İşgəncəyə məruz qalan 5 yaşlı qızın valideynləri tapılıb

"Hazırda 5 yaşlı uşağın döyüldüyü rayona gedirəm. Ailə ilə yerində görüşüb, vəziyyəti dəyərləndirəcəyəm”.
Bunu "Sherg.az”a valideynləri tərəfindən işgəncələrə məruz qalan 5 yaşlı uşağın durumu haqqında danışarkən Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə deyib.
 O bildirib ki, hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verib:
"Polis həmin ana ilə görüşüb, izahat alıb. Sadəcə məsələni yerində araşdırmaq, uşaqla görüşmək istəyirəm. Sözügedən hadisə ana tərəfindən törədilsə də, ata da məsuliyyətdən azad edilmir”.
Hadisənin səbəblərinə gəlincə, K.Ağazadə müxtəlif mülahizələrin səsləndirildiyini diqqətə çatdırıb:
"Nə olur olsun, ortada azyaşlı uşağa qarşı şiddət faktı var. Səbəbindən asılı olmayaraq, valideynin uşağa qarşı amansızlıq törətməsi qəbul olunmazdır. Ailədə yaşana biləcək problemlərin bu nöqtəyə gətirməsi də istisna deyil. Bütün hallarda məqsədim həmin ailə ilə iş aparmaq, azyaşlının reabilitasiyası üçün konkret tədbirlər görməkdir”.
Qeyd edək ki, azyaşlı qızın şiddətə məruz qalması faktını Kəmalə Ağazadə aşakarlayıb. Ötən gün məlumat verən K. Ağazadə deyib ki, əlləri və ayaqları bağlanaraq şiddətə məruz qalmış uşağa zorakılıq hərəkəti əyalətlərdən birində edilib. Birlik sədri uşağın şəklinin ona "İnstagram” sosial şəbəkəsi vasitəsi ilə göndərildiyini vurğulayıb.
Aysel Aslan