Ölkə külli miqdarda vəsait əldə edərək iqtisadiyyatını dirçəldəcək
“İranın tarixində qızıl səhifə...”
ABŞ-ın sanksiyaları ləğv etməsi Tehranda sevinclə qarşılanıb
Ölkə külli miqdarda vəsait əldə edərək iqtisadiyyatını dirçəldəcək
Ölkə külli miqdarda vəsait əldə edərək iqtisadiyyatını dirçəldəcək
20 illik embarqodan sonra Tehran Qərblə anlaşmağa başladı. Belə ki, İran və BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü, o cümlədən Almaniya nüvə məsələsi ilə bağlı yekun razılaşmaya imza atdılar. Beynəlxalq Atom Enerjisi Agentliyi İranın nüvə proqramını minimallaşdırması ilə bağlı hesabatını yaxın zamanlarda elan edəcək.
Yəni yaxın günlərdə İrana tətbiq edilən sanksiyalar tamamilə ləğv oluna bilər. Artıq rəsmi Tehran nüvə fəaliyyətini beynəlxalq müşahidə altında razılaşmaya uyğun həcmdə azaldıb. Buna qarşılıq olaraq BMT, AB və ABŞ İrana qarşı sanksiyaları dondurmağı qərara alıb. Razılaşmaya İranın 100 milyard dollar civarında dondurulmuş vəsaitinin geri ödənməsi və neft ölkəsinin yenidən dünya enerji bazarına qayıtması kimi mühüm məqamlar da daxildir. ABŞ rəhbərliyi məsələ ilə bağlı müsbət mesaj verib. Rəsmi Vaşinqton bəyan edib ki, hər iki tərəf nüvə anlaşmasının qüvvəyə minməsi üçün doğru yöndə addımlar atıb. Razılaşmanın müjdəsi kimi, ABŞ 7 İran vətəndaşını azadlığa buraxıb. Tehran da həbsdə saxladığı 4 amerikalını azad edib. ABŞ Prezidenti Barak Obama İran üzərindən sanksiyaların qaldırılmasını alqışlayıb. Obama İran üzərindən sanksiyaların qaldırıldığı günü "yaxşı gün” adlandırıb. O deyib ki, iki ölkə arasındakı ixtilaflar onların maraqlarına xidmət etmir.
"İran tarixində qızıl səhifə açıldı”
İran Prezidenti Həsən Ruhani sanksiyaların ləğv edilməsi münasibəti ilə xalqını təbrik edib. Ruhani nüvə sazişini "İranın tarixində qızıl səhifə” adlandırıb: "Bu saziş ölkənin iqtisadi inkişafında dönüş nöqtəsidir. Hesab edirəm ki, razılaşma milli özünə əminliyi artıracaq”. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif də Venyana danışıqlarının nəticəsi ilə bağlı mətbuat konfransı keçirib. O bildirib ki, nüvə razılaşması bütün tərəflərin maraqlarını nəzərə alır. Həmçinin, razılaşma regional və beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edir: "Danışıqlarda iştirak edən bütün tərəflər nüvə razılaşmasının tarixi olduğuna inanırlar. Bu razılaşma dünyanın sabitliyinə və təhlükəsizliyinə təminat verəcək. Biz siyasi iradə ortaya qoyaraq effektiv razılaşmanı imzalaya bildik”. Yayılan məlumata görə, Ruhani gələn həftə İran tarixində ilk dəfə olaraq İtaliya və Fransaya səfər edəcək.
ABŞ İrana 1,7 milyard dollar ödəyəcək
ABŞ dövlət katibi Con Kerri İranın 1981-ci ildən bu günə qədər dondurulmuş olan 400 milyon dollarını faizləri ilə birlikdə geri qaytaracağını açıqlayıb. Bu, məbləğ faizi ilə birlikdə 1,7 milyard dollardır. Xatırladaq ki, İran hökuməti ABŞ-la diplomatik əlaqələri pozmamışdan əvvəl hərbi silah və sursat almaq üçün bu ölkəyə 400 milyon dollar ödəyib. Ancaq yaranmış sonrakı gərginliklə əlaqədar fars rejiminin ABŞ-dakı bütün maddi vəsaiti dondurulub.
Vaşinqtondan İrana yeni sanksiya
ABŞ bir sıra İran şirkətlərinin və fərdlərin üzərinə yeni sanksiyalar qoyub. Sanksiyaların bu yaxınlarda İran tərəfindən keçirilmiş ballistik raket sınağı ilə bağlı olduğu deyilir. Ölkənin Maliyyə Nazirliyi tərəfindən qoyulmuş yeni sanksiyalara görə, raket proqramı ilə bağlılığı olan 11 hüquqi və fiziki şəxs ABŞ-ın bank sistemindən istifadə edə bilməzlər. Yeni sanksiyalar İran üzərindən nüvə proqramı ilə bağlı bütün beynəlxalq sanksiyaların qaldırılmasından bir gün sonra tətbiq olunub. Amma hökumət bəyan edib ki, yeni sanksiyalar köhnələri ilə bağlı deyil. Ekspertlər də bildiriblər ki, növbəti sanksiyalar İranın "Emad” ortamənzilli raketlərinin sınağına görə tətbiq edilib. ABŞ kəşfiyyatı bu raketlərin nüvə başlığı daşımaq qabiliyyətində olduğunu açıqlayıb. İranın ali rəhbəri ayətullah Əli Xameneyi isə deyib ki, ölkənin raket proqramının onun nüvə fəaliyyəti ilə əlaqəsi yoxdur və İran öz müdafiə qüdrətini gücləndirməkdə davam edəcək.
Azərbaycan İrana qarşı sanksiyaların ləğvini alqışladı
Azərbaycan Xarici İşlər Nazirliyi "altılıq” ölkələri ilə İran arasında baş tutan ilkin razılaşmanı yaxşı hadisə kimi dəyərləndirib. XİN-in bəyanatında deyilib ki, Azərbaycan bu irəliləyişin əldə olunmasında bütün tərəflərin nümayiş etdirdikləri qətiyyət və əzmi yüksək qiymətləndirir: "Biz həmçinin, bu nailiyyət münasibətilə dost və qonşu İran xalqını təbrik edir və bu müsbət prosesin Azərbaycan-İran tərəfdaşlığının inkişafına təkan verəcəyinə əminliyimizi bildiririk”.
Rusiya İran üzərindən sanksiyaların götürülməsini təqdir edib
Rusiya Xarici İşlər Nazirliyinin feysbuk səhifəsində yerləşdirilən bəyanatında qeyd olunub ki, həm rəsmi Tehran, həm də "altılıq” ölkələr İranın nüvə proqramına dair öhdəliklərin yerinə yetirilməsi məsələsinə "soyuqqanlı” yanaşmalıdır. Rusiya XİN-i vurğulayıb ki, zənginləşdirilmiş Uran Nüvə proqramına dair Fəaliyyət Planında nəzərdə tutulduğu kimi İranın xaricinə göndərilir: "Bu planın uğurlu tətbiqi beynəlxalq və regional təhlükəsizliyin qorunmasına töhfə verəcək”. Ancaq İran üzərində sanksiyaların qaldırılması Rusiyanı "vurub”. Belə ki, prosesdən sonra ABŞ dollarının birja məzənnəsi 2016-cı ildə ilk dəfə olaraq 79 rubla yaxınlaşıb. Rublun belə sürətlə ucuzlaşmasına səbəb İrana qarşı sanksiyaların ləğv edilməsindən sonra neft qiymətlərinin kəskin aşağı düşməsi göstərilib.
"İranın iqtisadi gücü onun siyasi aktivliyini də artıracaq”
Ekspertlərə görə, İranın üzərindən bütün sanksiyaların qaldırması ölkənin gəlirlərini artıracaq. İranın regionda siyasi və iqtisadi güc mərkəzinə çevrilməsi üçün maneə qalmayacaq. Enerji məsələləri üzrə ekspert İlham Şaban İrana qarşı sanksiyaların ləğvindən sonra yarana biləcək vəziyyəti şərh edib. O deyib ki, İran 50 milyard dollar vəsaitə sahib olmaq imkanı qazanıb: "2016-cı ildə İranın əlində böyük vəsaitlər olacaq və təbii ki, hökumət bu vəsaitdən iqtisadiyyatın modernləşdirilməsi, əhalinin rifahının yaxşılaşdırılması üçün istifadə edəcək. Ölkə teokratik olsa da, İranda hakimiyyət bölgüsü var, seçki keçirilir, hökumətlər periodik dəyişilir, yazılan qanunlar işləyir. Özəl mülkiyyət heç zaman ləğv edilməyib, real fond birjası fəaliyyət göstərir. Ona görə də belə nəticəyə gəlmək olar ki, neft qiymətləri aşağı olan zaman İran dondurulmuş vəsaitlər, əlavə neft ixracından qazanılmış gəlirlər və xarici investorlar sayəsində öz iqtisadi vəziyyətini kifayət qədər yaxşılaşdırmaq imkanı əldə edəcək. Nəticədə onun qonşu ölkələrə təsirləri artmağa başlayacaq. Çünki iqtisadi güc düzgün siyasi kurs yeridildiyi tərzdə nüfuz dairəsinin genişlənməsinə gətirib çıxarır. Əlaqələrin normallaşması nəticəsində Azərbaycan Xəzərdə "Araz-Alov-Şərq” strukturunda birgə əməkdaşlıq məsələsini Tehranla gündəmə gətirə bilər. Başqa bir məsələ isə Azərbaycanla İran arasında indidən kommersiya layihələrinin həyata keçirilməsinə start verilməsidir”.
İsmayıl