İranlı general Türkiyəni təhdid etdi: "Bunun üçün ağır əvəz ödəyəcək"

İran lideri Ayetullah Əli Hamaneyin yüksək hərbi məsləhətçisi  general Yəhya Rəhm Safevi, rus təyyarəsinin vurulmasının Türkiyə üçün ciddi nəticələr verəcəyini bildirib.
 İsfahan şəhərində təxminən 10 min İnqilab Gözətçi üzvünün qatıldığı bir yığıncaqda danışan Safevi, "Ankara, rus təyyarəsini salaraq strateji səhv etdi. Türkiyə bunun üçün ağır əvəz ödəyəcək" xəbərdarlığını etdi.
"Türkiyənin bölgədəki üsyançılara dəstək verdiyini və Suriya ilə İraqda etibarsızlıq yaratdığını" iddia edən Safevi, "Türkiyənin bunları dəstəkləməsi və rus təyyarəsini hədəf alması strategiyası, bu ölkə üçün ciddi nəticələr doğuracaq" deyib.
General Safevi, "Rus təyyarəsinin Suriya hava məkanında vurulması hərçənd bir taktiki hadisədir, ancaq strateji nəticələri olacaq. Türkiyə qətiliklə bundan zərər görəcək" deyə vurğulayıb.