Jurnalist Həmkarlar hərəkatına böyük ehtiyac var

“Azərbaycanda jurnalist həmkarları ittifaqlarının durumu və gələcək inkişaf meyilləri” mövzusunda keçirilən konfransda əmək hüquqlarının qorunması gündəmə gəldi


Dünən Avropa İttifaqının maliyyə dəstəyi ilə Jurnalist Həmkarları İttifaqı və Beynəlxalq Jurnalistlər Federasiyası tərəfindən "Azərbaycanda jurnalist həmkarları ittifaqlarının durumu və gələcək inkişaf meyilləri” mövzusunda konfrans təşkil edilib. Konfrans "Cənubi Qafqazda jurnalist həmkarlar təşkilatlarının bacarıqlarının inkişaf etdirilməsi” layihəsi çərçivəsində reallaşıb.

Tədbirdə Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, Beynəlxalq Jurnalistlər Federasiyasının layihələr departamentinin rəhbəri Adrien Collin, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, media rəhbərləri və digər ekspertlər iştirak ediblər. Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli layihə barədə məlumat verib. O, jurnalist həmkarlar təşkilatlarının fəaliyyətlərinin gücləndirilməsinin günün tələbi olduğunu deyib. Bildirib ki, sovetlər dövründə olduğu kimi, bu gün də Azərbaycanda həmkarlar təşkilatlarına sanatoriyalara, kurortlara göndərişlər verən qurumlar kimi baxılır. Əslində isə həmkarlar ittifaqlarının missiyası başqadır. Layihənin məqsədi model həmkarlar təşkilatlarının formalaşdırılmasıdır: 

"Beynəlxalq Jurnalistlər Federasiyası dünyanın müxtəlif ölkələrinin 600 min jurnalistini ətrafında birləşdirir. Federasiya jurnalistlər üçün layiqli iş şəraitinin yaradılmasının vacibliyini əsas götürür. Layiqli iş yeri jurnalistin iş yerində təhlükəsizliyinin qorunması, yaxşı əmək haqqı verilməsi, əmək hüquqlarının qorunmasını və digər məsələləri nəzərdə tutur. Azərbaycanda jurnalistlərin sosial rifahının yüksəldilməsi xüsusi diqqət mərkəzindədir. Ancaq ilk növbədə redaksiyaların özündə ilkin həmkarlar təşkilatları yaradılmalıdır. Çünki redaksiyalarda olan həmkarlar təşkilatları o jurnalistlərin problemlərini daha yaxşı bilir, gündəlik redaksiya rəhbərliyi ilə danışıqlar apara bilər. Jurnalistlərin əmək hüquqlarının qorunması son nəticədə peşəkar jurnalistikanın inkişafına səbəb olur. Bu gün ölkədə jurnalistlərin 87 faizinin əmək müqaviləsi var. Məsələ ondadır ki, bəzi hallarda rəsmiləşdirilən əməkhaqqı ilə mövcud əmək haqqı arasında fərq var. Jurnalistlər bilməlidirlər ki, əmək haqlarının aşağı göstərilməsi gələcəkdə pensiya təminatına mənfi təsir göstərəcək”.

Sonra Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşovun sədrliyi ilə "Azərbaycanda sosial dialoq və əmək standartları: Mövcud durum, problemlər, nailiyyətlər və yeni çağırışlar” mövzusunda birinci sessiya keçirilib. Şura sədri beynəlxalq təcrübədə işçilərin hüquqlarının həmkarlar təşkilatları tərəfindən qorunduğunu bildirib.
KİVDF-nin icraçı direktoru Vüqar Səfərli jurnalistlərin sosial problemlərinin həlli istiqamətində Fondun strategiyasından danışıb. O, jurnalist həmkarlar təşkilatlarının fəaliyyətindən danışarkən əksər redaksiyalarda həmkarlar təşkilatlarının olmadığını deyib: "Bu da jurnalistlərin fəaliyyətində çətinliklər yaradır. Jurnalistlərin hüquqları qorunmalı, əmək müqaviləsi bağlanmalıdır. Həmkarlar təşkilatları olarsa, bu kimi problemlər aradan qalxar. Azərbaycanda müvafiq sahədə güclü bir həmkarlar ittifaqı yaransa, bu, jurnalistikanın inkişafına təkan verəcək.

Beynəlxalq Jurnalistlər Federasiyasının layihələr departamentinin rəhbəri Adrien Collin işçilərlə sahibkarlar arasında sosial dialoq qurulmasının vacibliyini vurğulayıb. O, həmkarlar ittifaqının fəaliyyətinin əsasında işçilərin problemlərinin diqqətdə saxlanılması, işə götürülərkən işçilərin hüquqlarının qorunması olduğunu bildirib: "Layihənin icrası 2014-cü ildə nəzərdə tutulsa da, Azərbaycanda qrantlarla bağlı qanunvericiliyə dəyişikliklərlə əlaqədar layihənin icrası bu il başlayıb. Layihə çərçivəsində "Həmkarlar ittifaqı təşkilatının üzvünün məlumat kitabı” və "Əmək hüquqları və onların qorunması mexanizmləri: Kollektiv danışıqlar və kollektiv müqavilələr” kitabçaları çap edilib”. Collin Cənubi Qafqazda jurnalistlərin bir sıra problemlərinin olduğunu qeyd edib: "Əmək müqavilələrinin, həyat sığortasının, iş yerində təhlükəsizliyin olmaması və digər təzyiqlər var. Siyasi iradə olmasa, çətinliklərin öhdəsindən gələ bilməyəcəyik. İş verənlər həmkarlar ittifaqları yaratsalar da, bunların işçilər üçün bir faydası var. Azərbaycanda qanunvericilik yüksək səviyyədə olsa da, jurnalistlərin əmək hüquqları sahəsində problemlər qalır. Sovet irsi dəyişdirilməli, sağlam bazar iqtisadiyyatına keçilməlidir. Jurnalistlər bu gün hüquqlarını müdafiə etmək əvəzinə, işdən çıxırlar, həmkarlar ittifaqlarının onlara kömək edəcəyinə inanmırlar. Beynəlxalq Jurnalistlər Federasiyası jurnalistlərə hər zaman kömək etməyə hazırdır. Jurnalistlərin yaxşı iş yeri olsa, onlar daha keyfiyyətli iş təqdim edəcəklər”.

"Əmək hüquqlarının qorunmasında mövcud vəziyyət, əmək standartlarının inkişaf etdirilməsinin modern yolları” mövzusunda çıxış edən iqtisadçı ekspert Vüqar Bayramov nəzərə çatdırıb ki, son illər əmək hüquqlarının qorunması ilə bağlı atılan əsas addım əmək müqavilələrinin elektron qaydada qeydiyyatının aparılmasıdır: "İş yerlərində əmək müqavilələrinin bağlanıb-bağlanmamasının yoxlanılması praktiki olaraq çətin, bəzi hallarda mümkünsüzdür. Ancaq əmək müqavilələrinin elektron qaydada sistemə daxil edilməsi ilə nəzarətin həyata keçirilməsi daha asan olacaq. Digər tərəfdən, işçi ilə əmək müqaviləsi bağlanmırsa, qeyri-leqal iş fəaliyyətindən söhbət gedirsə, işçinin əmək hüquqlarının qorunması mümkün olmur. Çünki əmək hüquqları əmək müqaviləsinin bağlanması ilə yaranır. Onu da nəzərə almaq lazımdır ki, işçilərlə xidməti müqavilə bağlanması əmək hüquqları yaratmır. Təəssüf ki, son dövrlər xidməti müqavilələr təklif edən iş yerlərinin sayı artır. Xidməti müqavilə ilə şəxs xidmət yerinə yetirir, bu xidməti müqavilələri ləğv etmək də çox asandır”.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının əməyin hüquq müfəttişi Ruslan Bağırov konfransda "Azərbaycanda beynəlxalq əmək standartlarının tətbiqi sahəsində əldə edilən nailiyyətlər, əmək hüquqlarının qorunmasında həmkarlar ittifaqlarının rolu” mövzusunda çıxış edib.

"Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, "Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas və başqaları konfransda çıxış edərək kütləvi informasiya vasitələrinə reklam verilməsinin stimullaşdırılmasının önəmini qeyd ediblər.

Rauf Arifoğlu bu gün medianın məhdud vasitələrlə fəaliyyət göstərdiyini bildirib:

"Söhbət ilk növbədə maliyyə vəsaitlərinin məhdudluğundan gedir. Öncə medianın gəlirlərini beynəlxalq səviyyəyə çatdırmaq lazımdır. Əks halda, indi bu vəsaitlərin bir qismini vergilərə yönəltmək çox çətindir. Biz media olaraq böyüyə bilmirik. Bu gün Azərbaycanda yazılı media KİVDF-nin sayəsində ayaqda qalır. Əgər KİVDF-nin dəstəyi olmasaydı, "Yeni Müsavat” qəzetini saxlamaq mümkün olmazdı. Bu gün bizim qəzetdə işləyən 50 nəfərin hüquqlarını Müşfiq Ələsgərli məndən yaxşı qoruya bilməz. İlk növbədə qəzetlərə reklam verilməsini stimullaşdırmaq lazımdır. Söhbət yazılı medianın yaşayıb-yaşaya bilməməsindən gedir. Biz bu gün mövcudluğumuzu qorumaq uğrunda çalışırıq. Demək çox asandır ki, sahibkar maaş versin. 28 il bir media qrupunu saxlamaq, o işçilərin sosial problemlərini həll etmək asan deyil. O baxımdan "Yeni Müsavat Media Qrupunun həmkarlar ittifaqı mən özüməm”. Tapdıq Abbas isə ilk növbədə KİV-in reklam probleminin həll olunmasını vacib sayıb: "Nə qədər yardımla yaşamaq olar? Öncə KİV-lərin maliyyə durumu yaxşılaşdırılmalıdır”.

"Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev reklam bazarının olmamasından şikayətlənib: 

"Çap mediası dövlətin yardımı hesabına ayaqda dayanıb. Dövlət bu yardımı nə vaxtsa kəsə bilər. O zaman jurnalistlərin sosial müdafiəsi Həmkarlar İttifaqının üzərinə düşəcək. Son illər əmək hüquqlarının qorunması ilə bağlı atılan əsas addım əmək müqavilələrinin elektron qaydada qeydiyyatının aparılmasıdır. İş yerlərində əmək müqavilələrinin bağlanıb-bağlanmamasının yoxlanılması praktiki olaraq çətin, bəzi hallarda mümkünsüzdür. Ancaq əmək müqavilələrinin elektron qaydada sistemə daxil edilməsi ilə nəzarətin həyata keçirilməsi daha asan olacaq”. Mövzu ətrafında dinləmələrdən sonra birinci sessiya başa çatıb.

İsmayıl

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb