəni zənginləşdirəcək. Bu isə ABŞ prezidentinin bəyanatlarına haqq qazandıracaq. Ona görə, İranın şübhələri artırmağa cəhd edəcəyinə inanmıram. Bir müddət bəzi bəyanatlar veriləcək, nəticədə İran və "Altılıq ölkələri” nüvə razılaşmasına yenidən qayıdacaqlar. Rəsmi Tehran nüvə məsələsi ilə bağlı fəaliyyətini bir qədər də şəffaf təşkil edəcək. Bu dövlətin kəskin addım atacağını düşünmürəm”.
Qeyd edək ki, İranın xarici işlər nazirinin müavini Abbas Arakçı nüvə razılaşmasının perspektivinə münasibət bildirərkən yaxın həftələrdə İranın nüvə razılaşmasından çıxmağa hazırlaşdığını söyləyib. O bu addımı İran vətəndaşlarının Avropaya etibarının qalmaması ilə əsaslandırıb.
Aysel Aslan