İranın gündəmində indi başqa prioritet məsələ var

"Bu da ABŞ-la münasibətlərin hansı yöndə inkişaf edəcəyi ilə bağlıdır"
“Regionda müharibə həddinə çatan münasibətlərin gələcəyi hər kəsi maraqlandırır"



Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin Rusiya, Azərbaycan və İran dövlət başçılarının sammitinə hazırlıq getdiyini bildirib. Onun sözlərinə görə, prezidentlərin növbəti üçtərəfli görüşü avqust ayında Rusiyada keçiriləcək. Ekspertlərin fikrincə, üç ölkənin birgə sammiti bölgədə cərəyan edən proseslərə aydınlıq gətirmək məqsədi daşıyır. Rusiya, Azərbaycan və İran prezidentlərinin növbəti üçtərəfli görüşündə Tehranın ABŞ-la münasibətlərinin, enerji təhlükəsizliyi məsələsinin müzakirə ediləcəyi gözlənilir. Məlumdur ki, İran ətrafında cərəyan edən məsələlər Bakını da narahat edir. Azərbaycan İran üçün çox önəmli partnyor, tranzit ölkədir. Həm İran, həm də Azərbaycan Xəzərin statusu ilə bağlı Rusiyanın ortaya qoyduğu mövqeni dəstəkləyir. Üçtərəfli görüş zamanı ikitərəfli və üçtərəfli əməkdaşlıq məsələlərinin müzakirə olunacağı da ehtimal olunur.

Gözlənilən üçtərəfli sammitlə bağlı "Şərq”ə danışan Bakı Politoloqlar Klubunun rəhbəri, siyasi elmlər namizədi Zaur Məmmədov deyib ki, hazırlıqlar getsə də, hələlik görüşə kifayət qədər vaxt var. Analitikin sözlərinə görə, hazırda İran üçün gündəmdə başqa prioritet məsələ var. Bu da ABŞ-la münasibətlərin hansı yöndə inkişaf edəcəyi ilə bağlıdır: 

"Regionda müharibə həddinə çatan münasibətlərin gələcəyi hər kəsi maraqlandırır. Vaşinqton-Tehran gərginliyi fonunda Rusiya-İran münasibətlərində də soyuqluq müşahidə olunmaqdadır. Moskvanın publik şəkildə İrana dəstək verməməsi Tehranı Kremldən incik salır. 

Ancaq reallıq odur ki, Rusiya, İran və Azərbaycanı mühüm birgə layihələr birləşdirir. Xüsusən, Hindistandan Rusiyaya və Skandinaviya ölkələrinə gedəcək Cənub-Şimal Nəqliyyat Dəhlizi üç ölkəni birləşdirən mühüm projelərdəndir. Bundan başqa üç dövlət arasında xeyli sayda üçtərəfli iqtisadi layihələr də mövcuddur. Əlavə olaraq Dağlıq Qarabağ münaqişəsinin həllində həm Rusiyanın, həm də İranın mövqeyi olduqca həlledicidir. 

Ancaq təəssüflər olsun ki, hər iki ölkənin yanaşması Azərbaycanın maraqlarına cavab vermir. Yəni üçlü format çərçivəsində iqtisadi əlaqələrin güclənməsi prosesi getsə də, siyasi məqamlarda hər iki dövlət daha çox Ermənistanın yanında yer alırlar. Hər bir halda Rusiya-İran-Azərbaycan üçlü formatının inkişafı Azərbaycanın iqtisadi maraqlarına cavab verir. Bu o deməkdir ki, həm Rusiya, həm də İran iqtisadi cəhətdən Azərbaycanla əməkdaşlığa üstünlük verirlər”.

İsmayıl