Jurnalisti tanıdan onun imzasıdır

Elçin Mirzəbəyli: “Elə informasiyalar olur ki, onlarda imzaların qoyulması vacib şərt hesab olunmur”
Elşad Eyvazlı: “Son 5 il ərzində öz imzası ilə tanınan jurnalist demək olar ki, yoxdur”


Dilqəm Əhməd: "Elə xəbərlər olur ki, ona imza qoymağa müxbirin özünün də marağı olmur”

Xanlar Xoca: "Oxucunu bu gün harada nə baş verdi sualları düşündürür, kim yazdı sualı maraqlandırmır”

Elşad Məmmədli: "Əksər saytlarda reportajlarda, məqalələrdə, xüsusi ilə təhlil yazılarında imzalar verilir”

(əvvəli ötən sayda)

Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə mətbuatda müəllif yazıları ilə bağlı keçirilən tədbirdə maraqlı bir problemə diqqət çəkib. Tanınmış jurnalist mətbuatda, xüsusən də internet saytlarda müxbir imzalarının sürətlə itdiyini deyib: "Jurnalist kimi məni çox narahat edən bir məsələ var. Təəssüflər olsun ki, mətbuatda imzaların itməsi prosesi gedir. Burada söhbət cəmiyyətdə kifayət qədər tanınan media nümayəndələrinin imzasından yox, medianın yükünü çiyinlərində daşıyan sıravi müxbirlərdən gedir. Onların imzaları sürətlə itməkdədir. Bir çox saytlar, informasiya agentlikləri artıq müxbir imzasından imtina ediblər.

Məsələn, hansısa məlumat saytda verilir və yazılır ki, "ölkə.az” xəbər verir, nə bilim, "qafqazinfo.az” bildirir və s. Materialları hazırlayıb ictimaiyyətə ötürən müxbirlərin adı, soyadı qeyd olunmur. Mən 3-4 günə sadəcə bir yazı yazıram və onu 15 saytda paylaşıram, özümdən yekə də şəklimi qoyuram. Amma günə 4 xəbər yazan jurnalistin adı-sanı olmur. Hesab edirəm ki, imza çox önəmli məsələdir”.

S.Verdizadə deyib ki, jurnalistikaya o zaman ictimaiyyətdə tanınan 20 ən yaxşı imzaya görə gəlib: "Tanınmış qələm sahiblərinin yazıları məni ruhlandırmışdı. Qocaman jurnalistimiz Məzahir Süleymanzadəni qiyabi şəkildə 25 il bundan öncə tanıyırdım. Amma onun özünü canlı olaraq 5 il əvvəl görmüşəm. Məndən dəfələrlə soruşublar ki, mətbuatda yaxşı qələmi olan filan jurnalist var idi, indi o hardadı, ölüb, işdən çıxıb, nə olub ona? Mən də deyirəm ki, həmin adam hazırda jurnalistikadadır və əvvəlkindən daha çox yazır. Amma imzası itdiyi üçün camaat o müxbiri tapa bilmir”. Qurum rəhbəri bildirib ki, mətbuatın yükünü çəkən sıravi müxbirlər sabah harasa getsələr, jurnalist olduqlarını sübut edə bilməyəcəklər: "Hansısa başqa media orqanına işə düzəlmək istəyəndə baş redaktor həmin müxbirdən müəllif yazısı istəyəcək. Onun imzalı yazısı yoxdursa, baş redaktora nə təqdim edəcək?! Bilmirəm, bəlkə də XXI əsrdə imzaya, imzalı jurnalistikaya ehtiyac yoxdur? Əgər imza jurnalist üçün hər zaman önəmlidirsə, onda bu problemə diqqət yetirək”. Həqiqətən, indiki dövrdə mətbuatda imzasız jurnalistlər mərhələsinin formalaşması iddiası realdırmı? Ümumiyyətlə, imza və təxəllüs media nümayəndəsi üçün nə qədər önəmlidir, müxbir sadəcə anonim xəbər daşıyıcılığı funksiyasını yerinə yetirməlidir, yoxsa öz imzası ilə tanınmalıdır? "Şərq” qəzeti olaraq media nümayəndələri arasında sorğu apardıq. Mövzuya münasibət bildirən əksər jurnalistlər imzanın mətbuatda önəmli faktor olduğunu vurğuladılar. Ancaq mediamızda imza probleminin olmadığını söyləyənlər də oldu.

"Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli bu məsələyə iki kontekstdən yanaşıb: "Müəllif yazılarında, araşdırmalarda və digər tədqiqat xarakterli yazılarda imzaların qoyulmasının tərəfdarıyam. Amma elə informasiyalar olur ki, onlarda imzaların qoyulması vacib şərt hesab olunmur. Əgər verilən xəbər eksklüziv deyilsə, jurnalist onu əldə edərkən əziyyət çəkməyibsə, informasiyaya öz adını qoymasa da olar. Amma ümumi anlamda həm yazılı, həm də internet mediada imzalı yazıların dərc olunmasının tərəfdarıyam”. "Modern.az” saytının baş redaktoru Elşad Eyvazlı isə deyib ki, 20-30 nəfər bir yerə yığışıb sayt yaradırlar və onların kollektivdən ibarət redaksiyaları formalaşır. Hər redaksiya istehsal müəssisəsi hesab olunur: "Məsələn, fabrik, zavod ayaqqabı, paltar və başqa məhsul istehsal edirsə, qəzet və saytlar da xəbər hazırlayırlar. Hansısa zavod maşın istehsal edəndə onun üzərində ümumi firmanın, brendin adını qeyd edir, amma maşının ərsəyə gəlməsində əməyi olan ayrı-ayrı şəxslərin adları yazılmır. Mətbu orqanların informasiya yayması da buna bənzəyir. Təbii ki, sovetlər dövründə məsələyə bu cür yanaşılmırdı. Ümumiyyətlə, keçmişdə media qurumlarına biznes obyekti kimi baxılmırdı. Mən də mətbuata təxminən Seymur Verdizadə ilə eyni vaxtda gəlmişəm. Tanınmış imzalar hamımızı cəlb edib. Amma neynək, indi elə bir zamana gəlib çıxmışıq ki, mövcud sistemdə imzaların görünməsi bir o qədər önəm kəsb etmir”. Baş redaktorun fikrincə, hazırda cəmiyyətin əsas tələbatı maraqlı informasiyadır. Onlayn media bunu oxuculara verir: "Əgər yazı oxucu üçün maraqlıdırsa, altında imza olması əhəmiyyət daşımır. Müasir dövrdə internet medianın aparıcı funksiyası baş verən hadisələri oxucuya çatdırmaqdır. Təbii ki, jurnalist olaraq imzaların tanınmasını istəyirəm. Lakin son 5 il ərzində öz imzası ilə tanınan jurnalist demək olar ki, yoxdur. Onlayn media inkişaf etdikcə, bu problem özünü daha çox büruzə verir. Hər halda ciddi jurnalistika ilə məşğul olan müxbirlər imzalarının tanınmasında maraqlı olmalıdırlar. Ancaq yenə deyirəm, imza məsələsi yaşlı nəsil üçün problem hesab olunsa da, onlayn mediada ciddi problem sayılmır”.

"Teleqraf.com” portalının redaktoru Dilqəm Əhməd deyib ki, bəzən, elə informasiyalar olur ki, ona imza qoymağa müxbirin özünün də marağı olmur. Çünki gündəlik rutin xəbərlərdə hər hansı ciddi yaradıcılıq olmur. Sadəcə informasiya verilir. Azərbaycanda agentliklərdə bu məsələlərə diqqət edilir, hətta bəzilərində müxbirin kiçik fotosu da öz əksini tapır. Amma xəbər portallarında bu qorunmur. Fikrimcə, əgər müxbirin verdiyi informasiya çox özəldirsə və başqa portallarda yoxdursa, bu, artıq müxbirin öz məhsulu sayılır. O zaman portal da, müxbir də xəbərin müəllifinin qabardılmasında maraqlı olur. Amma etiraf edək ki, gün ərzində mediamızda belə hallar az yaşanır. 50 faizdən yuxarı bütün portalların verdikləri xəbərlər eynidir. Mən onu dəstəkləyirəm ki, mediada müxbirlərin özəl xəbərləri çox olsun və Türkiyə mediasında gördüyümüz kimi filan müxbirin özəl xəbəri başlığı ilə yayımlansın. Bunlar olarsa, jurnalistlər arasında rəqabət də güclənər”.

"Yenilik.az” saytının baş redaktoru Xanlar Xoca isə bildirib ki, kimsə intihar edibsə, onu yazan müxbirin imzası oxucuya heç nə vermir: "Lakin müxbir hadisə yerindən reportaj hazırlayarsa, araşdırma apararsa, ortaya qoyduğu məhsulun altına mütləq imzasını qoymalıdır. Azərbaycan mediasında belə imzalar var və yetərincə tanınırlar. Sadəcə indi araşdırma və reportajlar azdır, daha çox qısa xəbərlər sürətlə yayılır. Oxucu da daha çox informasiya almaq istəyir, uzun yazılara meyl göstərmir. Bu da təbii ki, yeni imzaların, təxəllüslərin ortaya çıxıb tanınmasına imkan vermir. Oxucunu bu gün harada nə baş verdi sualları düşündürür, kim yazdı sualı maraqlandırmır. Ancaq düşünürəm ki, yavaş-yavaş oxucunu araşdırmalara meyilləndirmək lazımdır”.

"Yeni Müsavat” qəzetinin redaktoru Elşad Məmmədli də deyib ki, son illərdə belə hallara çox rast gəlinir: "Saytlarda informasiyaların altında müxbirin imzası qoyulmur. Bu adətən, ümumi şəkildə yayılan xəbərlərə şamil edilir. Yaxud da xəbər müxbirə deyil, redaksiyanın "e-mail”nə gəlir, müxbir də onu götürüb informasiya halına salır və sayta yerləşdirilir. Bu halda müxbirin imzasına ehtiyac yoxdur. Çünki o xəbər məhz redaksiyanındır, müxbirin deyil. Amma bu, kütləvi hal deyil. Əksər saytlarda reportajlarda, məqalələrdə, xüsusi ilə təhlil yazılarında imzalar verilir. Əlbəttə ki, müxbir imzası ilə tanınmalıdır”.

"Birlik.az” saytının baş redaktoru Vüsal Hətəmov da düşünür ki, məhsul öz "yiyəsi” ilə tanınmalıdır: "Bu həm onun gələcək karyerasının inkişafına, həm də jurnalistlər arasında rəqabət mühitinə gətirib çıxarar. Eyni zamanda, reytinq xatirinə işləyən jurnalistlə insan faktorunu əsas götürən müxbir arasında fərqə görə yaranar. Hər halda, gözəl təşəbbüsdür”.

"Azvision.az” saytının baş redaktoru Vüsal Məmmədov isə bunu əsassız fikir adlandırıb: "Heç bir imzasız jurnalistlər mərhələsi yoxdur. Hələ reportaj, təhlil, müsahibə kimi janrlar bir qırağa qalsın, adicə açıqlama alan, tərcümə edən jurnalistlər də öz imzalarını qoyurlar. Belə də olmalıdır, yazı jurnalistin intellektual məhsuludur. Əlbəttə, jurnalist əhəmiyyətsiz saydığı hansısa materiala imzasını qoymaya bilər. Bu da onun hüququdur”.

"Yeni Müsavat” qəzetinin əməkdaşı Kənan Rövşənoğlu deyib ki, jurnalistlər bir çox hallarda "narahat edilməmək” üçün imzasız yazırlar: "Ümumilikdə xəbər və ya müsahibənin imzalı olması lazımdır. Çünki bu həm də jurnalistin özünün qələm sahibi olaraq tanınması deməkdir”.

İsmayıl

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb