“İnsanlarda əməliyyatın yüksək səviyyədə aparılmadığı təəssüratı yaranır”
Ötən gün "Günəşli” yatağında baş verən hadisə zamanı itkin düşən neftçilərdən daha bir nəfərin meyiti tapılıb. Dənizdən cəsədi aşkarlanan neftçi 1958-ci ildə anadan olmuş Mübariz Dilqəm oğlu Qasımovdur.
M.Qasımovun cəsədi Xəzər dənizinin Türkmənistan sahillərindən 55 km uzaqlıqda, Azərbaycana məxsus "Cabbar Həşimov” gəmisi tərəfindən tapılıb. Cəsədin üzərində olan xüsusi geyimdə "AZ SOCAR” yazısı müəyyən edilib. M.Qasımovun cəsədi Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində müayinə edildikdən sonra ailəsinə təhvil verilib və anadan olduğu Tovuz rayonunun Aşağı Mülkülü kəndində torpağa tapşırılıb. Dəfn mərasimində SOCAR-ın əməkdaşları da iştirak ediblər. Xatırladaq ki, böyük faciədən 41 gün vaxt keçməsinə baxmayaraq, hələ də itkin düşən 22 neftçinin 18-nin cəsədi tapılmayıb. "Azneft” İstehsalat Birliyindən (İB) verilən məlumata görə, "Günəşli” yatağında baş verən hadisə zamanı itkin düşən neftçilərin axtarışları davam etdirilir və Dövlət Sərhəd Xidmətinin (DSX) 2 gəmisi axtarışlar aparır. Axtarışların nəticə verməməsi isə neftçi yaxınlarının narahatlığına səbəb olur. Ailələr axtarış əməliyyatlarının daha geniş şəkildə aparılmasını tələb edirlər. Çünki onlar uzun müddət dənizdə qalan cəsədlərin ziyan görə biləcəyindən ehtiyat edirlər. Neftçi yaxınlarının sözlərinə görə, cəsədlərin tapılması təsadüf nəticəsində, yəni dəniz dalğalarının meyitləri sahilə çıxarması sayəsində mümkün olur. Məsələ ilə bağlı "Şərq”ə danışan Neftçilərin Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Mirvari Qəhrəmanlı itkin neftçi ailələrinin narahatlığına ortaq olduğunu deyib. Ekspertin fikrincə, neftçilərin axtarışı yüksək səviyyədə həyata keçirilməlidir: "Axtarışlar nəticə vermədiyi üçün insanlarda əməliyyatın yüksək səviyyədə aparılmadığı təəssüratı yaranır. Əgər belə bir fikir formalaşırsa, bunun günahı məsələyə məsul olan müvafiq icra strukturlarıdır. Çünki ARDNŞ neftçilərin axtarışı ilə məşğul olmur. Şirkətin bu işi görə biləcək gəmiləri yoxdur. İtkin düşən neftçilərin axtarışını birbaşa Fövqəladə Hallar Nazirliyi həyata keçirir. Nazirlik mütəmadi olaraq axtarışın hansı səviyyədə getməsi, hansı vasitələrlə aparılması və ümumi nəticələr haqqında ictimaiyyətə məlumat verməlidir. Ən azından neftçilərin yaxınları tez-tez xəbərdar edilməlidir”.
M.Qəhrəmanlının sözlərinə görə, qurum əldə edilən məlumatları öz saytında yerləşdirməlidir: "Cəmiyyət bilməlidir ki, nazirlik axtarış tədbirləri ilə bağlı hansı xarici ölkələrlə, hansı Xəzəryanı dövlətlərlə əməkdaşlıq edir. Sadəcə, Türkmənistan sahillərində neftçilərin cəsədlərinin tapıldığını eşidirik. O da təsadüf nəticəsində üzə çıxan meyitlərdir. Bəs digər Xəzəryanı ölkələrin sahillərində axtarış aparılmırmı? Axı burda söhbət 22 nəfərin, daha doğrusu, 22 cəsədin aqibətindən gedir. İntizarla gözləyən ailələr yaxınlarının meyitlərini basdırmaq istəyirlər. Hətta itkin düşən bir nəfər olsa belə, axtarış yüksək səviyyədə təşkil olunmalı və sona qədər aparılmalıdır”.
İsmayıl