İŞİD-lə mübarizə effekt verəcək

Azərbaycan və Gürcüstanın birgə fəaliyyəti mütləqdir



Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti İŞİD-ə qoşulmaq istəyən azərbaycanlının saxlanılmasında Azərbaycan dövlətinə yardım göstərib. Bu barədə Gürcüstan DTX rəhbərinin müavini Levan İzoriya məlumat verib.

O deyib ki, onların informasiyası əsasında Balakən rayonunda terrorçulara qoşulmaq istəyən Azərbaycan vətəndaşı həbs olunub. Həmin şəxs "İslam dövləti”nin sıralarında döyüşmək üçün sərhəddi qanunsuz keçməyə cəhd göstərib. İzoriya bildirib ki, Gürcüstanın İŞİD tərəfindən cəlb edilən şəxslər üçün tranzit ölkəyə çevrilməməsi üçün bütün tədbirlər həyata keçirilir. İŞİD-lə birgə mübarizə aparmaq üçün bölgə dövlətlərinin əməkdaşlığına diqqət çəkən İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, kriminalist-tədqiqatçı İlqar Altay deyib ki, artıq dünyanın bütün ölkələri İŞİD-ə qarşı birləşmək zərurətini dərk edir: "Hətta biri-birinə düşmən olan ölkələr belə beynəlxalq terror qruplaşmasına qarşı birləşməyə razılıq verirlər. Çünki İŞİD millətindən və dinindən asılı olmayaraq, dünyanın bəlasına çevrilib. Təbii olaraq "İslam dövləti” Qafqaz regionu üçün də ciddi təhlükə hesab olunur. İŞİD-ə təkcə müsəlman Azərbaycandan deyil, eyni zamanda Rusiya və Gürcüstandan da qoşulanlar var. Bundan başqa, Gürcüstan tranzit ölkə kimi də istifadə olunur. Ona görə də bu məsələdə qonşu ölkələrin həmrəyliyi və koordinasiyası mütləqdir. Düşünürəm ki, bu əməkdaşlıq müsbət effekt verə bilər. Azərbaycan onsuz da Gürcüstanın Xüsusi Xidmət Orqanları ilə yaxın əməkdaşlıq edir. Kriminal şəxslərin qarşılıqlı mübadiləsinə şərait yaradır. Ancaq bu cür əlaqələrin regionun digər ölkələri ilə də qurulmasına böyük ehtiyac var”.

İsmayıl