"İxtisas seçimində valideynlər daha dəqiq yol göstərdiklərini düşünürlər" - Yanılırlar







"Valideynlər peşə seçimində övladlarının istəyini nəzərə almadan, bilik və bacarıqlarını, gələcəkdə karyera qurmaq imkanlarını düşünmədən yönləndirirlər”.

Bunu "Sherg.az”a ixtisas seçimində valideynlərin abituriyentlərə müdaxiləsinin nəticələrindən danışarkən Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü deyib.

O bildirib ki, bəzi tələbələr valideynlərin seçdiyi peşəni sevmədiyinə görə, universiteti yarımçıq qoyub, yenidən imtahan verərək başqa ixtisasa yiyələnirlər:

"Valideynlər arasında maarifləndirmə aparılmalıdır. Onlar övladlarının sərbəst qərar qəbul etməsinə şərait yaratmalıdırlar. Gələcək karyera seçimində 17-18 yaşlı şəxsin fikrinə inamsız olmamalıdırlar. Valideynlər mütəxəssislərə müraciət etməli, fənn müəllimləri ilə məsləhətləşməlidirlər. İxtisas seçimində valideynlər həmişə daha dəqiq yol göstərdiklərini düşünürlər.

Halbuki onlar XXI əsrin tələblərinə normal yanaşmalı, övladlarının seçiminə hörmət göstərməlidirlər. Valideynlər abituriyentin xarakterini, bilik, bacarıq səviyyəsini öyrənməli, onların psixoloji xüsusiyyətlərini yaxşı bilməlidirlər.

Belə olarsa, valideyn övladına ixtisas seçimində daha düzgün yol göstərər, azad qərar verməsinə yardımçı olar. Abituriyentin seçdiyi ixtisas isə onun üçün müsbət gələcək vəd edə bilər”.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə də valideynlərin ixtisas seçimində abituriyentlərə müdaxiləsini tənqid edib. O vurğulayıb ki, cəmiyyətində "qadın və kişi ixtisasları" stereotipləri üzündən tələbə qəbulu ilə bağlı bəzi problemlər yaranır. Xüsusilə valideynlərin təsiri ilə qızlar riyaziyyat müəllimliyinə sənəd verirlər, amma mühəndisliyi seçmirlər.

Aysel Aslan