2027-ci ilin hədəfi açıqlandı: Paytaxtda avtomobilsiz küçə yaradılacaq

Sürət limiti kəskin endirilir, Bakının mərkəzi “sakit zona”ya çevrilir

Maşınlar çıxarılır, piyadalar ön plana keçir, tarixi ərazilər üçün yeni dövr başlayır

2027-ci ilədək Bakıda insanyönümlü – avtomobilsiz, piyadalar üçün rahat, təhlükəsiz küçələrin sayının artırılması nəzərdə tutulur.

“Sherg.az” Urbanblog.az-a istinadən xəbər verir ki, Bakının Baş Planında belə bir bənd var: Bakı üçün 2027-ci ilədək piyada şəbəkəsi. Şəhərin mərkəzi hissəsi, xüsusilə piyada üzrə infrastrukturunun genişləndirilməsi nəzərdə tutulur.

Müvafiq qərarlar qəbul edildikdən sonra mərkəzi ərazilərdə sürət həddinin 50 km/saat müəyyən edilməsi planlaşdırılır. Piyada zonasının cənuba doğru genişləndirilməsi istiqamətində uzadılma nəzərdə tutulur. Ətrafında - Neftçilər prospektinin şimalı, Bülbül prospektinin qərbi - yerləşən tarixi ərazi avtomobilsiz “sakit zona”ya çevriləcək. Bu zonada nəqliyyat əsas küçələr vasitəsilə yönləndiriləcək. Piyada zonası ilə inteqrasiya, avtomobilsiz sahənin yaradılması planlaşdırılır. Yaxın ərazilərdəki küçələr “sakit küçə” formatına keçirilərək. Məkanların piyada əlaqəsi gücləndiriləcək. Yerli küçələrdə sürət həddi 30 km/saat olacaq və piyada təhlükəsizliyi artırılacaq. Magistral küçələrdə əlavə piyada keçidlərinin yaradılması, mövcud keçidlərin optimallaşdırılması, 2027-ci ilə qədər 5.9 km avtomobilsiz küçə, 7.4 km 30 km/s rejimli küçə salınması planlaşdırılır. Piyada keçidlərinin sayı 149-dan 178-ə çatdırılmalıdır. Bu dəyişikliklər nəticəsində şəhər mərkəzində piyada hərəkəti daha təhlükəsiz və fasiləsiz hala gətiriləcək.

Qeyd edək ki, paytaxtda İslam Səfərli küçəsi, İstiqlaliyyət küçəsinin Əziz Əliyev küçəsi ilə kəsişən hissəsi və Əziz Əliyev küçəsi bütünlüklə piyada küçələridir. Belə küçələr şəhər mərkəzində keyfiyyətli ictimai məkan, piyadalar üçün rahatlıq deməkdir.