İslahatlar nəticələr verir
İqtisadiyyatın bütün sektorlarında dinamik artım müşahidə olunur
Cari ilin 9 ayının yekunları üzrə makroiqtisadi göstəricilərin artımı və müsbət tendensiyasının qorunub saxlanması Azərbaycan iqtisadiyyatının 2018-ci il üzrə proqnozlaşdırılan artıma nail olacağından xəbər verir. 9 ayın yekunlarında yalnız ÜDM-də deyil, eyni zamanda qeyri-neft sektoru üzrə göstəricilərdə də artımlar müşahidə olunub. Həmçinin, dünya bazarı üzrə neftin qiymət artımı ölkəyə daxil olan valyutanın çoxalmasına zəmin yaradıb. Qeyri-neft sektorundakı artımın yüksək olması, iqtisadiyyatın və iqtisadi tempin dayanıqlılıq göstərməsi əsas faktorlardan biridir.
Bu müddətdə həm ÜDM, həm sənaye istehsalı üzrə qeyri-neft sektorunda artım daha çoxdur. Qeyri-neft sənayesində ikirəqəmli artım qeydə alınıb ki, bu da sənayedə aparılan islahatların nəticəsi kimi dəyərləndirilə bilər. Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclasda qeyd olunduğu kimi sənaye parklarının formalaşdırılması və dövlətin bu istiqamətdəki dəstəyi xüsusən 300-dən artıq investisiya təşviqi sənədinin verilməsi yerli investisiyanın sənayeyə cəlb edilməsi baxımından əhəmiyyətli olub.
Bu da iqtisadi artımın dayanıqlılığını şərtləndirən əsas faktordur. 2018-ci ilin 9 ayında strateji valyuta ehtiyatlarında artım tempi davam edib. Belə ki, 9 ay ərzində valyuta ehtiyatlarımızda 3 milyard dollar artım qeydə alınıb. İclasda qeyd olunub ki, növbəti dövrdə də qeyri-neft sektorunun inkişafı prioritet olacaq. Bu, makroiqtisadi göstəricilərdə neftin payının azalmasına və neftdən asılılığı aradan qaldırılması prosesinin sürətlənməsinə imkan verəcək. Çünki neftdən asılılığın aradan qaldırılması Azərbaycan üçün prioritet məqamlardan biridir. İqtisadçılar bildirib ki, 2014-cü ildən sonra sürətlənən iqtisadi islahatlarda əsas hədəf neftdən asılılığın aradan qaldırılması və qeyri-neft sektorunun inkişafına yönəlib.
Qeyri-neft sektorunda 14 faizlik artım tempi qorunub saxlanılıb. 1,1 milyard dollara yaxın qeyri-neft ixracatımız qeydə alınıb. Qeyri-neft sektorunda aparılan islahatlar nəticə etibarı ilə makroiqtisadi göstəricilərimizin daha da yaxşılaşmasına zəmin yaradır və nəticədə qeyri-neft sektorunda dayanıqlı inkişaf müşahidə edilir.
Ölkəmizin iqtisadi inkişafını "Şərq”ə şərh edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili deyib ki, Azərbaycanda həyata keçirilən iqtisadi və institutsional islahatlar qısa müddətdə iqtisadi inkişafa və sosial təminata öz müsbət təsirini göstərməyə başlayıb. Ekspertin sözlərinə görə, iqtisadiyyatın bütün sektorlarında dinamik artım müşahidə olunur:
"Artım ilə yanaşı iqtisadiyyatın strukturunda böyük keyfiyyət dəyişiklikləri müşahidə olunmaqdadır ki, bu da islahatların əsas hədəflərindən biridir. Prezident İlham Əliyevin apardığı gələcəyə yönəlik və dərin təhlillərə əsaslanan iqtisadi və xarici siyasəti nəticəsində Azərbaycan regional iqtisadi əhatə dairəsini getdikcə artırır. Öz iqtisadi maraqlarının Avrasiya regionunda təmin olunması yolunda əhəmiyyətli nəticələr əldə etməkdədir. Belə ki, bu il istifadəyə verilmiş "Cənub Qaz Dəhlizi” layihəsi, SOCAR Polymer zavodu, Bakı Beynəlxalq Dəniz Ticarəti limanı, "Azerspace-2” peyki kimi layihələr ölkəmizə böyük həcmdə iqtisadi fayda verməklə yanaşı, Azərbaycanın təsir imkanlarını artırır, ölkəmizin daha da inkişaf etdirilməsində yeni və dayanıqlı mənbələr yaradır. 2018-ci ilin 9 ayının yekunları göstərdi ki, iqtisadi artım iqtisadiyyatın demək olar bütün sektorlarını əhatə etməkdədir. ÜDM-in 0.8 faiz artımı qeyri neft sənayesinin 10.8 faiz və kənd təsərrüfatı istehsalının isə 4.3 faiz artımı ilə müşahidə olunur.
Bu da islahat ilində yaxşı nəticə sayılır. Xarici ticarət dövriyyəsini 37 faiz, ixracın 37.3 faiz artması Azərbaycan iqtisadiyyatının ənənəvi və qeyri-ənənəvi bazarlarda mövqelərini möhkəmlənməsindən xəbər verir. Sənaye istehsalında emal sənayesinin payının getdikcə artması ölkədə əlavə dəyər yaradan sahələrin inkişafı ilə nəticələnən keyfiyyət dəyişikliklərinin müsbət nəticələrindəndir. Bu ilin 9 ayı nəticəsində əhali tərəfindən istehlak olunan ərzaq məhsulları, içki və tütün məhsullarının 80 faizinin yerli istehsal hesabına təmin edilməsi iqtisadi təhlükəsizliyimiz üçün çox mühüm nəticədir. Əhalinin gəlirlərinin inflyasiyanı 7 faiz üstələməsi isə insanların rifah halının yaxşılaşmasının göstəricisidir. 2018-ci ilin 9 ayı ərzində 85 000 yeni iş yerinin açılması məşğulluq səviyyəsini daha da artırıb”.
İqtisadçı deputatın sözlərinə görə, ümumilikdə son 9 ay ərzində dövlət başçısı tərəfindən aparılan uzaqgörən xarici siyasət nəticəsində Azərbaycan regionda ən etibarlı, şəffaf, sözü və əməli üst-üstə düşən dövlət kimi öz mövqelərini daha da möhkəmləndirib:
"Məhz bu uğurlu mövqe iqtisadiyyatı daha da dinamik inkişaf etdirməyə, islahatları daha da əhatəli aparmağa imkan verir. Ölkəyə yeni texnologiyaların cəlb edilməsi ilə insan kapitalı inkişaf edir. Bütün bunların nəticəsi isə insanların rifah halının yaxşılaşmasında, onların təhlükəsiz yaşamasında öz əksini tapır və tapacaq. Dövlət başçısı qarşıda duran əsas vəzifələri də müəyyən edərək, məhsuldarlığın, şəffaflığın, xarici bazarlara çıxısın artırılmasını, elmi yanaşmanın və müasir texnologiylarının tətbiqini bir daha önə çəkib”.
İsmayıl