
İsrafilov getdi, Azərpaşa Nemətov direktor oldu: Onlar nə dedi?
Nurəddin Mehdixanlı: “Dostlarımız sevinsin, düşmənlərimiz xar olsun deyirəm”Bəsti Cəfərova: “Barışıq olmayacaq. Kimsə də sinəsinə döyüb qələbə deyə sevinməsin. Mən teatrda da oynadığımı oynamışam, izimi də qoymuşam”

Ramiz Novruzov: "Kimi direktor gətirmək istəyirdilər, deməyəcəm. Amma o istək alınmadı”

Beş ilə yaxındır ki, Akademik Milli Dram Teatrı ətrafında qalmaqallar, intriqalar səngimək bilmirdi. Teatrın direktoru İsrafil İsrafilovla teatrın bir çox aktyorları arasında əməlli-başlı soyuq müharibə yaşanırdı. Tərəflər mətbuatda, sosial şəbəkələrdə biri-birini ittiham edirdilər. Hətta bir müddət əvvəl teatrın bir çox Xalq və Əməkdar artistləri teatrın direktoru barədə ölçü götürülməsi üçün ölkə başçısına məktubla müraciət etdilər.
Nəhayət, ötən gün Azərbaycan Akademik Milli Dram Teatrının direktoru vəzifəsinə yeni təyinat olub. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin əmri ilə Azərpaşa Nemətov teatrın bədii rəhbəri və direktoru təyin olunub. İndiyə qədər Azərpaşa Nemətov teatrın bədii rəhbəri və baş rejissoru vəzifəsində çalışıb. Teatrın direktor müavini Natiq Gülməmmədov isə sərəncamçı direktor təyin olunub. Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev yeni təyin olunan şəxsləri dünən teatrın kollektivinə təqdim edib.
Qeyd edək ki, teatrın direktoru olmuş İsrafil İsrafilovun müqaviləsinin müddəti yanvarın 5-də başa çatıb. Onunla müqavilənin müddəti uzadılmayıb.
Əslində teatra Azərpaşa Nemətovun bədii rəhbər təyin olunması artıq teatrda əsaslı dəyişikliyin olacağından xəbər verirdi. Bir çoxları üçün artıq aydın idi ki, Azərpaşa Nemətov teatrı idarə etməyə gəlib. Azərpaşa Nemətovun teatra bədii rəhbər kimi təyinatı ilə əlaqədar keçirilən ilk mətbuat konfransında da bəlli idi ki, teatrın rəhbərliyi artıq onun əlindədir.
Və nəhayət, bir çoxlarının gözlədiyi rəsmi təyinat elan edildi. Akademik Milli Dram Teatrının direktoru Azərpaşa Nemətov direktor təyin olunduqdan sonra teatrdakı ab-hava hansı səviyyədədir? İsrafil İsrafilovun tərəfkeşləri sayılan aktyorlarla digərləri arasında barışıq əldə olunacaqmı?
Teatrın əvvəlki direktoru İsrafil İsrafilovun fəaliyyətindən ciddi narazılığını dilə gətirib, ölkə başçısına müraciət edən Xalq artistləri arasında Nurəddin Mehdixanlının adı tez-tez hallanırdı. Xalq artisti mətbuatda olan çıxışlarında açıq şəkildə İsrafil İsrafilovun direktor kimi fəaliyyətindən narazılığını dilə gətirmişdi. Hətta bəzi çıxışlarında Nurəddin Mehdixanlı kifayət qədər kəskin ittihamları ilə diqqət çəkmişdi. Hətta Xalq artisti İlham Əsgərovun ölümündə Nurəddin Mehdixanlı birbaşa İsrafil İsrafilovu ittiham etmişdi. İsrafil İsrafilovun teatrın direktoru vəzifəsindən azad olunmasına Xalq artisti Nurəddin Mehdixanlının reaksiyası necə oldu? "Şərq”ə açıqlama verən Nurəddin Mehdixanlı "Bu gün Azərbaycan teatr dünyasında, Azərbaycan mədəniyyətində bayram yaşanır. Bu gün teatr sahəsində olan əsaslı dəyişikliklə bağlı bayram yaşadıq. Bu bayramı bizə yaşadanlara təşəkkürümüzü bildiririk. Mədəniyyət və turizm naziri Əbülfəz Qarayevə təşəkkürümüzü bildiririk. Yüksək səviyyədə təqdimat mərasimi keçirdiklərinə görə şəxsən Ədalət Vəliyevə təşəkkürümüzü bildiririk. Teatrımız haqqında yüksək fikir səsləndirdiyinə görə Ədalət Vəliyevə minnətdarıq. Sevinirik ki, teatrımızın yetirməsi olan Natiq Gülməmmədov teatrın sərəncamçı-direktoru təyin edildi. Bu gün bizim üçün əsl bayramdı. Bu gün bütün şərq dünyası çətinlik, acı yaşadığı dönəmdə teatrımızda belə bir xoş ab-hava yaşanır ki, biz buna sevinməyə bilmərik. Bu gün haqq səsimizin bayramıdır. Sənət aləmində bir yenilik idi. Dostlarımız sevinsin, düşmənlərimiz xar olsun deyirəm. Bu mübarizədə bizə dəstək olan hər kəsə, xüsusən mətbuata təşəkkürümüzü bildiririk. Bizə bu bayramı yaşatdıqlarına görə minnətdarlığımızı da yüksək səviyyədə tamaşalarımızla ödəməyi düşünürük. Bu gün haqq qalib gəldi. Gec olur, amma güc olur. Biz qələbə qazandıq” söylədi.
Hətta bir müddət öncə "İlham Əsgərovun ölümünə bais olan İsrafil İsrafilov olub. Amma mən o qədər ölməyəcəm ki, bu haqsızlığa son qoyulsun. İsrafil məni də ilham kimi öldürə bilməz. O qədər sağ qalacam ki, onun haqsızlığına son qoyulsun” deyən Nurədin Mehdixanlı bu gün istəyinə nail olub, rahatlaşdımı” sualına isə Xalq artisti "Bəli, mən yenə o fikirdəyəm. Son illər biz 8 böyük sənətkarımızı itirmişik. Xalq artistləri Siyavuş Aslanı, Yaşar Nurini, Telman Adıgözəlovu, İlham Əsgərovu, Əməkdar artist Ələsgər Məmmədoğlunu və digər dostlarımızı itirmişik. Bizim xalqımızın gözəl bir deyimi var. Ayağı düşərli, ayağı düşərsiz insan. İsrafil İsrafilovun əməlləri də ayağı kimi düşərsiz idi. İnşallah ki, Azər müəllimin ayağı düşərli olacaq. Biz haqqımız üçün mübarizəyə qalxdıq və bu gün bu qələbənin sevincini yaşayırıq. Çox xoşbəxtik. Allah millətimizi, dövlətimizi qorusun. İsrafail kimi millət qatillərini xar etsin. Böyük bir mədəniyyət ocağında bu gün ədalət qələbə çaldı. Bu təkcə bizim teatrın deyil, Azərbaycan mədəniyyətinin qələbəsi oldu. Onu dəstəkləyən insanlarla isə sülh şəklində fəaliyyətimizi davam etmək istərdik. Biz bir cameənin insanlarıyıq. Biz biz yerdə çətinlik yaşamışıq, bir qabda aclıq görmüşük, bir yerdə istidə, soyuqda mədəniyyətimizə xidmət etmişik. Biz bir səhrada suya təşnə qalan insanlar olmuşuq. Ona görə də bizim biri-birimizdən fərqimiz, alacağımız yoxdur. Biz həmkarlarımızla düşmən deyilik. Bizim mübarizəmiz həmkarlarımızla deyil, mədəniyyətimizi uçuruma aparan o mədəniyyətsiz insanla idi. Şükür bu günə ki, biz gec də olsa qələbə qazana bildik. Bizim teatrda bu gün yaşanan sevinc sanki böyük bir müharibənin qələbəsini xatırladır. Sanki Qarabağ savaşında qalib olub, teatrı düşməndən təmizləmişik. Haqsızlığa qalib gəlmişik. İnşallah, belə bir sevinc Qarabağı alanda da yaşansın. Biz teatrın heç bir əməkdaşı ilə düşmən deyilik. Biz bundan sonra biri-birimizə sarılacağıq, qucaqlaşıb sevincimizi paylaşacağıq. Əsas odur ki, teatr çirkin bir insanın əsarətindən xilas oldu. Biz qalibiyyətimizin sevincini yaşayırıq”.
Xalq artisti Bəsti Cəfərovanın da yeni təyinatla bağlı fikirləri maraqlı olar. Nəzərə alsaq ki, Bəsti Cəfərovanı İsrafil İsrafilovun komandasının üzvü kimi qəbul edirdilər, onda yeni təyinatla bağlı Xalq artistinin münasibəti maraqlıdır:
"Azərpaşa Nemətovla biz dostuq. Qaldı İsrafil İsrafilova, uğurlar arzulayıram. Mən 5 ildə bir dost qazandım. Təbii ki, dostumun daha yüksək vəzifəyə təyin olunması məni sevindirir. Mən bu gün də o fikirdəyəm ki, İsrafil İsrafilov gözəl insan idi, təcrübəli rəhbər idi. Mən ondan heç vaxt narazı olmamışam. Ona yalnız uğurlar arzu edə bilərəm. Azərpaşa Nemətov da bizə doğma insandı. Teatrın direktoru kim olur olsun, aktyora ilk növbədə rol lazımdı. Mən yenə işimi davam edəcəm. Mən fikrimdən dönmürəm. Mən İsrafil müəllimlə yenə dostam. Ona direktor idi deyə dost demirdim. Bu gün də dostumdu. Deyirlər haqq qələbə qazandı. Mən bu fikirlə də razı deyiləm. Heç kimə qarşı haqsızlıq olmayıb. Bu, onların qələbəsi də deyil. Əgər belə olsaydı, məktubla müraciət edəndə bu təyinat olardı. Heç kim bu təyinatı öz qələbəsi kimi də təqdim etməsin. Mən onların heç bir fikrinə də heç vaxt qoşulmamışam. Mənim yerimə də kimsə danışmasın. Sülhdən danışırlar. Mənim heç kimlə sülhə getmək niyyətim də yoxdu. Mənim tərəf-müqabillərim də var. Heç kimdən də asılı deyiləm. Mən bəziləri kimi zəif aktrisa da deyiləm ki, narahat olum. Mən artıq dostumu da, düşmənimi də tanıyıram. Ona görə də onların sülh çağırışına da qatılmıram. Mən teatrda sadəcə işimi davam edəcəm. Mənim kimi aktrisaya həmişə tələbat da var. Olan hadisələr gözümü açdı sadəcə. Mən işimə bağlı insanam. Mənə paxıllıq edənlərə də bir sözüm var. Mən güclü aktrisa olduğum üçün heç kimdən üzr istəməli deyiləm. Teatrda da elə insanlar var ki, mən onları özüm üçün silmişəm. Səhnə məni sevir, mən də səhnəni sevirəm. İsrafil müəllimlə də işləmək mənim üçün asan idi. Azərpaşa Nemətov da məni yaxşı tanıyır. Mənim narahatlığa səbəbim yoxdu. Vaxtilə bəziləri məni rəhmətlik Həsənağa Turabovla da düşmən etdilər. Amma mən ən güclü rollarımı da məhz Turabovun vaxtında oynamışam. Kimsə də sinəsinə döyüb qələbə deyə sevinməsin. Mən teatrda da oynadığımı oynamışam, izimi də qoymuşam. Qaldı barışıq-filan, mən hamının iç üzünü də, düşmənimi də tanıyıram. Onlarla barışıqdan da söhbət gedə bilməz. Mənim haqqımda daha nələr yazdırmadılar. Mən bundan sonra onlarla necə barışığa gedə bilərəm? Mən Azərpaşa Nemətovu da təbrik edirəm. Amma mənim bundan sonra heç kimi yola vermək niyyətim yoxdu. Mənə rollar, səhnə lazımdı. Vəssalam”.
Xalq artisti Ramiz Novruzovun da İsrafil İsrafilovun komandasında yer aldığı deyilirdi. Görən teatra yeni direktorun təyinatı onu necə, narahat etmir ki? Xalq artisti teatra Azəraaşa Nemətovun yeni direktor təyin olunmasına normal yanaşdığını dilə gətirdi:
"İsrafil İsrafilov bizim hər birimizin dostu olub. Yenə də münasibətimiz qalacaq. Azərpaşa Nemətov da illərdi tanıdığımız insandı. Mənim üçün böyük mənada heç nə dəyişmədi. Qaldı yeni təyinata, bu, yenilik deyildi. Çünki sentyabrda Azər müəllim teatra gələndə bəlli idi ki, teatra rəhbər gəlir. Ona görə də bunu gözləyirdik. İsrafilin gedəcəyi də bəlli idi. Qaldı həmkarlarımızla bir araya gəlməyimizə, mən hələ xeyli müddət əvvəl Nurəddinə bir neçə dostumuzun yanında yaxınlaşdım, barışıq əli uzatdım. Bizim onunla münasibətimizin pozulması şəxsi olduğu üçün İsrafillə heç bir əlaqəsi yox idi. Mən İsrafilin tərəfində olmamışam. Mən onların mövqeyini başa düşmürdüm. Məsələ bundadır. Mən Nurəddinə də yaxınlaşdım ki, gəl iş görək, bir yerdə tamaşa hazırlayaq. Amma o Nurəddin güya başa düşdü, amma yenə o soyuqluq arada qaldı. Onların istəyi əslində tamam başqa idi. Bir qırmızı xətt var idi - təki İsrafil getsin. Amma onlar başqa adamı teatrın direktoru olaraq görmək istəyirdilər deyə, bu istəkləri baş tutmadı. Ad çəkmək mənim tərəfimdən qeyri-etik olar. Kimi direktor gətirmək istəyirdilər, deməyəcəm. Amma o istək alınmadı. Mənim üçün teatrda kimin rəhbər olmağının fərqi yoxdu. Amma onlar üçün bu önəmli idi. Qaldı sülhə, barışığa, mən barışığı atan ilk insan idim. Amma onlar bu barışığa razı olmadılar. Mən Nurəddinlə tələbə yoldaşı olmuşam. Ona düşmən də deyiləm. Amma bizim aramıza elə girdilər ki, hətta az qala polisdə üzümə dursunlar. Məni ağrıdan bu məqamdı. Mən nə İsrafilin komandasında olmuşam, nə də kimsəylə birləşmişəm. Azərpaşa müəllimi də təbrik edirəm”.
P.S. Teatrla bağlı nə az, nə çox, 5 ildir ki, söz-söhbətlər səngimirdi. Bəs görən, bundan sonra teatrda yaşanan intriqalara, aktrisalar arasında yaranan qruplaşmalara son qoyulacaqmı? Hər halda bunu zaman göstərəcək.
Tahirə