İş verin...

Gürcüstandakı şirkətlərimiz çağırışa səs verməlidir



Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstana rəsmi səfəri çərçivəsində Marneuli şəhərində məskunlaşan azərbaycanlılarla görüşüb.

Gürcüstanda yaşayan azərbaycanlıların rahat yaşamasını və onların iş yerləri ilə təmin edilməsi üçün daha ciddi addımlar atılmasının marağında olduğunu vurğulayan ölkə başçısı deyib ki, onlar özlərini yaxşı hiss etsinlər və Gürcüstanın dəyərli vətəndaşları kimi ölkənin ümumi inkişafına öz töhfələrini versinlər.

Azərbaycan Prezidenti həmçinin Gürcüstanda fəaliyyət göstərən Azərbaycan şirkətlərini bu ölkədə yaşayan azərbaycanlılar üçün yaxşı şərait yaratmağa çağırıb: "Onlar Gürcüstana investisiya qoymağa davam etməlidir, yeni iş yerləri, logistika mərkəzləri, ictimai yerlər yaradılmalıdır. Biz gələcəkdə də çalışacağıq ki, siz yaxşı yaşayasınız və həm Azərbaycanı, həm də Gürcüstanı sevəsiniz”.

Gürcüstanda konkret olaraq, hansı şirkətlərimizin fəaliyyət göstərdiyi barədə konkret məlumatlı olmadığını vurğulayan iqtisadçı-ekspert Samir Əliyev deyib ki, bizə məlum olan əsas şirkət SOCAR-dır: "Amma ümumilikdə ölkə başçısının Gürcüstan səfəri zamanı oradakı soydaşlarımızın həyat şəraiti ilə maraqlanması və oradakı şirkətlərimizi soydaşlarımız üçün yeni iş yerləri yaratmağa çağırmasını yüksək qiymətləndirirəm. Azərbaycan iqtisadi baxımdan Cənubi Qafqazda ən güclü ölkədir. Bu güc də ilk növbədə ondan ibarətdir ki, neft hasilatına görə Azərbaycanın əlində kifayət qədər maliyyə potensialı və investisiya qoymaq imkanları var. Neftin qiymətinin düşməsinə görə Azərbaycanın bu imkanları azalsa da, hələ ki bu imkanlar var.

Hansısa bir qonşu ölkəyə investisiya qoyulur və ya hansısa idarəetməyə cəlb olunursa, oradakı azərbaycanlıları nəzərə almaq lazımdır. Gürcüstanda kifayət qədər soydaşlarımız var, ancaq onlar ölkənin ən kasıb hesab olunan ərazilərində məskunlaşıblar. Gürcüstan özü də kasıb ölkə olduğu üçün maddi cəhətdən bütün ölkə vətəndaşlarını təmin edə bilmir. Bu mənada biz həm Gürcüstan hökumətinə, həm də oradakı soydaşlarımıza dəstək olmalıyıq. Bu istiqamətdə atılacaq addımlardan ən başlıcası da soydaşlarımızın Gürcüstandakı obyektlərimizə cəlb olunmasıdır. Hesab edirəm ki, şirkətlərimiz ölkə başçısının bu çağırışına reaksiya verməli və maksimum dərəcədə Gürcüstandakı azərbaycanlıların mənafelərini nəzərə almalıdırlar”.

Şəymən