Elçin Şıxlı: “Bu sahəyə marağın azalması prosesi çoxdan başlayıb”
Jurnalistika fakültələrinə maraq azalıb
Rəşad Məcid: “Bakı Dövlət Universitetindən başqa digər ali məktəblərdəki fakültələrin ləğv olunması daha məqsədəuyğundur”
Elçin Şıxlı: “Bu sahəyə marağın azalması prosesi çoxdan başlayıb”
Elçin Şıxlı: “Bu sahəyə marağın azalması prosesi çoxdan başlayıb”
Jurnalistikaya cəmiyyətdə marağın olmamağı, bu peşənin sahibi olmaq istəyən abituriyentlərin sayında kəskin azalma, mətbuatla yanaşı, sosial şəbəkələrdə də ciddi müzakirələrə yol açıb. Bir müddət əvvəl ölkədə üç ən prestijli peşədən biri kimi qəbul olunan jurnalistika sahəsinə üz tutanlar bu il ayrılan yerlərin sayından da xeyli az olub. Əvvəllər jurnalistikaya maraq həddindən artıq çox idi. Gənclər bu ixtisasa sahiblənmək üçün əllərindən gələni edirdilər.
Ancaq bu il qəbul imtahanının nəticələrindən bu peşəyə marağın azaldığını açıq şəkildə görmək mümkündür. 2015-2016-cı tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrində "Jurnalistika” ixtisası üzrə 198 plan yeri ayrılmasına baxmayaraq, bu ixtisas üzrə imtahan verənlərin sayı cəmi 163 nəfər təşkil edib. Qabiliyyət imtahanının nəticəsinə görə isə 57 nəfər məqbul qiymət alıb.
Bu, nədən qaynaqlanır? Jurnalistika peşəsinə maraq azalıb, yoxsa başqa səbəblər var?
Qeyd edək ki, bununla bağlı fikirlər fərqlidir. Baş redaktorlar, ekspertlər vəziyyətdən çıxış yolu ilə bağlı fərqli mövqelər sərgiləyiblər.
"525-ci qəzet”in baş redaktoru Rəşad Məcidin sözlərinə görə, əsas olan kəmiyyət yox, keyfiyyətdir: "Kənar sahələri arzulayan abituriyentlərin jurnalistikaya düşməsi bizi hər zaman narahat edirdi və dəfələrlə bu məsələ tərəfimizdən problem olaraq qaldırılıb. Jurnalistika üçün əsas olan keyfiyyətlərdən başlıcası yazmaq qabiliyyətidir. Odur ki, gələcəkdə bu peşəyə yiyələnmək istəyən şagirdlər qabiliyyət imtahanından çəkinməməlidir. Mənə elə gəlir ki, jurnalistika qəbul prosesində qabiliyyət imtahanının keçirilməsi vacib haldır və bu proses heç bir halda abituriyentlərin jurnalistikanı seçməsinə mane olmur: "Ola bilər ki, qabiliyyət imtahanının kriteriyaları bir az sərt olub və 11-ci sinif şagirdindən o səviyyədə yazı tələb etmək düzgün olmasın. Bu mənada kriteriyaları bir az yüngülləşdirmək olar. Amma bütünlükdə qabiliyyət imtahanlarının yenidən aradan qaldırılmasının tərəfdarı deyiləm”.
Jurnalistika fakültələrinin bağlanma təhlükəsi altında qalmasına gəldikdə isə R.Məcid deyib ki, Bakı Dövlət Universitetindən başqa digər ali məktəblərdəki fakültələrin ləğv olunması daha məqsədəuyğundur: "Dillər Universitetində jurnalistika fakültəsinə heç ehtiyac yox idi. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsi bazadır və ölkənin jurnalist tələbatını ödəmək iqtidarındadır” .
Cəmiyyətin jurnalistika sahəsinə münasibətini şərh edən "Ayna” və "Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı isə hesab edir ki, bu peşənin sahibi olmaq istəyənlərin sayının azalması bu günün və ya dünənin hadisəsi deyil. Bu proses uzun illər əvvələ gedib çıxır: "Mən 15 il əvvəl Bakı Dövlət Universitetində jurnalistika ixtisası üzrə dərs deyərkən bu ixtisas üzrə təhsil alan 25 nəfərdən maksimum 3-ü sırf jurnalist olmağı qarşısına məqsəd qoymuşdu. Göründüyü kimi, bu sahəyə marağın azalması prosesi çoxdan başlayıb. Qabiliyyət imtahanı tətbiq ediləndən sonra bu sahəyə yaxın duranların sayı azalıb. Çünki bu üsulla qəbul test üsuluna nisbətən çətin olduğundan, bu ixtisası sırf jurnalist kimi çalışmaq istəyənlər, bu peşəyə yiyələnməyi arzu edənlər seçir”. E.Şıxlının sözlərinə görə, ixtisas seçimində 1000 nəfər jurnalistika fakültəsini yazıb, əslində isə onların cəmi 10-u bu peşəyə yiyələnmək istəyəcəksə, ondan da 198 qəbul planı üzrə 100 nəfərin sırf bu ixtisası seçməsi daha məqbuldur: "Beləliklə, heç olmasa, 20 nəfər peşəkar jurnalist yetişər”. Elçin Şıxlı yaranmış vəziyyəti həm də ölkədə jurnalistikanın nüfuzdan düşməsilə əlaqələndirir: "Xalq jurnalistikası” deyilən anlayış var ki, bu da peşəkar jurnalistikaya ən böyük zərbədir. İnsanlar elə düşünür ki, onlar hər zaman jurnalist kimi çıxış edə bilər, xüsusən də sosial şəbəkələrdə. Bu gün demək olar ki, hər kəs sosial şəbəkələrdədir. Problem ondadır ki, kimsə orada hər hansı bir xəbəri paylaşan kimi özünü jurnalist hesab edir”.
Baş redaktor hesab edir ki, jurnalistika bir həyat tərzidir: "Əgər jurnalist həyat prinsiplərini ədalət anlayışı üzərində qurursa, qanunların işləməyini istəyirsə, ədalətsizliyə qarşı dözümsüzdürsə və haqsızlığı açıq formada ictimaiyyətə çatdırırsa, deməli, o, peşəsinə qəlbən bağlıdır. Yox, əgər özünü jurnalist sayan kəs sadalanan xüsusiyyətləri özündə görmürsə, bu peşə ilə sırf iş xatirinə məşğuldursa, iş saatı bitdikdən sonra artıq peşə fəaliyyətinin bitdiyini hesab edirsə, deməli, o, bu sahəyə qəlbən bağlı deyil. Əsl jurnalist günün 24 saatı da jurnalistdir”. Onun fikrincə, Azərbaycanda bu peşə sahiblərinin əməyinə uyğun əməkhaqqı ala bilməməsi də marağın azalmasına səbəb olan amillərdəndir: "Bu peşə sahibləri çəkdikləri əziyyətin müqabilində danlaq, təzyiq və ya az əməkhaqqı gördüyündə təbii ki, peşəsindən imtina etməli olacaq”.
"Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli ötən il və bu il keçirilən qabiliyyət imtahanlarında yerlərin tutulmadığını diqqətə çatdıraraq prosesə az sayda insanın qatıldığını bildirib: "Mənə elə gəlir ki, TQDK öz standartlarına yenidən baxmalıdır. Çünki orta məktəb şagirdi qarşısına qoyulan tələblər az qala magistraturanı bitirənlərin qarşısına qoyulan tələblərlə eynidir. İmtahanlarda ekspert kimi iştirak etdiyimdən problemlərə kökündən bələdəm. Həmin nöqteyi-nəzərdən də narahatlığı başa düşmək olar. Çünki jurnalistika fakültəsinə gələnlərin sayı azalır”.
Onun sözlərinə görə, bu, müəllimlər üçün, eyni zamanda gələcəkdə jurnalistlərin yetişdirilməsi baxımından problem yaradır: "Amma nəzərə almaq lazımdır ki, qabiliyyət imtahanlarının tətbiq olunması üçün Mətbuat Şurasının iştirakı ilə uzun müddət müzakirələr aparılıb. Mütəxəssislərin rəyləri dinlənilib. Prosesdə BDU-nun və digər universitetlərin jurnalistika fakültəsinin müəllimləri iştirak ediblər. Onlar qabiliyyət imtahanının tətbiq edilməsinə müsbət yanaşdıqlarını bildiriblər. İki il ərzində bu məsələdə problem yaranıb deyə geri çəkilmək məğlubiyyətin etirafı deməkdir”.
E.Mirzəbəylinin fikrincə, jurnalistika yaradıcılığın bir növü olduğundan yaradıcı insanların qabiliyyəti mütləq yoxlanılmalıdır: "Yox əgər biz "copy paste” jurnalistikasını arzulayırıqsa, istedada ehtiyac görmürüksə, təbii ki, onda qabiliyyət imtahanına ehtiyac qalmayacaq. Düşünürəm ki, qabiliyyət imtahanına ehtiyac var və proses davam etdirilməlidir”.
"Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev isə tamamilə fərqli mövqe bildirib: "Təhsil sistemində və jurnalistikada dəyişiklik baş verməyincə, bu sahədə heç bir yenilik olmayacaq. İstəyirlər qabiliyyət imtahanlarını ləğv etsinlər, yaxud 3 qabiliyyət imtahanı tətbiq etsinlər, bu sahədə heç nə dəyişməyəcək. İnsanlar jurnalistikaya gəlmək istəmirlər. Bir çoxları həmin peşəni seçmək istəmir. Çünki hansı problemlərin yarandığını insanlar görürlər. Həmin səbəbdən də qabiliyyət imtahanının ləğvinin dəyişikliyə səbəb olacağını düşünmürəm”.
Jurnalistika sahəsinə marağın çoxdan - hələ 90-cı illərdən etibarən azalmaqda olduğunu vurğulayan ekspert deyib ki, istənilən peşə sahibi fəaliyyəti zamanı özünü təsdiq etməklə yanaşı, həm də maddi qazanc əldə etmək istəyir. Amma bu gün jurnalistikada nə bilavasitə təsdiq imkanları var, nə də maddiyyat məsələsi istənilən səviyyədədir: "Bu baxımdan, təhsilli gənclər seçimlərini edərkən bu amilləri nəzərə alırlar. Bu sahədə artıq peşə romantikası da əvvəlki səviyyədə deyil. Eyni zamanda, bu peşə sahiblərinin sərgilədikləri işlə hər hansı böyük uğura yetişdiyini də görmək olmur. Göstərdikləri vicdanlı fəaliyyət onları daha çox üzü həbsxanaya tərəf istiqamətləndirir. Belə hallar insanların düşüncələrinə sirayət edir. Təkcə gənclərin deyil, eyni zamanda, cəmiyyətin də jurnalistikaya münasibətinə mənfi təsir göstərir”.
"Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyevin müşahidələrinə görə, jurnalistikaya maraq stabil olaraq qalıb: nə artıb, nə də azalıb.
Baş redaktorun sözlərinə görə, jurnalistika fakültəsinə 57 tələbənin qəbul olmasında təhsilin keyfiyyəti və qabiliyyət imtahanının tətbiqi məsələnin alt tərəfidir: "Ola bilər ki, kimsə, Azərbaycanda jurnalist təhsilinin zəif olduğunu düşünərək, kimsə də qabiliyyət imtahanlarının tətbiqi nəticəsində qəbul prosesinin çətinliyi və mürəkkəbliyini nəzərə alaraq öz sənədlərini jurnalistika fakültəsinə vermir. Sözsüz ki, belə hallar var. Amma bir daha təkrar edirəm ki, gənclərin jurnalistikaya gəlməməsinin təhsillə bağlı səbəbləri çox zəifdir. Məsələnin əsas yükü onun praktik tərəfləri ilə yəni, jurnalist ixtisasını seçən məzunların iş problemi ilə bağlıdır. Hesab edirəm ki, jurnalistika məzunları sadəcə qəzet və televiziyalarda işlə təmin olunmamalıdır. Dövlət jurnalist təhsili alan gənclərin müxtəlif dövlət orqanlarına işə götürülməsi, hətta bəzi hallarda təyinatla göndərilməsində maraqlı olmalıdır. Jurnalist təhsili öz polifonikliyi və dünya görüşünün genişliyi ilə hüquqşünas təhsilindən heç də geridə qalmır. Jurnalistikanı bitirən gənclərin dövlət orqanlarında ən müxtəlif işlərə cəlb olunması qarşıda duran mühüm istiqamətlərdən biri kimi nəzərdən keçirilə bilər. Hesab edirəm ki, sadaladığımız bu məsələlər öz həllini tapsa, jurnalistikaya çox böyük maraq yaranar və jurnalistika fakültəsinə qəbul olan abituriyentlərin sayı artar”.
Şəymən
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb