İsrail Məmmədov: “Gələn ilin iyul, avqust aylarına mənə toy yazdıranlar var”
“Məni bu gün də sevənlər yetərincədir”
Zaman dəyişdikcə zövqlər, dəblər, istəklər də dəyişir. Hər zamanın öz tanınmışları, hər dövrün öz məşhur simaları olur. Ötən əsrin 80-ci illərinin də tanınmışı sənət adamları var ki, bu gün bəziləri unudulsa, bəziləri dəbdən düşmüş olsa da, bir həqiqət də var ki, onlar da zamanında sənətçi olaraq məşhur olublar, indinin dili ilə desək, ulduz olublar.
Ötən əsrin ulduzları, ötən əsrin məşhurları ilə bu gün sənət aləmində olan məşhurların ortaq olan və olmayan tərəfləri də olub. Ortaq tərəfləri sənət, musiqi, televiziya idisə, uyğun olmayan məqamları qalmaqallar, bu gün zamanımızı idarə edən internet dünyasında məşhurlaşmaq, həddindən artıq açıq-saçıq fikirlər, səhnə görünüşü və s. Ötən əsrin müğənnilərinin hətta mahnı repertuarı, ifa tərzləri o zaman maraqla qarşılanırdısa, bəzi müğənnilərə məhz o tərzə görə böyük tələbət var idisə, bu günün gəncliyi, bu günün insanları onları köhnəlmiş, bəzən bəsit, bayağı sənətçilər olaraq qəbul edirlər. Hətta belələri ilə bir verilişdə, bir məclisdə görünməyi belə özlərinə yaraşdırmırlar. Hərçənd Azərbaycan səhnəsində bir çox sənətçilər var idi ki, onları övladlarının toylarında görmək üçün aylarla onun izinə düşür, bir il öncə beh verib toyunun gününü təyin edirdilər. İndi həmin müğənniləri bugünkü bəzi ifaçılar qəbul etmək istəmir. Bilmək olmaz, bu gün özlərini ulduz hesab edənləri gələcək nəsil qəbul edəcəkmi? Ona görə də bu günün məşhurları, sabah siz də unudula bilərsiz.
Ötən əsrin məşhurlarından danışanda o zamanlar əldən-ələ gəzən maqnitofon kasetləri yada düşür. Bir çox məşhur müğənnilər var idi ki, onların kasetlərini dinləyənlərin sayı yetərincə idi. Elə bəzilərinin üzünü belə tanımasalar da, kasetləri, mahnıları ilə məşhur idilər.
Ötən əsrlərdə Baloğlan Əşrəfov, Ağadadaş Ağayev, Qədir Məmmədov, İsrail Məmmədov çox məşhur müğənnilər idilər. Onların kasetləri də əldən-ələ gəzirdi. Səsyazma studiyalarında ən çox onların kasetləri satılırdı.
Bu günün müğənniləri disk və albomlardan gəlir əldə bilirlər. Bəs Azərbaycan səhnəsinin ozamanki məşhurları necə, albom, kaset satışından gəlir əldə edə bilirdilərmi? Bu suallarımızla ötən əsrlərdə kifayət qədər tanınıb məşhur olan İsrail Məmmədovla həmsöhbət olduq. Bir vaxtlar cavanlar məhz onun ifasında səslənən musiqilərlə sevdiklərinə sevgilərini anlatmağa çalışırdılar, ayrılıq yaşayanda onun musiqilərində təsəlli tapırdılar.
İsrail Məmmədovla ötən əsrin sonlarını xatırlamağa çalışdıq. O zamanlar müğənniyə olan tələbat, istək nə qədər idi? Bu gün nə dəyişib? Əvvəlllər müğənnilər kasetdən pul əldə edə bilirdilərmi? "Şərq”ə danışan İsrail Məmmədov "Mən 1980-ci ildən sənətdəyəm. O ildən bu günə qədər bir manat kasetdən pul qazanmamışam. Mənim mahnılarımı satıb ondan pul qazanan, ev tikdirən, maşın alan olub. Amma ordan mənim qazancım olmayıb. O vaxtlar səsyazma studiyaları var idi. Onlar mənim mahnılarımı kaset şəklində hazırlayıb yaxşı pul qazanırdılar. Amma ordan bizə bir manat verilmirdi. Sadəcə bizim də təbliğat vasitəmiz o vaxtlar o kasetlər idi. O vaxtlar internet yox idi, bu qədər televiziya kanalı yox idi, maqazin proqramları olmurdu. Müğənnini tanıdan ən çox kasetləri idi. Ancaq sevilən, tələbatı olan müğənnilərin kasetləri satılırdı. O baxımdan özümü bəxtəvər hesab edə bilərəm. Mənim öz publikam var. Ötən əsrdə də məni sevənlər var idi, bu gün də. Amma kasetlərdən pul qazanmırdıq. 1995-ci ildən sonra "Səbuhi” studiyası yarandı. Müqavilə bağlanırdı müğənnilərlə. Müqaviləyə görə, studiya müğənninin 10-12 mahnısından ibarət albomu hazırlayırdı, şəkilli albomlar yenicə çıxmışdı, onunla bizim piarımız olurdu. Amma ordan da bizə qonorar verilmirdi. Sadəcə təmənnasız albomlarımız buraxılırdı. Ən yaxşı halda da ordan bir 50 kaset bizə pay verilirdi ki, dost-tanışa hədiyyə edə bilək. O zamanlar sənətçinin tanınması asan deyildi. Bir neçə müğənni var idi ki, içində mən də olmaqla bizi xalq sevirdi, bu gün də sevirlər. Kasetdən pul qazanmasaq da, o kasetlər vasitəsilə bizi tanıyırdılar, ordan mahnılarımızı sevirdilər deyə toyumuz çox olurdu. Yəni o kasetlərin satışı bizə toy qazanmağa kömək edirdi. O vaxtlar bizi toylarında görməyə çalışan valideynlər bir neçə ay əvvəl bizimlə görüşürdülər ki, boş günümüzü öyrənsinlər. Mən bu günümüzə də şükür edirəm. Çünki 30 il sənətdə olub hələ də sevilmək hər sənətçiyə qismət deyil. Məni bu gün də sevənlər yetərincədir. Gələn ilin avqust, iyul aylarına mənə toy yazdıran insanlar var. Düzdü, indiki gənclərin zövqü dəyişib, onların bir qismi pop, estrada musiqisinə üstünlük versələr də, bizi sevənlər yenə də var. Mənim öz publikam var. Mənə onların sevgisi yetir. İllərdi bu sənətdəyəm, heç vaxt üslubumu dəyişməmişəm. Heç vaxt ifa tərzimi kiməsə oxşatmağa çalışmamışam”.
Tahirə