İstiqlalçı deputatdan Lavrovun açıqlamasına SƏRT REAKSİYA: "...yaraşmır "

"Dağlıq Qarabağ münaqişəsinin həllini ermənipərəst qüvvələrə etibar etmişik"
"Məsələni Minsk qrupuna etibar etməklə, dərdimizi başqasının düşünməsinə şərait yaratmaqla heç yerə gedə bilmərik"







"Rusiyanın xarici işlər naziri həyasızcasına bəyan edir ki, guya BMT Təhlükəsizlik Şurasının qətnamələri müharibə davam edən vaxt qəbul olunub və həmin dövrün reallığını əks etdirir. Sanki keçən 26 il ərzində münaqişə həll olunub, bitib, vəziyyət başqa müstəviyə daşınır. Halbuki ötən illər ərzində vəziyyət bir qədər də gərginləşib”.

Bu sözləri "Sherg.az”a Rusiya XİN rəhbəri Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsi haqqında bəyanatlarını şərh edərkən İstiqlalçı deputat, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) rəhbəri , xalq şairi Sabir Rüstəmxanlı deyib.

Onun fikrincə, belə fikirlərlə çıxış etmək Rusiyanın diplomatik korpus rəhbərinə yaraşmır:

"Amma başa düşürük ki, Lavrov öz xalqının – ermənilərin mövqeyini bütün vasitələrlə müdafiə edir. Əsas məsələ odur ki, biz Dağlıq Qarabağ məsələsinin həllini ermənipərəst, erməni bağlılığı olan qüvvələrə etibar etmişik. Ona görə, həmin qüvvələrin bütün bu illər ərzində atdığı addımlar münaqişəni həll etmək əvəzinə, işi daha da mürəkkəb istiqamətə aparır. BMT-nin qətnamələri qəbul olunandan indiyə kimi bütün sənədləri izləyirəm. Həmin qətnamələrdə aydın göstərilir ki, ermənilər işğal etdikləri torpaqlardan çıxmalıdırlar.

Zaman keçdikcə, addım-addım Qarabağ icması, oradakı ermənilərin mənafeyi, xalqların öz müqəddəratını təyin etməsi və s. yanaşmalar ortaya atılır. Bütün bu vasitələrlə beynəlxalq qurumlar qarşımıza həll edə bilməyəcəyimiz şərtləri qoyurlar. Amma beynəlxalq hüququn dəyişilməz bir müddəası var. Bu isə hər bir dövlətin ərazi bütövlüyünün təmin olunması məsələsidir.

Dağlıq Qarabağ və onun ətrafındakı işğal edilmiş torpaqlar Azərbaycana məxsusdur. Azərbaycan bu istiqamətdə qətiyyətlə haqqını tələb etməli, mövqeyində dayanmalıdır. Münaqişəni Minsk qrupuna etibar etməklə, dərdimizi başqasının düşünməsinə şərait yaratmaqla heç yerə gedə bilmərik. Daha ciddi addımların atılmasının vaxtı çatıb”.

Qaçqın və məcburi köçkünlərlə bağlı məsələyə toxunan S.Rüstəmxanlı qeyd edib ki, dünya birliyi öz yurd-yuvalarından didərgin düşən insanlarla bağlı iddialarımıza inanmır:

"Bir milyon qaçqın və məcburi köçkünlərimiz var. Haradadır o insanlar ? Hər gün səslərini yüksəltməlidirlər, torpaqlarına qayıtmaq istədiklərini bəyan etməlidirlər. Qaçqın və məcburi köçkünləri Abşeronda, mərkəzi şəhərlərdə yerləşdirdikdə dünya bizə sual verir: "Hanı o qaçqınlar? " Artıq buna inanmırlar. Bütün bu reallıqları nəzərə almalıyıq”.

Qeyd edək ki, Sergey Lavrov Moskvada BMT baş katibi Antoniu Quterriş ilə birgə mətbuat konfransında Dağlıq Qarabağ üzrə yerinə yetirilməyən BMT qətnamələrini şərh edib. Nazir bu qətnamələrin hərbi əməliyyatlar dövründə qəbul olunduğunu söyləyib:

"Onlar böyük ölçüdə bu qanlı vəziyyətə son qoymağa və məsələni siyasi dialoqa çevirməyə imkan verib”. Bu açıqlamalara münasibət bildirən Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev isə BMT TŞ-nın qətnamələrinin icra olunmayana qədər vaxt məhdudiyyəti olmadığını xatırladıb. O bildirib ki, qətnamələr Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar tamamilə aydın yanaşma nümayiş etdirir:"Qətnamələr münaqişənin həllinin siyasi-hüquqi, o cümlədən beynəlxalq humanitar hüquqi əsaslarını formalaşdırır. BMT TŞ-nın qətnamələrini və həmsədr ölkələrin eləcə də BMT TŞ-nın daimi üzvləri olduğunu əsas tutaraq, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri tərəfindən bu qətnamələrin tələblərinin yerinə yetirilməsi istiqamətində səylərin artırılmasını vacib hesab edirik”.

Aysel Aslan