İranda ingilis dilinin qadağan olunması gülüncdür

“Uzun illərdir bu dil tədris olunur. İndimi ölkə “Qərbin mədəni işğalı”na çevrildi?”





Etiraz aksiyaları ilə çalxalanan İranda ibtidai siniflərdə ingilis dili qadağan edilib. Qərar ali rəhbər Seyidəli Xamaneinin ingilis dilinin tədrisini "Qərbin mədəni işğalı” elan etməsindən sonra verilib. İran Yüksək Təhsil Şurasının başqanı Mehdi Navid Adham "Dövlət və özəl ibtidai məktəblərdə ingilis dilinin tədrisi qanuna ziddir” deyərək qadağan ediləcəyini bildirib.

Adham vurğulayıb ki, "məktəblilər ilk öncə İran mədəniyyətinin təməllərini öyrənməlidirlər”. İranda ingilis dilində təhsil əsasən orta məktəblərdə, yəni 12-14 yaş arasında başlayır. Ancaq bəzi məktəblərin ibtidai siniflərində də ingilis dili tədris edilir. Məlumdur ki, İranda baş verən etiraz aksiyaları Qərb dünyası, xüsusən ABŞ və bəzi Qərbi Avropa ölkələri tərəfindən açıq formada dəstəkləndi. Hətta Amerika rəhbərliyi etirazları körükləyən açıqlamalar verdi. 

Bir sıra rəsmilər İrandakı nümayişlərin daha geniş vüsət almasında maraqlı olduqlarını dilə gətirərək, rejimin sonunu arzuladıqlarını ifadə etdilər. Ekspertlərin fikrincə, belə məqamda ingilis dili ilə bağlı gündəmə gələn qadağanı Qərbin düşmən mövqeyinə adekvat addım kimi dəyərləndirmək mümkündür. Görünür, bundan sonra Tehran hökuməti Qərbə, xüsusən ABŞ-a yönəlik daha sərt addımlar atacaq.

İrandakı prosesləri "Şərq”ə şərh edən politoloq Sədrəddin Soltan deyib ki, Tehran hakimiyyətinin nə vaxt hansı addımı atacağını proqnozlaşdırmaq çətindir. Onun sözlərinə görə, bu gün verilən qərar bir az sonra ləğv edilə və ya icrasına göz yumula bilər: 

"2016-cı ilin əvvəllərində İranın təhsil üzrə ali şurası ingilis dilindən başqa alman, fransız, italyan, ispan və rus dillərinin də İran məktəblərində tədrisi üçün şəraitin yaradılacağını bildirmişdi. Amma etiraz aksiyalarından sonra ingilis dili "Qərbin mədəni işğalı”na çevrildi. Qərar və onunla bağlı göstərilən əsas çox gülünc və çürükdür. İllər uzunu İranda ingilis dili tədris olunur. Əgər bu məsələ indi yada düşübsə, o zaman ingilis dili İranı çoxdan "işğal” edib. 

Fikrimcə, Tehran hakimiyyəti bununla Britaniyaya qarşı özünəməxsus etiraz edir. İngilis dilinin tədrisi dayandırılarsa, bu sahə üzrə mütəxəssislərin işlə təmini necə olacaq? Əslində İranın ingilislərdən qorxmasına ehtiyac yoxdur. Londonla-Tehran bir əsrdən artıqdır dost və əməkdaşdırlar. Bir sıra məqamlarda Britaniya İranı müdafiə edib. Lakin son illərdə İranı nüvə proqramı və islahatı keçirmədiyi üçün tənqid edib. Vəziyyət sərtləşəndə isə sanksiyaya qoşulub. "bp” İrandan ən son çıxan neft şirkətidir”.

 Ekspert bildirib ki, ingilis, erməni, ispan, alman və xarici dillərin tədrisi Tehrandakı bütün hakimiyyətlərin əsas hədəfləri olub:

"Tehran hakimiyyəti özündən əvvəlki Rza və Məhəmmədrza pəhləvilər kimi Azərbaycan türkcəsinin tədrisinə imkan verməyiblər. Tehran hakimiyyəti Azərbaycan türkünün milli varlığını inkar və təhrif edib. İngilis dilinin tədrisi isə bu hakimiyyətin mahiyyətinə və siyasətinə uyğun olub. Odur ki, bu qərarın icrasına bir az nəzarət edəcəklər, sonra vəziyyət əvvəlki kimi olacaq. Çünki İranda ingilis dilinin tədrisinin bir ənənəsi var. İran ABŞ, İsrail və Səudiyyə Ərəbistanı ilə yanaşı, son etiraz aksiyalarının təşkilində Böyük Britaniyanı da ittiham edirdi. Tehranın Londona təsir etmək üçün başqa imkanları yoxdur. Ona görə də dilin tədrisinin qadağan edilməsini Londona təsir və ya etiraz vasitəsi olaraq seçib”.

İsmayıl