“Prezident tərəfindən aparılan islahatların davamlı olacağına şübhə yoxdur”
İslahatlar başladı
Prezident müşavirədə ciddi mesajlar verib
“Prezident tərəfindən aparılan islahatların davamlı olacağına şübhə yoxdur”
“Prezident tərəfindən aparılan islahatların davamlı olacağına şübhə yoxdur”
Dünən Prezident İlham Əliyevin sədrliyi ilə iqtisadi və sosial durumla bağlı müşavirə keçirilib. Prezident İlham Əliyev bildirib ki, 2015-ci ildə dünyada neftin qiymətinin kəskin düşməsi nəticəsində neft ixrac edən ölkələr çətinliklərlə üzləşiblər və bu proses indi də davam edir.
Son bir ildə neftin qiymətinin 4 dəfə düşdüyünü, bunun isə gəlirlərin azalmasına təsir etdiyini deyən dövlət başçısı hazırda Azərbaycanın vəziyyətdən çıxmaq üçün addımlar atdığını, digər neft ölkələri ilə müqayisədə ən az itki ilə üzləşdiyimizi diqqətə çatdırıb. Nazirlər Kabinetinin ötən iclasında verilən tapşırıqlar yerinə yetirildiyi təqdirdə Azərbaycanın çətinliklərdən asanlıqla çıxacağını deyən Prezident İlham Əliyev ölkədə islahatların dərinləşməsinin vacibliyini vurğulayıb. Bununla bağlı səslənən təkliflərin artıq icra olunmağa başladığını deyib. İlk növbədə insanların sosial müdafiəsi ilə bağlı məsələlərin diqqət mərkəzində saxlanılacağını bəyan edən dövlət başçısı son illərdə ölkədə həyata keçirilən işlərin insanların rifah halının daha da yaxşılaşdırılmasına yönəldiyini bildirib. Bu yaxınlarda pensiya və əmək haqlarının 10 faiz qaldırılmasının bu istiqamətdə atılan önəmli addım olduğunu deyib. Prezident İlham Əliyev çıxışında süni bahalaşmaya da münasibət bildirib. Bu problemə qarşı ciddi mübarizə aparılmasının əhəmiyyətini vurğulayıb. İşbazların qiymətləri süni şəkildə bahalaşdırmağa çalışdığını deyən Prezident görülən tədbirlər nəticəsində çörəyin və unun qiymətinin əhəmiyyətli dərəcədə aşağı düşdüyünü bildirib. Struktur islahatları ilə bağlı artıq müəyyən addımların atıldığını diqqətə çatdıran dövlət başçısı qeyd edib ki, bu tədbirlər daimi olmalı, biri-birini təkrarlayan və lazımsız dövlət qurumları ya birləşdirilməli, ya da ləğv olunmalıdır. Valyuta bazarının tənzimlənməsi ilə bağlı müvafiq göstərişlərin verildiyini, təkliflərin hazırlandığını deyən Prezident bu sahədə qanunvericilik bazasının möhkəmləndirilməsinin əhəmiyyətinə toxunub. Ölkə rəhbəri Milli Məclisin növbədənkənar sessiyasında məsələyə baxılacağını deyib. Bundan əlavə, Prezident İlham Əliyev beynəlxalq ekspertlərin iştirakı ilə geniş özəlləşdirmə proqramının hazırlanması, bu işə xarici və yerli investorların cəlb olunması, iqtisadi canlanmaya nail olmaq üçün biznes mühitinin yaxşılaşdırılması ilə bağlı tapşırıqlarını verib. Dövlətimizin başçısı manatın etimadının bərpası ilə bağlı ciddi tədbirlərin görülməsinin əhəmiyyətinə də toxunub. Hazırda ölkədə müşahidə olunan dollarizasiya prosesinin heç bir iqtisadi əhəmiyyətinin olmadığını bildirib. Manatın məzənnəsinin sabit saxlanmasının təkcə hökumətdən asılı olmadığını deyən dövlət başçısı bank sektorunun tənzimlənməsi ilə bağlı təkliflərə baxıldığını deyib. Problemli bankların sağlamlaşdırılması prosesinin aparılması, dövlət istiqrazlarının buraxılması, əmanətlərin sığortalanması ilə bağlı əlavə tədbirlərin görülməsinin vacibliyini vurğulayıb. Bu kimi tədbirlərin milli valyutaya olan inamını artıracağını bildirib. Prezident İlham Əliyev deyib ki, ölkəmizin xarici borcunun çox aşağı səviyyədə olması və mövcud vəziyyət nəzərə alınaraq xarici maliyyə bazarlarından lazımi qədər maliyyə resursları Azərbaycan bazarına cəlb edilə bilər. Qeyri-neft sektorunun inkişafının indiki vəziyyətdə prioritet olmasının vacibliyini bildirən dövlət başçısı Sahibkarlığa Kömək Milli Fondunun dəstəyi ilə bu il 250 milyon manat güzəştli kreditlərin veriləcəyini, sahibkarların öz maliyyə resurslarını da nəzərə alaraq o zaman regionlara qoyulan investisiyanın həcminin təxminən 1 milyard manat olacağını bildirib. Prezident İlham Əliyev çıxışında daha bir vacib məsələyə toxunub. İş adamlarına böyük tikinti layihələrini icra etmək üçün şəraitin yaradılması, bu sahədə mövcud olan əsassız tələblərin, bürokratiya və korrupsiya hallarının aradan qaldırılması ilə bağlı ciddi tapşırıqlar verib. Bununla yanaşı, dövlət başçısı ipoteka bazarının səmərəliliyinin artırılması, bu yolla inşa olunacaq binaların tikintisinin sürətləndirilməsi ilə bağlı təkliflərin hazırlanmasını tapşırıb. Son 10 ildə Azərbaycanın dünyada ən sürətlə inkişaf edən ölkə olduğunu deyən Prezident bunu bütün beynəlxalq və maliyyə qurumlarının təsdiq etdiyini söyləyib. Ölkə başçısı bu il ərzində Azərbaycanda iqtisadi inkişafla bağlı heç bir problemin olmayacağına əminliyini ifadə edib.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini, politoloq Elçin Mirzəbəyli deyib ki, cənab Prezidentin verdiyi göstərişlər, müvafiq qurumlar qarşısında qoyduğu tələblər, imzaladığı Sərəncamlar Azərbaycanın böhran vəziyyətindən çıxması üçün güclü siyasi iradəyə sahib olduğunu göstərir: "Prezident tərəfindən aparılan islahatların davamlı olacağına şübhə yoxdur. Dövlət başçısının verdiyi Sərəncamlar mövcud vəziyyətdən çıxmaqla yanaşı, yarana biləcək hər hansı kritik gözləntilərə də hazırlıq kimi qiymətləndirilə bilər. Bütün bunlar önləyici tədbirlərdir. Düşünürəm ki, bundan sonra da aparılacaq iqtisadi islahatlar Azərbaycanda qeyri-neft sektorunun inkişafına zəmin yaradacaq və ölkənin iqtisadi inkişafı təmin ediləcək”. Ekspertin sözlərinə görə, bölgələrdə aksiyaların keçirilməsinə cəhd göstərən qüvvələr Azərbaycanın radikal müxalifət düşərgəsini təmsil edirlər: "Həmin qüvvələr təkcə hazırkı mövcud çətin vəziyyətdə deyil, hətta ölkənin uğurlu günlərində də dövlət mənafeyinə zidd fəaliyyət göstəriblər. Azərbaycan cəmiyyəti bu qüvvələrin istənilən an dövlətin milli maraq və mənafelərinə zərbə vurmağa hazır olduğunu bilərək onların atdığı son addımlara dəstək vermir”. Partiya funksioneri bəyan edib ki, iqtidar dialoqa açıq olan, ölkədəki bu və ya digər vəziyyətin normallaşdırılmasında konstruktiv mövqedən çıxış edən siyasi partiyalarla dialoqa hazır olduğunu nümayiş etdirir: "Milli Məclisdə ölkənin ayrı-ayrı siyasi partiyalarını təmsil edən millət vəkillərinin dialoqu baş tutur. Dövlətin milli maraq və mənafelərinin ziddinə fəaliyyət göstərən, dini-ekstremist qüvvələrlə əməkdaşlığı özünə borc bilən insanlarla hər hansı məsələni müzakirə etmək mümkün deyil. Aqressiya nümayiş etdirən siyasi qrupla dialoq nəticəsiz olacaq”.
İsmayıl