“İŞİD artıq Amerikanı da assimetrik müharibə ilə təhdid edir”

Bölgədə risklər artıb





Politoloq Tofiq Abbasov bölgədəki gərginliyi şərh edib. Ekspert "Şərq”ə bildirib ki, Yaxın Şərq problemi ilə Qarabağ münaqişəsi arasında qlobal bölgü aparmaq düzgün deyil. Çünki hazırkı proseslərin gedişatı göstərir ki, bu münaqişələrin həllinə diqqət yetirilməlidir, əks təqdirdə dağıdıcı təsirlər arta bilər. Onun sözlərinə görə, bölgədə risklər çoxalıb:

"Bu prosesi hazırda Qarabağ problemi zəminində müşahidə edirik. Qafqaz hazırda çox həssas və kommunikativ rol oynayan bölgələrdən biridir. Regionda Qarabağ probleminin qalması bu əlaqələri təhlükə altına qoyur, prosesləri məhdudlaşdırır, riskləri artırır. Buna görə Qarabağ probleminin həlli istiqamətində addımların atılması mühümdür. Bəzi qüvvələr beynəlxalq hüquq pozuntularından öz məqsədləri üçün istifadə etməkdədirlər. Azərbaycan tərəfi isə artıq bir müddət öncə BMT-nin Baş Assambleyasında qeyri-adekvat yanaşmada öz bildiyi kimi hərəkət etməyə qadir olduğunu göstərdi”.

Ekspertin fikrincə, hazırkı geosiyasi proseslər artıq istənilən dövlət üçün təhlükəlidir: "Baxın, İŞİD-in başbilənləri artıq Amerikanı da assimetrik müharibə ilə təhdid edirlər. Qondarma islam dövləti postsovet məkanı ilə bağlı anlaşılmaz təhdidlər yağdırır. Başqa bir tərəfdən isə beynəlxalq səviyyədə narkocinayətlə bağlı trafik var və prosesi idarə edən qüvvələr artıq beynəlxalq kriminalla əlbir olub, istənilən yerdə problem yarada bilərlər. Çox təəssüf ki, heç bir ölkə bu risk və təhlükələrdən sığortalanmayıb, o cümlədən Azərbaycan”.

Ayyət Əhməd