İran Türkiyəyə qarşı...

Fazil Mustafa: “Türkiyə arxa planda İranla dostluq əlaqələri quran ABŞ-a görə, İranla münasibətlərini arzuolunmaz məcraya yönəldir”
Azər Quluzadə: “Türkiyə-İran münasibətlərində durum göründüyü kimi gərgin deyil”






Yəməndə baş verən proseslər bölgə dövlətlərini üz-üzə qoyub. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın olaylara görə İranı ittiham etməsi qarşı tərəfin sərt etirazına tuş gəlib. İranın xarici işlər naziri Cavad Zərif prezident Ərdoğanın çıxışını tənqid edib. Bununla kifayətlənməyən İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədr müavini Mənsur Həqiqətpur hökumətə müraciət edərək Türkiyə prezidentinin İrana gözlənilən səfərinin ləğvini istəyib.

Həmçinin, Türkiyənin Tehrandakı nümayəndəsi İranın Xarici İşlər Nazirliyinə çağırılaraq Ərdoğanın ifadələrinə aydınlıq gətirilməsini tələb edib. Ancaq Türkiyə Prezidenti İrana səfər proqramında hər hansı dəyişikliyin nəzərdə tutulmadığını açıqlayıb. Ərdoğan etiraz edənləri nəzərdə tutaraq "onlar mənim tərəf-müqabilim deyil” deyə cavab verib. Məlumat üçün bildirək ki, İranla Türkiyə arasında münasibətlər Suriya münaqişəsindən və İraqda yaranmış vəziyyətdən sonra gərginləşməyə başlayıb.

Ərdoğanın kəskin bəyanatları Suriya mövzusunda İrana təzyiq məqsədi daşıyır

Bir sıra müşahidəçilərə görə, əslində durum göründüyü kimi deyil. Türkiyə regional siyasi vəziyyətlə bağlı Tehranla anlaşmaqda maraqlıdır. İran da Yaxın Şərqdə davam edən aktiv siyasi proseslərdə Türkiyənin ərəb blokundan qopmasında maraqlıdır. Bu səbəbdən üzdə görünən sərt bəyanatlar iki ölkənin planlaşdırılan siyasi müzakirələrinə təsir etməyəcək. Üstəlik, İranın nüvə məsələsində və Suriyada böhranın həll olunması mövzusunda hər iki ölkənin ortaq maraqlarına cavab verə biləcək variant üzərində hazırda ciddi danışıqlar gedir. O ki qaldı Yəmən mövzusunda sərt çağırışlara, ekspertlərə görə, Ərdoğanın kəskin bəyanatları Suriya mövzusunda İrana təzyiq məqsədi daşıyır. Çünki son dövrlərdə Türkiyə Yaxın Şərqdəki siyasi proseslərdə küncə sıxışdırılıb və toqquşan tərəflər Qərbin dəstəklədiyi ərəb rejimləri və İrandır. Türkiyə üçün proseslərdə əsas keçid nöqtəsi Suriya böhranının həllini tapmasıdır. Bu məsələ isə daha çox Rusiya və İranın güzəştlərindən asılıdır.

ABŞ özü İranla dost olur, arada Türkiyəni düşmənə çevirir

Millət vəkili Fazil Mustafa deyib ki, Türkiyənin açıq mətnlə İrana qarşı sərt mövqe ifadə etməsini məntiqlə izah etmək çətindir: "Türkiyənin Yəmənə qarşı yaradılmış ərəb koalisiyasına dəstək verməsinin də mənası yoxdu. İran son illərdə ən yanlış xarici siyasət izləməkdədir. Öz sərhədlərindən kənarda açıq formada siyasi müdaxilə ilə məşğuldur. Onsuz da bu addım İsraili, dolayı yolla da bütün yəhudi lobbisini rahatsız etməyə başlayıb. Onlar hansısa formada öz təhlükəsizliklərini qorumaq üçün işin içinə girəcəklər. Belə bir məqamda ancaq söz duellosu ilə ortaya atılmağa nə lüzum vardı? Türkiyə arxa planda İranla dostluq əlaqələri quran ABŞ-a görə İranla münasibətlərini arzuolunmaz məcraya yönəldir. Yəni müşahidə olunan budur ki, ABŞ özü İranla dost olur, arada Türkiyəni düşmənə çevirir. Fikrimcə, bütün bunların Azərbaycana da təsiri olacaq”.

Ərdoğanın İran səfəri hər iki ölkəyə hava-su kimi lazımdır

Siyasi ekspert Azər Quluzadə bildirib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Yəməndə baş verən hadisələrə görə İranı ittiham etməsi cavabsız qala bilməzdi. Amma politoloqun sözlərinə görə, bu inciklik Ərdoğanın səfərinə mane olmayacaq. Çünki səfər hər iki ölkəyə hava-su kimi lazımdır: "Tehranla Ankara arasında müzakirə ediləsi çoxsaylı mövzular var. Ümumiyyətlə, Ərdoğanın bu səfərini bölgədə yaranmış ciddi problemin həllinə təşəbbüs kimi qiymətləndirirəm. Hesab edirəm ki, bölgədə yerləşən nüfuzlu ölkələri ittiham etmək əvəzinə, danışıqlar masası arxasına oturaraq regionun reallıqlarını və şərtlərini nəzərə almaqla yaranmış problemin birgə həllinə və regionda sülh və sabitliyin təmin olunmasına doğru addımlar atılmalıdır. Əslində Türkiyə-İran münasibətlərində durum göründüyü kimi gərgin deyil və tərəflər regional siyasi vəziyyətlə bağlı bir-birilə anlaşmaqda maraqlıdır. Nəzərə alaq ki, bu səfər İranın nüvə məsələsində və Suriyada böhranın həll olunması mövzusunda hər iki ölkənin ortaq maraqlarına cavab verə biləcək variant üzərində ciddi danışıqların getdiyi vaxta təsadüf edir. Bu səbəbdən üzdə görünən sərt bəyanatlar iki ölkənin planlaşdırılan siyasi müzakirələrinə təsir etməyəcək”.

İsmayıl