“Həqiqətən də Rusiya üçün real təhlükələr ola bilər”
"İslam Dövləti” (İŞİD) terror qruplaşması dünyanın ən böyük dövləti olan Rusiyanı terrorla hədələyib. Dəstənin yaydığı videoda, qruplaşmanın üzvləri tezliklə Rusiyada terror aktları törədəcəklərini bildiriblər. Videogörüntülərdə terrorçular rus dilində "Tezliklə qanın su yerinə axacağını” bildiriblər.
İŞİD-in belə bir addım atmasına səbəb kimi Suriyada Bəşər Əsədə rus hakimiyyətinin dəstəyi göstərilir. Bir sözlə, sözügedən terror təşkilatı Azərbaycanın şimal sərhədlərinə yaxınlaşmaq istəyir. Hətta bir müddət öncə adıçəkilən qruplaşma Azərbaycanı da bu tipli açıqlamalarla təhdid edib. Ona görə də İŞİD-in Azərbaycan təhlükəsi son günlər cəmiyyətdə narahatlıq doğurur. Görəsən, adıçəkilən terror qruplaşması Azərbaycan üçün təhlükə mənbəyinə çevrilə bilərmi?
Sualımızı cavablandıran politoloq Elşad Mirbəşir İŞİD-in Rusiyaya qarşı hadisə törədə biləcəyini istisna etmir. Onun sözlərinə görə, terror dəstəsi hər bir ölkə üçün baş bəlası ola bilər: "Yaxın Şərq regionunda ən təhlükəli silahlı qruplaşma İŞİD-dir. Həqiqətən də regiona yaxın çox ölkələr onun hədəfindədir”.
Ekspertin qənaətincə, Moskva Suriyada hərbi əməliyyatlara başladığı bir gündən İŞİD ona qarşı təhdidlər səsləndirir: "Hesab edirəm ki, lazımi səviyyədə təhlükəsizlik tədbirləri görülməzsə, həqiqətən də Rusiya üçün real təhlükələr ola bilər. Ona görə ki, İŞİD əsasən sünni məzhəbindən ibarət insanların qruplaşmasıdır. Nəzərə alaq ki, Rusiyanın ərazisində təxminən 20 milyona qədər sünni məzhəblilər yaşayır. Onların içərisində İŞİD-ə meyilli olanlar da az deyil. Hətta Rusiya mətbuatında yer alan informasiyalarda göstərilir ki, Rusiya "pasportu” daşıyan insanlar İŞİD sıralarında döyüşürlər”.
Moskvanın dəstəyi ilə Bəşər Əsədə tabe olan hökumət qüvvələrinin xeyli nailiyyətlər əldə etdiyini söyləyən politoloq hesab edir ki, hazırda İŞİD-in Suriyada və bu ölkəyə yaxın ərazilərdəki mövqeləri sarsıdılıb: "Bu baxımdan İŞİD Kremli hədələmək taktikasına üstünlük verir. Əgər təhlükəsizlik tədbirləri lazımi səviyyədə olarsa, İŞİD Rusiya ərazisində ciddi fəaliyyət göstərə bilməz. Rusiya ona qarşı əməliyyatların miqyasını genişləndirərsə, qruplaşma tamamilə zərərsizləşdirilə bilər”.
İŞİD-in Azərbaycan təhlükəsinə gəlincə, ekspert vurğulayıb ki, Azərbaycan da bu məsələyə həssas yanaşmalıdır: "Azərbaycanda İŞİD-in sıralarına qoşulmaq istəyənlərin qarşısı alınmalıdır. Bu istiqamətdə əlavə tədbirlərə əl atmaq lazımdır. Çünki həmin təşkilatla əlaqəsi olan insan potensial təhlükədir. Bu məsələləri ciddi nəzərdə saxlamaq lazımdır. Nə vaxta qədər ki, İŞİD mövcuddur, Azərbaycan daxil olmaqla regiondakı və regiona yaxın dövlətlər üçün təhlükə gözləniləndir. Bununla yanaşı, düşünürəm ki, Azərbaycanda təhlükəsizlik mühiti diqqət mərkəzindədir. Ölkə rəhbərliyi daxildən və xaricdən yönələcək təhlükənin qarşısının alınması istiqamətində kifayət qədər prinsipiallıq nümayiş etdirir. Zənnimcə, istənilən təhlükənin olmasına baxmayaraq Azərbaycan onu önləməyə qadirdir”.
Ayyət Əhməd