İranın türk düşmənçiliyi azalmır

“Bu təhqirlər davam edəcək, getdikcə artacaq, daha iyrənc şəkil alacaq”Sabir Rüstəmxanlı: “Buna son qoymasaq, öz sonumuzu gətirəcəyik”
İranın dövlət televiziyasında yayımlanan "Fitilə” adlı verilişdə Azərbaycan türklərinin təhqir edilməsi ilə bağlı Tehranda və Cənubi Azərbaycanın bir sıra şəhərlərində kütləvi etirazlar keçirilib. Məlumata görə, türklərin təhqir edilməsi ilə bağlı bir neçə siyasətçi, millət vəkilləri təkid edərək, İran televiziyasının türklərdən üzr istəməsini tələb ediblər. Bundan sonra televiziya üzr istəsə belə, etirazları səngitmək mümkün olmayıb. "Haray, haray mən türkəm”, "Azərbaycan əyilməz, türkün beli bükülməz”, "Azərbaycan var olsun, istəməyən kor olsun” şüarları keçirilən aksiyaya Təbrizdə 10 minə yaxın etirazçı qatılıb.
Təbrizdən olan millət vəkili Məhəmməd İsmayıl Səidi məsələ ilə bağlı mətbuata açıqlamasında bildirib ki, İran telekanalında türklərin təhqir edilməsi qəsdən həyata keçirilib.
Məlumat üçün bildirək ki, noyabrın 6-da İran televiziyasının 2-ci kanalında yayımlanan "Fitilə” adlı verilişdə diş fırçası ilə tualet fırçası arasındakı fərqi bilməyən, dişlərini tualet fırçası ilə fırçaladığı üçün ağzı qoxuyan bir türk uşağı təsvir edilib. Veriliş fars dilində olsa da, bəzi bölümlərində türkcə dialoqlar da yer alıb.
Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, Sabir Rüstəmxanlı "Şərq”ə açıqlamasında qeyd edib ki, bu, televiziyanın və ya jurnalistin suçu, yanlışı deyil, şovinist, cahil fars-molla rejiminin gizli və ya açıq, fərqi yoxdur, rəsmi siyasətindən qaynaqlanır. Onun sözlərinə görə, Cənubi Azərbaycanda türklərə, əsasən də azəri türklərinə qarşı bu cür mənfi münasibət dövlət və hökumət səviyyəsində aparılır: "Türkə belə yanaşma İran böyüklərinin, dövlət qulluqçularının mövqeyidir. Bunu jurnalistin ayağına yazıb, kimisə cəzalandırmaqla aradan çıxa, məsuliyyətdən yayına bilməzlər. Yanlış bir dəfə, iki dəfə olar. Amma İranda türklər min ildir təhqir olunurlar. Riyakar və nankor Firdovsinin antitürk "Şahnamə”sindən başlayaraq bu günə qədər. Türklərin Ərdəbildə eşşək, Tehrana getdikdən sonra adam olduğu həqarətini yayan eşşəklərin karikaturası unuduldumu? Bəlkə türkləri böcək şəklində təsvir edən təhqirlər yaddan çıxdı? Yox, bunlar unudulmayıb! Biz sadəlövh, unutqan, hər şeyi bağışlayan, özünə sayğı göstərməyən türklər unutsaq da, bunların yaramaz ideoloqları, ilhamverənləri unutmayıblar və bu işi hər gün çeşidli yollarla davam etdirirlər”.
S.Rüstəmxanlı bəyan edib ki, İranda türklərin aşağılanmasına, təhqir olunmasına görə türklərin ayağa qalxması, həmin telekanalın yalandan üzr istəməsi, kiminsə cəzalandırılması ilə iş bitmir: "Biz millət olaraq papağımızı qabağımıza qoyub nə vaxt düşünəcəyik? Biz niyə təhqir olunduğumuzu nə vaxt düşünəcəyik? Niyə İranda, İraqda, Suriyada, Gürcüstanda, Rusiyada, Avropada, hər yerdə incidilən, aşağılanan, təhqir edilən türkdür. Sevməyənimiz çoxdur, bu bəllidir! Türkün dünyaya ağalıq elədiyi yüz illəri unutmayıblar və onun əvəzini alırlar. Bu da məlumdur. Düşmən düşməndir və bunu heç vaxt unutmaq olmaz. İranın keçmiş xarici işlər naziri Xərrazi yazanda ki, ermənilər bizim qan qohumumuzdur, biz - İranda yaşayan türklər də bilməlidirlər ki, bu, İran adlanan ölkənin rəsmi mövqeyidir, o, əhalisinin yarıdan çoxunu, yəni bizləri yad, ermənini isə doğma sayır və həmişə olduğu kimi son 25 ildə də bu siyasətini davam etdirir. İranda rejimlər dəyişilir, şah gedir, molla gəlir və ya fars gedir, türk gəlir, Avropada arvadbazlıqdan başı açılmayan şahları, guya gecə-gündüz ibadət edib, Allaha yalvaran ruhanilər əvəz edir, amma İranın türk düşmənçiliyi azalmır. Əcəba, niyə? Əcəba, niyə bu fiziki və mənəvi kötəklər bizi ayıltmır? Niyə biz başımızı qaldırıb öz ləyaqətimiz haqqında düşünmürük? Əcəba, biz niyə bu qədər qürursuz və hər şeyə boyun əyən olmuşuq? Bunu düşündükmü? Bunu hər gün düşünürükmü? Bunu evimizdə, işimizdə, uşaqlarımızla, ailəmizlə, qohum-əqrəba ilə, dostlarımızla, toplum olaraq hər gün düşünüb yol axtarırıqmı? Axtarmırsansa və bu yolu bulmursansa, bu təhqirlər davam edəcək, getdikcə artacaq, daha iyrənc şəkil alacaq.”
Tarixin gedişatına nəzər salan həmsöhbətimiz diqqətə çatdırıb ki, İranda 2500 ildən artıqdır bir İran-Turan davası gedir: "Farslar bunun bilincini daşıyırlar, bunu öz təhsil və tərbiyə sistemlərinin mayasına yerləşdiriblər. Əmisi uşaqları olan ermənilər kimi. Bəs biz? Biz bu 2500 illik gizli-açıq savaş haqqında nə bilirik? Heç nə! Çünki min ildir İranda bizi təhqir edən "Şahnamə” farslarla yanaşı, türklərin də masaüstü kitabı olub, fars onu qürurla oxuyub, biz şüursuzcasına, müqavimətsiz, ölü bir seyrçi ruhla və ya ruhsuzluqla”.
Müsahibimiz belə halların baş verməsində dilimizə olan biganəlik faktoruna, həmçinin regionda baş verən siyasi hadisələr fonunda İran-Ermənistan münasibətlərinə də toxunub: "Tarixi qoyuruq bir kənara. Farslarla da işimiz yoxdur. Böyüklərimiz demişkən: "Yağı düşmən dost olmaz!” Bəs biz? Bizim özümüz? Bizim heç günahımız yoxdur? Fars sayca bizdən az ola-ola İranın hakim xalqına çevrilib, hər şeyi farslaşdırır, türkün bütün mədəniyyətini Persiyanın adına yazır...
Qardaşlarım, bu, təhqir deyil? İranda minlərlə ailə türk kimliyini unudaraq özünü fars kimi aparır, uşağına ana dilini öyrətmir, türkcə danışmağı özünə sığışdırmır. Bu, təhqir deyil? Türk milli kimliyini unudanların sayı-hesabı yoxdur... Bu, təhqir deyil? Türkcə məktəb yox, universitet yox və on milyonlarla türk buna dözür... Bu, təhqir deyil? Böyük, şərəfli türk bu gün İranda, gəlmə farslardan çox-çox öncədən onun ana yurdu olan bu torpaqda uşağına ana dilində ad verə bilmir, dükanına, bazarına yad adlar qoyur. Bu, təhqir deyil? Güney Azərbaycanın torpaqları üstündən hər gün Qarabağı işğal edib, dünyada türk düşmənçiliyini yayan Ermənistana yardım gedir, Yerevan bazarları İrandan gedən azəri türklərilə doludur. Bu, təhqir deyil? İrandan köçüb Avropaya gedən, dünyaya yayılan güney azərbaycanlı qardaşlarımız farsın təsiri olmayan yerlərdə də öz uşaqları ilə farsca danışırlarsa bu, təhqir deyil? Yox, məncə bu, farsın təhqirindən daha ağır təhqirdir! Özünə sayğı göstər ki, başqası da göstərsin... Böcək, uzunqulaq... Belə bənzətmələrlə bizi təhqir edənlər öz kimliklərini göstərirlər. Bu yolla yatmış milləti oyadır, öz qəbirlərini qazırlar. Özümüzə, kimliyimizə, dilimizə, torpağımıza, tariximizə, varlığımıza, dəyərlərimizə, biri-birimizə, türk olmaq şərəfinə sahib çıxmamaqdır ən böyük təhqir... Buna son qoymasaq, öz sonumuzu gətirəcəyik”.
İran dövlətinin qədim tarixi, dövlətçilik ənənələrinin olduğunu söyləyən REAL Hərəkatının icra katibi Natiq Cəfərli də bildirib ki, min illər tarixi olan bu dövlətdə ya monarxiya, ya da şəriət modeli olub: "Dünyəviliyin artması, şəriət rejiminin gücünün zəifləməsi ölkədə mütləq millətçiliyi artıracaq. İslam qaydaları uzun zamandır ki, ümmətçilik üzərində qurulub. Fars, türk, ərəb, talış, kürd ya şah, ya da islam altında birləşirdilər. Sekulyarlıq artanda mütləq millətçilik, özü də etnik millətçilik artacaq. Farslar da islam adı, şah bayrağı altında da həmişə millətçiliyi ayıq və ayaqda tutublar. İranın dövlət kimi formalaşmasında türklər həmişə önəmli rol oynayıblar, dövlətin təməlini təşkil ediblər, bu gün də belədir. Üzü sekulyar dövlətə gedən İran fenomeninə hazır olmalıyıq. Cəmi 5-10 il zamanımız var”.
N.Cəfərli hesab edir ki, İran inkişaf etdikcə, iqtisadi gücü artdıqca, ilk dəfə şahsız və şəriətsiz, sekulyar bir dövlət olacaq: "Azərbaycan bir olsun, paytaxtı Təbriz olsun” şüarı qulağa, könülə xoş gələ bilər, amma hər addım ağılla, məntiqlə atılmalıdır. Şimali Azərbaycanın Cənubun içində əriyib-getməsinə yol vermək olmaz. Əksinə, biz yaxın illərdə demokratik, sivil, rifah halı yüksək cəmiyyət və dövlət quraraq bütün təhlükələri önləməliyik. Cənubda yaşayan türk qardaşlarımız üçün model dövlət qurmalıyıq. Bir daha deyirəm ki, yaxın illərdə İranda millətçilik artacaq, məzhəbçilik də yüksələcək, şiə olmayan etnik qruplar dağıdıcı rol alacaq, türklər isə həmişəki kimi həlledici səsə və gücə sahib olacaqlar. Artıq indidən hazır olmalı, müxtəlif modellər üzərində çalışmalıyıq”.
Ayyət Əhməd