"Jurnalistə qarşı zorakılıq yaxşı hal deyil" - Aydın Quliyev






"Jurnalistin döyülməsini hansısa nazirin adamlarının törətdiyi dəqiqləşmədən qəti qərar söyləmək çətindir”.

Bu barədə "Sherg.az”a unikal.org saytının əməkdaşının döyülməsindən danışarkən
"Bakı -Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev bildirib. 

Onun sözlərinə görə, hüquq mühafizə orqanlarına müraciət edilibsə, hadisənin aydınlaşması üçün tədqiqatların nəticəsini gözləmək lazımdır:

"Belə hallarda ya jurnalistin özü, ya da çalışdığı mətbuat orqanı hüquq-mühafizə orqanlarına müraciət etməlidir. Hadisənin mahiyyəti tam aydınlaşana qədər jurnalistin kiminsə sifarişi ilə döyülməsi haqqında konkret hökm verilməməlidir. Unutmaq olmaz ki, bu hadisədə nazirin adı hallanır. Konkret sübutlar olmadan, kiminsə bu hadisədə iştirakını iddia edə bilmərik.

Ümumən isə, qanuni peşə borcunu qaydalar çərçivəsində həyata keçirən jurnalisti təhqir etmək, jurnalistlərə qarşı zorakılıq həyata keçirmək yaxşı hal deyil. Yəqin ki, ortada ciddi fakt olarsa, Mətbuat Şurası addım atacaq".

Qeyd edək ki, səhiyyə naziri Oqtay Şirəliyevin işçiləri unikal.org-un əməkdaşı Famil Fərhadoğlunu (İbrahimov) döyüblər. Hadisə Yasamal qəbiristanlığında baş tutan səhiyyə nazirinin müavini Abbas Vəlibəyovun dəfn mərasimində baş verib. Mərhumla dəfn mərasimini lentə alan jurnalist üz və qol nahiyəsindən xəsarət alıb. Həmçinin mobil telefonu əlindən alınaraq, sındırılıb.

Aysel Aslan