Aksiyaçıların silahdan istifadə etdiyi bildirilir
İranda vəziyyət qarışıb. Bu ölkənin iki bölgəsində futbol matçından sonra başlanan aksiyalar silahlı qarşıdurmaya çevrilib. Toqquşma ərəblərin yaşadığı Ahvaz və Huzistan bölgələrini əhatə edib. Türkiyə mətbuatının yazdığına görə, polisin sərt müdaxiləsindən sonra aksiya daha da şiddətlənib. Aksiyaçıların silahdan istifadə etdiyi bildirilir.
Hazırda Ahvaz bölgəsinə ordunun yeridildiyi qeyd olunur. Yada salaq ki, 1925-ci ildən İranın nəzarətində olan Huzistan və Ahvaz bölgələrində sünni ərəblər yaşayır. Beynəlxalq İnsan Hüquq Təşkilatları İran rejiminin, bu bölgələrin yerli əhalisinə qarşı assimilyasiya siyasəti apardığını iddia edir. Bu arada qeyd edək ki, adıçəkilən ölkə prezidenti Həsən Rohani dünyanın aparıcı 6 dövlətilə (Rusiya, Britaniya, Almaniya, Çin, ABŞ və Fransa) nüvə danışıqlarında rəsmi Tehranın aşkarlıq nümayiş etdirməyə hazır olduğunu deyib. Həmçinin İran rəsmisi Həmin Baedinijad qeyd edib ki, Tehranın nüvə proqramına "konstruktiv yanaşma” mayın 6-7-də Nyu-Yorkda "altılıq” qrupuna daxil olan ölkə ekspertləri səviyyəsində keçirilmiş görüşdə nümayiş etdirilib.
Və texniki səciyyəli danışıqlar aparılmış Nyu-York görüşünün nəticələrini Aİ nümayəndələri də müsbət qiymətləndiriblər. Yada salaq ki, 2013-cü ilin noyabrında İran və "altılıq” Tehranın nüvə proqramına dair müəyyən razılığa gəlmişdilər. Həmin razılığa əsasən Tehran nüvə proqramının miqyasını, o cümlədən, 20 faizədək zənginləşdirilmiş Uran ehtiyatını ixtisar etməsi müqabilində Qərb İrana qarşı nüvə sanksiyalarını yumşaltmağı vəd edib. Tərəflər arasında əldə edilmiş müqavilə bu il yanvarın 20-dən yerinə yetirilməyə başlanılıb. Bundan başqa, cənub qonşumuzn XİN rəhbərinin müavini Abbas Araqçı da altılıqla razılaşmaya dair maraqlı bəyanatla çıxış edib. Sitat: "Biz "altılıq”la ortaq qərara yaxınıq. Demək olar ki, bütün məsələlərdə razılığa gəlmişik. Artıq bütün məsələləri müzakirə etmişik. Yalnız iki-üç məsələdə ortaq nəticəyə gələ bilməmişik”.
Cənub qonşumuzdakı durumu analiz edən "Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu "Şərq”ə bildirib ki, rəsmi Tehran nüvə məsələsini həll etməyə çalışır. Ekspertin qənaətincə, İranın vəziyyəti ağırdır: "Bununla yanaşı, görürük ki, İranın Livanda maraqları var. "Hizbullah” kimi təşkilata maliyyə və silahla təmin edir. Livanda vəziyyəti gərgin olaraq saxlayır. Maraqlarını qoruyur. Daha sonra Suriyada Əsəd rejiminə ciddi dəstək verir. Əsədin yıxılmasına imkan vermir. Bundan əlavə, İraqda şiələri dəstəkləyir. İraqda şiələr çoxluq təşkil edirdi. Seçkilərdə şiələrin namizədi prezident seçildi. Bu da İranla İraqın yaxınlaşmasına gətirib çıxartdı. İran bu 3 ölkədə fəaldır. Həmin ölkələrdə İranın hərbi qoşunları yerləşdirilib. Hətta İran Yəməndə də "Nursi” qruplaşmasını silahlandıraraq hakimiyyətin devrilməsinə nail olub. İranın artıq 4-cü dövlətdə maraqları təmin olunur. Şübhəsiz ki, bu, ərəb dünyasında narahatlıq doğurur. Fikir verin, Səudiyyə Ərəbistanı "Ərəb koalisiyası” formalaşdıraraq Yəməni bombalayır. Çünki İranın bölgədə fəallaşmasından narahatdır. Bu səbəbdən də İranı daxildən zəiflətməyə çalışırlar”. Ekspert İranda baş verən təlatümün arxasında xarici qüvvələrin dayandığını istisna etmir: "Qərb və ərəb dünyası bu ölkəni daxildən zəiflədib, regiona təsir imkanlarını azaltmaq istəyirlər. Ona görə də qonşu ölkədə yaşananları təsadüf saymıram”.
Ayyət Əhməd