İran sosial etiraz və inqilab arasında - TƏHLİL
Bu bayram günlərində Rusiyanın yeni istehsalı olan Trotski serialına baxdım. Məncə yaxşı çəkiblər. Tövsiyyə edirəm. Filmdə ən çox xoşuma gələn məqam ölkədəki inqilabi vəziyyət və xarici qüvvələrin bu vəziyyətdən necə isitifadə etmələrinə çalışmaları arasındakı nisbətdi. Rusiyada son zamanlar geniş yayılmış və icitmai şüura məqsədli şəkildə yeridilən fikir odur ki, dünyanın bütün yerlərində inqilablar ancaq və ancaq tam xarici qüvvələrin təhriki, əli, iştirakı və planı ilə baş vermişdir. Filmdən də əvvəl bunu gözləyirdim. Çünki, ictimai müzakirələrdə tez-tez bolşeviklərin hakimiyyətə gəlməsində onlara və Leninə almanların dəstəyi həddindən artıq qabardılır və guya, almanların dəstəyi olmasaydı Rusiyada heç bir inqilabi təlatümlər olmayacaqdı. Filmdə isə inqilabçılarla xarici qüvvələrin arasında bu incə münasibət çox yaxşı əks edilib. Hər iki tərəf inqilabçılar və xarici qüvvələr müəyyən sərhədlərə qədər bir birindən istifadə etməyə çalışır. Ən əsası isə odur ki, filmdə ölkədə həqiqətən mövcud olan inqilabi şərait və onun passionar liderlərinin şəxsi keyfiyyətləri aşağılanmır və ikinci plana keçirilmir.
İndi gələk İrana. İranın XX əsr tarixi ən azı üç inqilab görüb. Rusiyadan fərqli olaraq bu üç inqilabın hamısı xarici qüvvələrin və imperialistlərin maraqları ilə ziddiyyət təşkil edib və xarici qüvvələr hər dəfə onun boğulmasına çalışıb. Ona görə bu inqilablar həm də anti imperialist xarakter daşıyıb. Birinci inqilab (1905-11) və ikinci inqilab (1951-53) xarici qüvvələrin dəstəyi ilə yatırılıb, üçüncüsü isə alınmayıb. Bəli, İran inqilablar ölkəsidir. Burda elə də pis bir şey yoxdur bəlkə də. İnqilablar dərin tarixi kökləri, intellektual və dinamik potensialı olan ölkələrə xas bir xüsusiyyətdir. Fransa kimi.
İranın tarixində ölkənin və regionun gələcəyi üçün faciəvi dönüş isə zənnimcə 1951-53-cü illər dövrü və Müsəddiq hökumətinin ABŞ və Britaniya xüsusi xidmət orqanlarının iştirakı ilə devrilməsi və sonrakı dövrdə despotik şah rejiminə dəstəyi oldu. Tarix elmi "olsaydı-olmasaydı və əgərləri" və alternativ ssenariləri qəbul etmir. Ancaq dünyanın İran tarixi ilə məşğul olan bütün mütəxəssislərinin demək olar ki, yekdil fikrinə görə Müsəddiq vaxtilə devilməsəydi, İran bu gün tamamilə başqa ölkə olardı. Qısaca belə göstərilir ki, şah baş nazir Müsəddiqdən sonra qarşısında olan bütün sekulyar müxalifəti solu, sağı, liberalı və milliyyətçini sıradan çıxarandan sonra etiraz kütləsi keçdi dindarların inhisarına. Dindarlara qarşı represiyalar isə onları daha da mübarizləşdirdi və sıralarını genişləndirdi, çünki şiəliyin əsasında məhz mübarizlik və əzabkeşlik narrativi durur.
Məsələ burasındadır ki, belə alındı ki, 1979-cu il inqilabından sonra siyasi şiəlik çoxmillətli İran dövlətinin bütövlüyü üçün yeganə birləşdirici ideologiya kimi əslində İran dövlətçiliyi üçün rasional seçim oldu. Bu həm də geniş regiona güc proyeksiyası üçün alternativ ideologiya və vasitə oldu. Hər dəfə İranda inqilablara xarici qüvvələrin qarşı çıxması İranda anti-amerikanizmin əsas səbəblərindən biri idi. Eyni zamanda anti-amerikanizm və anti-Qərb ideologiya, "əzilmiş xalqların yanında olmaq (Fələstin)" region hazırkı ideologiyanın əsasları kimi çox məntiqli və rasional seçim oldu. İrandan başqa da əzilmiş xalqların yanında olmaqla regionda güc proyeksiyası etməyə çalışanlar var.
Qərb və Amerika həm də ona görə düşmən oldu ki, o özündə hazırkı İranın bütövlüyünü təmin edən və kütlələri ətrafında mobilizasiya edən ideologiya və doqmaları dağıdan sekulyarizm, dünyəvilik, liberalizm və azlıqların hüquqları məsələsini gətirir və təmsil edir.
İranda inqilabi transformasiyanın baş verdiyini və nəsil dəyişikliyinin ölkənin simasını dəyişdiyini və dəyişəcəyini hələ bir neçə il əvvəldən dəfələrlə yazmışam. İranın sakitcə (sekulyar) inqilabi dəyişiklik yaşadığını keçən ilki səfər təəssüratlarımda yazmışdım. Buna başqa nümunə etirazlardan əvvəl Tehranda başörtüsü ilə bağlı yumşalma xəbəri idi. Amma burda inqilabların tarixi və məntiqi dinamikası üçün maraqlı bir nüans var. İranda inqilabi zəmin var. İnqilabi şərait var ancaq alternativ ideologiya və kütlələri arxasınca apara biləcək passionar liderlər yoxdur. Bu özünü İrandakı son hadisələr zamanı etirazların kor təbii baş verməsi, liderlərin olmaması və etiraz dalğasını hansısa siyasi məqsədlər üçün yönəldilməməsində göstərdi. İnqilabi şərait nə qədər vacibdirsə, onun önündə gedən liderlərin şəxsi keyfiyyətləri və qabiliyyətləri, aydın ifadə edilən alternativ ideologiya da bir o qədər vacibdir. Hazırda İran üçün alternativ ideologiya çox çətin məsələdir, səbəbini yuxarıda yazdım.
Görünən isə odur ki, bu son hadisələrdə hətta 2009-cu il Yaşıl hərəkatın liderləri səssiz qaldılar. Bu orta sinifin və intellektual elitanın səssiz qalması deməkdir. Onları yəqin ki, proseslərin təkamül yolu ilə onların istədiyi istiqamətdə inkişafı qane edir. Hələlik görünən odur ki, etirazlar sosial-iqtisadi vəziyyəti ağır olan aşağı kütlənin üsyanından o tərəfə keçə bilmir.
Bəli, XX əsrdəki III İnqilab da dərin sosial (iqtisadi) problemləri tam həll edə bilmədi. Bu inqilab ölkəni müəyyən mərhələyə qədər gətirdi ancaq artıq dövrün tələblərini tam ödəmir. Növbəti yenilənmə mərhələsinə ehtiyac var. Növbəti yenilənmə mərhələsinə və inqilabi dəyişikliyinə ehtiyac var deyirəm, ancaq bu etirazlara hələlik inqilab deyə bilmirəm. Sosial etirazlardı. Fərqlidir.
Bu sosial etirazların öz səbəbləri var. Birincisi odur ki, Ruhaninin nüvə sazişini imzalamasından sonra iqtisadi vəziyyətin düzələcəyi ilə bağlı böyük ümidlər özünü doğrultmadı. Ruhani və komandası nüvə məsələsi ilə bağlı sanksiyalar götürüləndən sonra iqtisadi vəziyyətin düzələcəyi ilə bağlı böyük vədlər vermişdi. Bəli, bugünkü sosial etirazlarda vaxtilə İrana qoyulmuş iqtisadi sanksiyaların böyük rolu vardı. Ancaq bir məsələni də unutmayaq. Nüvə müqaviləsi imzalanandan sonra Obama administrasiyası İrana təyyarələrlə milyardlarla dolları İrana göndərdi. Hara getdi o pullar? Suriyada, Yəməndə müharibənin və Hizbullah kimi təşkilatların maliyyələşdirilməsinə. Bundan əlavə Ruhanigil iqtisadi islahatlar həyata keçirməyə çalışırdı. Əsas maneə kim idi? İqtisadiyyatı və bütün gəlirli sahələri monopoliyada saxlayan İslam İnqilabının Keşikçiləri briqadasında. Ona görə düşməndilər.
Dediyim ki, hazırkı hadisələri inqilab adlandırmaq hələ çox tezdi. İnqilab üçün zəruri elementlər çatmır. Hər şeyi bu etiraz dalğasının gələcək miqyası həll edəcək. O ancaq həddindən çox dağıdıcı nəticələrə gətirib çıxarsa ancaq keyfiyyət dəyişikliyinə yol aça bilər. Hələlik görünən odur ki, böyük qan tökməkdən hakimiyyət çəkinir və prosesi siyasi mübarizə müstəvisinə çəkməyə çalışır. Ancaq bu hadisə sözsüz ki, izsiz ötüşməyəcək. Hansısa böyük günah keçisinin tapılması zəruri ola bilər. Bu Ruhani ola bilər, düşmənləri çoxdur.
Ruhani hazırkı İran rejimi üçün çox vacib və maraqlı tarixi funksiyanı oynayırdı. O, sistem daxilində özünün islahatçı, liberal və mötədil imici ilə ölkədəki etiraz kütləsinin böyük hissəsinə ümidlər verərək, onları kəskin addımlar çəkindirərək ümumilikdə rejimin ömrünü uzadırdı. Bu cür personajın önə çıxmasına 2009-cu il Yaşıl hərəkatından və Ərəb baharı dalğasından sonra böyük ehtiyac yaranmışdı. O, hərhalda belə bir treyklə hakimiyyətə gəlmişdi https://www.youtube.com/watch?v=TYytErqGdC4
Onun iflası etiraz kütləsinin hakimiyyət daxilində sonuncu ümidlərini kəsəcək və inqilabi dəyişikliyi və qarşıdurmanı daha da yaxınlaşdıracaq. İnqilabların dinamikasında maraqlı bir məqam var. XIX əsrin sonu XX əsrin əvvəllində bolşeviklər özlərinin inqilabi terrorlarının hədəfi kimi məhz çar Rusiyasında islahatçı imici olan məmurları seçməklə inqilabı yaxınlaşdırırdılar.
Ruhanidən və Xameneidən sonra hazırkı İran rejimi üçün çox çətin olacaq. Mən İran haqqında heç nə demirəm. Dövlətlə onu idarə edənləri bir birindən ayırıram. Başqa mövzudu. Xamenei həqiqətən hazırkı mürəkkəb unikal dövlət sistemini və qüvvələr balansı arasında incə balansı tapan böyük strateqdir. Yalnız o, bu qədər rejimin ömrünü uzada bilərdi. Onun intellektual portreti haqqında bir neçə il əvvəl Foreign Affairs jurnalında çox yaxşı yazı çıxmışdı, tövsiyyə edərdim oxuyasınız. Üfüqdə onun bənzəri yoxdu.
Trotskinin filmini başda nə üçün misal gətirdim. Onu demək üçün ki, İrandakı hadisələrin səbəbi mənşəyi yerlidir, inqilabi zəmin yerlidir. Bu inqilabi zəmini sürətləndirən xarici sanksiyalar başqa mövzudu, onun da haqqında da yazdım. Hazırkı Tramp administrasiyasının bunun arxasında durmasını heç cürə inanmıram. Bəli, hazırkı administrasiya prosesdən istifadə etməyə və alovlandırmağa çalışacaq, amma hazırkı kadrlarla və ağıllarla bunu necə edəcək o da başqa məsələdi. Çox maraqlı situasiya yaranıb. Tramp hakimiyyətə gələndən İrana qarşı sərt siyasət yeritməyə çalışır. Nüvə sazişini ləğv etməyə çalışdı alınmadı, demokratlar və Avropalılar hər cürə blokladılar. Liberal mətbuat başda CNN olmaqla İranı müdafiə etmək üçün əllərindən gələni etdilər. İndi də maraqlı vəziyyətdi liberal-sol mətbuat demək olar ki, susur ancaq Foxnews digər sağçı trampçı mətbuat hadisələri diqqət mərkəzində saxlayıb, İran hakimiyyətini tənqid edirlər.
Fuad Çıraqov,
Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin məsləhətçi eksperti