O həm də “Qazprom”un ən böyük özəl səhmdarıdır
Tiflis həm də alternativ qaz almaq adı ilə qiyməti aşağı salmağa çalışır
Gürcüstan hökumətinin Rusiyanın "Qazprom” şirkəti ilə qazla bağlı danışıqları ölkə müxalifətinin etirazı ilə qarşılanıb. Məlumata görə, ölkə vətəndaşlarının çoxu bu addımın dövlət üçün siyasi və iqtisadi risklə nəticələnə biləcəyini əsas gətirərək, "Qazprom”un ikinci gəlişindən narazılıq edib.
Gürcü ictimai xadimi və siyasi şərhçisi Maya Orcanikidze də haqqın.az-a verdiyi müsahibəsində bildirib ki, "Qazprom” Gürcüstanın 20 faiz ərazisini işğal altında saxlayan ölkəyə məxsusdur. M.Orcanikidze bu şirkətin yenidən ölkəyə gətirilməsində keçmiş Baş nazir Bidzina İvanişvilinin əlinin olduğunu iddia edib: "Hər şey aydındır. Bidzina İvanişvili Rusiya Prezidenti Vladimir Putinin təkcə silahdaşı, kuklası deyil, o həm də "Qazprom”un ən böyük özəl səhmdarıdır. Ölkənin faktiki rəhbəri olan bu şəxsin maliyyə maraqları ilə ölkənin milli maraqları arasında birbaşa ziddiyyət hökm sürür”.
Gürcüstan iqtidarın mövqeyini şərh edən tanınmış analitik Arzu Nağıyev "Şərq”ə söyləyib ki, bu, gözlənilən idi. Ekspertin qənaətincə, Gürcüstanın energetika naziri K.Kaladze bir müddət öncə də "Qazprom”la bir neçə danışıqlar keçirib: "Təbii ki, bu, müxalifət tərəfindən də birmənalı qarşılanmayıb. Yəni bildirirlər ki, məlum qərar Gürcüstanın Rusiyadan asılı vəziyyətə salınması və Azərbaycanla münasibətlərin korlanması deməkdir. Və oyunların arxasında Bidzina İvanişvilinin maraqları dayanır. K.Kaladze bunu məcburiyyət qarşısında qalıb etdiklərini desə də, inandırıcı deyil. Çünki Azərbaycan Gürcüstana lazımi qədər və güzəştli qiymətə qaz satmaq iqtidarındadır, bunu edir də. Hətta kilsə və məscidlərə də təmənnasız qaz verir. Sadəcə olaraq Rusiyaya yarınmaq üçün bu addım atılır. Bir də Tiflis alternativ qaz almaq adı ilə qiyməti aşağı salmağa çalışır. Məlumdur ki, Gürcüstan üzərindən Ermənistana Rusiya qazı da gedir və buna görə də Gürcüstan tranzit vəsaiti alır”.
Müsahibimizin fikrincə, Azərbaycan-Gürcüstan münasibətlərində mühüm bir gərginlik yaşanmayıb və hazırda da yoxdur: "Eyni zamanda Gürcüstanda çoxsaylı azərbaycanlı həmvətənlərimiz yaşayır. Təbii ki, xarici siyasətdə dostluq deyil, maraqlar olur. Bu baxımdan Gürcüstan öz maraqlarından çıxış edir və yəqin ki, Rusiya qarşısında müvafiq öhdəliyə malik bir iqtidar tərəfindən idarə olunur. Ona görə də Azərbaycan tərəfi buna hazır idi və düşünürəm ki, adekvat addımlar atılmasa da, bu gün neftə görə qiymət düşübsə, qalxan vaxt digər tədarükçülərdən imtina da edilə bilər. Məsələdə təəccüblü bir məqam yoxdur”.
A.Nağıyev bəyan edib ki, Gürcüstanın sözügedən addımında həm Rusiya, həm də İranın rolu danılmazdır: "Təbii ki, burada Ermənistan faktoru da öz rolunu oynayır. Rusiya İranla müttəfiq olduğunu və Ermənistanın da onun forpostu olduğunu göstərməyə çalışır və bununla da regionda nüfuz sahibi olduğunu vurğulayır. Düşünürəm ki, bunların hamısı müvəqqəti addımlardır. Əlbəttə, səbəb və məqsədlər də var. İran öz qazını satmağa çalışır, bununla Ermənistana yararlı olur. Gürcüstan da burada əlaqələndirici rolu oynadığı üçün Rusiyanı razı salır”.
Ayyət Əhməd